Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər sosial mediada #Azərbaycan əleyhinə çox qəribə tendensiya baş qaldırıb. Xarici ölkələrdə olan bəzi Zurnalistlər İran ətrafında situasiyanın gərginləşməsindən istifadə edərək, Azərbaycan əleyhinə konspirologiya əsaslı ittihamlar səsləndirirlər. Aydın məsələdir ki, bu iddialara Azərbaycan sosial media istifadəçiləri reaksiya verir və bir müddətdən sonra müzakirə mübahisəyə, milli kimlik səviyyəsində təhqirlərə keçir.
Bu gün Azərbaycan əleyhinə paylaşım edən və bu paylaşımları bəyənənlərin profillərinə baxdım. Çox təəssüf ki, əksəriyyəti #Tacikistan və #Qırğızıstan sosial media istifadəçiləridir. Maraqlı məqam ondan ibarətdir ki, yazan və "like" edənlərin böyük əksəriyyəti hal-hazırda şimalda miqrant həyatı yaşayırlar.
Bu da onu göstərir ki, Türk Dövlətləri Təşkilatı ideyasını zədələmək və bu ideyanın cəmiyyətlər tərəfindən qəbul edilmədiyini göstərmək üçün bəzi dairələr və xüsusi xidmətlər elə türk xalqlarından istifadə edilir. Ona görə də dünyada gedən bu gərgin proseslər fonunda #TDT daha praktik addımlar atmalı və istehlakçı səviyyəsində TDT ideyasının möhkəmləndirilməsinə çalışmalıdır. Cəmiyyət ideya ətrafında sıx birləşəndə böyük işlər görmək və böyük iddialarla çıxış etmək mümkün olur.
Bu arada son müşahidəmə əsasən deməliyəm ki, biz Qərb istiqamətində ciddi təbliğat və #PR aparanda, Mərkəzi Asiyanı unuduruq. Bu gün Azərbaycan mediasında demək olar ki, #Mərkəzi #Asiya ilə bağlı xəbərlər çox məhduddur, eynilə Mərkəzi Asiya mediası və sosial mühiti ilə də işimiz zəifdir.
Amerika da Qafqazdan çox-çox uzaqdadır, ancaq müstəqilliyin ilk illərində Bakının mərkəzində #McDonald's-ın açılmasına dəstək göstərmişdir və bu onların yumşaq güc aləti kimi insanlara amerikan həyat tərzinin təbliği baxımından lazım idi. Ona görə TDT ideyasının geniş kütlələr tərəfindən qəbul edilməsi üçün ən aşağı səviyyədən başlayaraq yumşaq güc alətləri ilə insanlara hopdurulması lazımdır.
Aqil Məmmədov