Türk dövlətlərinin zəka əməkdaşlığı

17.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Analitik mərkəzlər dostluq və qardaşlığın möhkəmlənməsi yollarını araşdırır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİ TKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilib.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi transformasiyalar fonunda Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Konfransın açılış mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı təqdimatla çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın Orta Dəhliz Davamlılıq İndeksində göstəricisi 1 üzərindən təxminən 0,5 təşkil edir: “Bu göstərici bir tərəfdən davamlılıq üçün yaxşı bazanın olduğunu, digər tərəfdən isə regional infrastrukturu genişləndirmək, təkmilləşdirmək və Orta Dəhlizi rəqəmsallaşdırmaq üçün böyük imkanların mövcudluğunu göstərir”.

O qeyd edib ki, TDT regionunun qlobal ÜDM-də payı təxminən 2 faiz, qlobal yığımlardakı payı 2,3 faiz olduğu halda, qlobal bank aktivlərindəki payı cəmi 0,8 faiz təşkil edir. Təqdimat zamanı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadi potensialı və əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.

Sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxışı zamanı bildirib ki, təşkilat regional əməkdaşlıq üçün fəal platformaya çevrilib. Onun sözlərinə görə, türk dövlətlərinin qarşısında duran əsas məqsəd ortaq coğrafiyanı, mədəni və tarixi əlaqələri, insan kapitalını və iqtisadi potensialı praktiki və davamlı inkişafa çevirməkdir.

Baş katib qeyd edib ki, son illərdə TDT xarici siyasət və ticarətdən energetika, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və kosmik tədqiqatlara qədər müxtəlif sahələri əhatə edən 63 əməkdaşlıq mexanizmini inkişaf etdirib. TDT-yə üzv və müşahidəçi dövlətlərin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını, ümumi ticarət dövriyyəsi isə təxminən 1,27 trilyon dolları ötüb. Bu ölkələrin ümumi əhalisi 180 milyondan çoxdur.

Baş katib vurğulayıb ki, məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil. Ticarətin daha sürətli, proqnozlaşdırılan, rəqəmsal və şaxələndirilmiş olması, həmçinin regionda biznes və icmalar üçün daha əlçatan imkanlar yaratması vacibdir.

M.Ömüralıyev Orta Dəhlizin türk dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün ən mühüm vasitələrdən birinə çevrildiyini bildirib: “Bu, sadəcə nəqliyyat marşrutu deyil. Bu, türk regionundan keçən ticarət, sərmayə və digər iqtisadi imkanlar üçün yeni fürsətlər yaradır. Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturdan asılı deyil. Limanlar, dəmir yolları, avtomobil yolları və logistika mərkəzləri səmərəli sərhəd prosedurları, tənzimlənən tariflər və etibarlı rəqəmsal xidmətlərlə dəstəklənməlidir”.

Qeyd edək ki, konfransda Milli Məclisin sədr müavini Musa Qasımlı, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu da çıxış ediblər.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr Kürşat Zorlu nitqində bilirib ki, Türk dünyası ölkələri arasında ticarəti qısa müddətdə 10 faizdən yuxarı artırmalıyıq Türk dünyasının iqtisadi inteqrasiyasının gücləndirilməsi və ölkələr arasında ticarət dövriyyəsinin artırılması strateji prioritetlərdən biri olmalıdır.

K.Zorlu bildirib ki, hazırda dünya qlobal böhranlar, geosiyasi risklər və artan qeyri-sabitliklə üz-üzədir. Onun sözlərinə görə, belə bir şəraitdə ölkələr kənd təsərrüfatında özünütəminatı gücləndirməli, ərzaq təhlükəsizliyini prioritetə çevirməli, etibarlı logistika imkanları yaratmalı və özlərinə məxsus dəhlizlərin qlobal nəqliyyat sistemində mövqeyini gücləndirməlidirlər. O qeyd edib ki, bir neçə il əvvəl bu göstərici təxminən 3 faiz təşkil edirdi və artım müsbət nəticədir. Bununla belə, türkiyəli rəsmi Türk dünyasının mövcud iqtisadi potensialını nəzərə alaraq, bu göstəricinin qısa müddətdə 10 faizdən yuxarı çatdırılmasının vacibliyini deyib.

Qeyd edək ki, konfransda “Regional inteqrasiya və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində Orta Dəhlizin rolu”, “TDT-yə üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: mövcud trendlər və istifadə olunmamış imkanlar” və “Dayanıqlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzularında üç panel təşkil olunub. Panel sessiyalarında 10-yaxın ölkədən 30-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış ediblər.

N.ABDALOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью