Türk dillərinin elmi üslubuna dair monoqrafiya çapdan çıxıb

07.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 may, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribovanın “XIII-XVI əsrlər türk dillərində elmi üslub” adlı monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada XIII-XVI əsrlərdə türk dillərində elmi üslubun formalaşma tarixi, inkişafı, zəngin dil xüsusiyyətləri, söz yaradıcılığı prosesinin spesifik cəhətləri müqayisəli şəkildə dövrün elmi əsərləri əsasında kompleks şəkildə tədqiq olunub.

Əsərdə sübut edilir ki, artıq XIII-XIV əsrlərdən türk dillərində elmi üslub funksionallıq qazanıb. Monoqrafiyada türk dillərinin funksional imkanlarına yeni bir baxış təqdim edilib, elmi üsluba aid orta əsr qaynaqları monoqrafik şəkildə tədqiq olunub. Əsərdə ilk dəfə olaraq tibbə və əczaçılığa, dilçiliyə və tarixə, eləcə də digər elm sahələrinə aid əsərlər sırf elmi üslub nümunələri kimi geniş və sistemli şəkildə araşdırılır və türkologiya üçün bir sıra mühüm və əhəmiyyətli nəticələr ortaya qoyulur.

Tədqiqatdan türkoloqlar, doktorantlar, tələbə və müəllimlər faydalana bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью