Türk dünyası, İslam aləmi və Qafqaz Prezidentin mesajları

18.09.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Dövlət başçısı geniş nümayəndə heyəti ilə görüş zamanı bir sıra aktual məsələlərə diqqət çəkib, önəmli mesajlar verib. O bildirib ki, Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bütün Azərbaycan xalqı üçün və İslam aləmi üçün çox böyük dəyərdir.

Prezidentin vacib mesajlarından biri Azərbaycanın həm türk dünyasının parçası olması, həm də Qafqaz ölkəsi olması fonunda türk dünyası ilə Qafqaz arasında əlaqələndirici mərkəzə çevrilməsi ilə bağlı idi. Dövlət başçısı bildirib ki, ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür: "Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir".

Azərbaycan lideri Ermənistanın 30 il davam edən işğal siyasəti, bunun fəsadları, Xocalı soyqırımı, 65 məscidimizin Ermənistan dövləti tərəfindən tam dağıdılması mövzusuna da toxunub. Prezident bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilib, xalqımıza qarşı etnik təmizləmə aparılıb. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınıb. Azərbaycan xalqı bu ədalətsizliyə son qoyaraq dünyada bir presedent yaratdı: "Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi. Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir".

Dövlət başçısı söyləyib ki, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq: "Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək".

Azərbaycana qarşı 30 il davam edən işğal siyasətinə, törədilən hərbi cinayətlərə, soyqırıma beynəlxalq qurumlar, o cümlədn BMT, ATƏT səssiz qaldı. Avropa Şurası, Avropa Parlamenti işğalçı Ermənistanı dəstəklədi. Azərbaycan isə 2023-cü ilin sentyabrında öz torpaqlarında separatizmə son qoyduqdan, Qarabağı tam azad etdikdən Avropa Şurası tərəfindən sanksiyalara məruz qaldı. Bu, bir daha bu qurumların gerçək mahiyyətini aşkara çıxarır. Dövlət başçısı bu məqama toxunaraq, həmin təşkilatların əsl simasının bundan ibarət olduğunu vurğulayıb: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır.

Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs "Qurani-Kərim"ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır".

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə şərhində deyib ki, Azərbaycan həm türk dünyasının, həm də Qafqazın ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin dini liderlərlə görüşdəki çıxışında bu reallığın xüsusi vurğulanması təsadüfi deyil. O əlavə edib ki, Azərbaycan tarixən Şərqlə Qərbin, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olmaqla yanaşı, türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasında mühüm rol oynayır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi təkcə üzv dövlətlər üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradır: "Azərbaycanın türk dünyası ilə əlaqələri yalnız tarixi və etnik bağlarla məhdudlaşmır. Bu əlaqələr bu gün konkret siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni layihələrlə daha da möhkəmlənir. Eyni zamanda, Azərbaycan Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasında maraqlı olan əsas dövlətlərdən biridir. Türk dünyasının güclənməsi ilə Qafqazda davamlı sülh və əməkdaşlıq arasında da mühüm qarşılıqlı əlaqə mövcuddur. Qarabağ məsələsi isə Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. 30 il davam edən işğal nəticəsində şəhərlərimiz və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə, məscidlərimizə və qəbiristanlıqlarımıza ciddi ziyan vuruldu. Biz bu hadisələri unutmamalıyıq. Eyni zamanda, Qarabağın azad edilməsi Azərbaycan xalqının öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi baxımından mühüm nəticədir".

Deputat söyləyib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesi artıq yeni mərhələnin başlanğıcıdır: "İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun yaradılması, insanların öz doğma yurdlarına qayıtması Azərbaycanın qarşısında duran əsas prioritetlərdəndir. Qarabağın dirçəlişi həm də uzun illər ərzində pozulmuş həyatın bərpasıdır. Azərbaycan bu gün sülh gündəliyini dəstəkləyir və regionda davamlı sülhün təmin olunmasında maraqlıdır. Lakin sülh gələcək naminə qurulsa da, keçmişdə baş vermiş hadisələrin unudulması demək deyil. Tarixi yaddaş qorunmalı, baş vermiş faciələr gələcək nəsillərə çatdırılmalıdır ki, regionda bir daha müharibə və işğal kimi faciələr təkrarlanmasın".

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə "525"ə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv olan və digər dost ölkələrin ali dini liderlərini qəbul edərkən bir çox önəmli məsələlərə toxundu, Qərbin Azərbaycana olan münasibətini bir daha dini ayrı-seçkilik və İslamofobiya kontekstində diqqətə çatdırmış oldu.

Deputat bildirib ki, Prezident Qərbdən Azərbaycana qarşı aparılan antiazərbaycan kampaniyasının islamofob dünyagörüşündən də böyük olduğunu dilə gətirdi: "Məncə, bu, tamamilə doğrudur. Çünki Qərbin Azərbaycana baxışında həm Qərb imperializminin istismarçı mövqeyi var, həm bizi mədəniyyət etibarilə əks sivilzasiyadan görmək düşüncəsi var, həm də dini mədəniyyət etibarilə islam dininə mənsub olduğumuza olan münasibət var. Çünki həm mədəni, həm dini kontekstdə Qərbə aid olmayan müstəqil mədəniyyət yaratmış xalqın bu gün vahid gücə çevrilməsi, bu azmış kimi, həm də müsəlman Şərqində, müsəlman coğrafiyasında yeni təşəbbüs və ideyalarla çıxış edərək müsəlman ölkələrinin birliyi üçün addımlar atması, əlbəttə ki, Qərb dairələrini ciddi narahat edir. Ona görə də bu, həm də nəticə etibarilə Qərbin yaratdığı müxtəlif strukturların, rüşvətxor Avropa Parlamentinin və insan hüquqlarından xəbəri olmayan Avropa Şurasının mövqeyidir. Çünki onlar heç bir halda Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm etmək istəmirlər və bu gün də mümkün qədər Ermənistanı gücləndirməyə çalışırlar".

Onun fikrincə, 2023-cü ildə suverenliyimizi tam bərpa etməyimiz ermənipərəst mərkəzlərin, Qərb imperializminin əsla və əsla həzm edə bilməyəcəyi bir hadisəsdir: "Məhz Azərbaycana qarşı təşkil edilən informasiya müharibəsi, siyasi şantaj məsələləri də Azərbaycanın güclənməsi, öz ətrafında yeni müttəfiqlər yaradaraq daha güclü olmaq məqsədləri ilə əlaqədardır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью