Türk dillərində areal toponimlərin xüsusiyyətləri araşdırılıb

30.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda institutun direktoru professor Nadir Məmmədli areal toponimlərin müqayisəli tədqiqinin elmi əhəmiyyətindən danışıb. O bildirib ki, coğrafi adlar dilin qədim leksik qatını təşkil etməklə yanaşı, tarixi etnik, miqrasiya və məskunlaşma proseslərinin izlərini özündə əks etdirir, xalqın tarixi yaddaşının qorunmasında mühüm rol oynayır.

Professor Sayalı Sadıqova türk dillərində areal toponimlərin öyrənilməsinin nəzəri və praktiki əhəmiyyətinə toxunub. Qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar ortaq leksik və etnomədəni irsin müəyyənləşdirilməsi, qədim məskunlaşma areallarının araşdırılması, eləcə də türk xalqları arasında tarixi əlaqələrin dil materialları əsasında izlənilməsi baxımından əhəmiyyətlidir.

Məruzə ilə çıxış edən institutun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov türk dillərində areal toponimlərin səciyyəvi xüsusiyyətləri, müxtəlif coğrafi məkanlarda yayılması və paralel variantları barədə məlumat verib. Tədqiqatçı Tatar, Quşçular, Padar və Qaraqoyunlu toponimlərinin paralel formalarını təqdim edərək onların müxtəlif türk arealları üzrə müqayisəli öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Bildirilib ki, müxtəlif coğrafi ərazilərdə qeydə alınan toponimik paralellər tarixi yayılma areallarının, etnik-mədəni əlaqələrin və dil xüsusiyyətlərinin araşdırılması üçün mühüm materialdır. Bununla yanaşı, coğrafi adların zahiri və fonetik oxşarlığının onların eyni mənşəyə malik olduğunu təsdiqləmədiyi vurğulanıb. Belə toponimlərin etimologiyasının müəyyənləşdirilməsi üçün tarixi yazılış formalarının, fonetik dəyişmələrin, struktur xüsusiyyətlərinin və tarixi-coğrafi kontekstin kompleks təhlilinin vacibliyi qeyd olunub.

Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью