Türk dünyası tarixinə və gələcəyinə böyük xidmət

27.10.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Qazaxıstanda ikicildlik “Türküstan” ensiklopediyasının təqdimatı keçirildi

Astanadakı Qazaxıstan Milli Akademik Kitabxanasında Türk dünyasının çoxəsrlik tarixinə və mədəni irsinə həsr olunmuş ikicildlik “Türküstan” ensiklopediyasının təqdimatı keçirilib.

Tədbir Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunub.

Təqdimat mərasimində “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da iştirak edib.

Məlumat verilib ki, 880 səhifəlik bu fundamental elmi nəşrdə Türküstan təkcə Qazaxıstanın müasir şəhəri və bölgəsi kimi deyil, həm də türk sivilizasiyasının ən vacib tarixi və mənəvi mərkəzlərindən biri kimi təqdim olunur.

Ensiklopediya üzərində iş 2021-ci ildən 2025-ci ilə qədər aparılıb. Onun hazırlanmasında 300-dən çox alim və tədqiqatçı iştirak edib, 4000-dən artıq ad, məfhum öyrənilib və təhlil edilib.

Layihənin direktoru və baş redaktoru tanınmış türkoloq və akademik Darxan Kıdırali, baş redaktoru isə ədəbiyyatşünas Turdıkul Şanbaydır.

Ensiklopediyada türk xalqlarının tarixi, arxeologiyası, memarlığı, etnoqrafiyası, ədəbiyyatı və mənəvi irsi haqqında materiallar təqdim olunur. Nəşr tarixi xəritələr, fotoşəkillər və illüstrasiyalarla zəngindir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilatın Türküstanın İslam dünyasının mədəniyyət paytaxtı elan ediləcəyi 2027-ci il üçün mədəni və elmi layihələr hazırladığını deyib. O, həmçinin 1926-cı ildə Bakıda keçirilən ilk Türkoloji Qurultayın 100 illiyini xatırladaraq vurğulayıb ki, türk xalqlarının ortaq tarixinin və mədəni irsinin qorunması vacib missiyadır.

Ensiklopediyanın baş redaktoru, ədəbiyyatşünas alim və filologiya üzrə fəlsəfə doktoru Turdıkul Şanbay layihənin əsas məqsədlərindən birinin nəşri qazax dilindən digər türk dillərinə çevirmək və onu bütün Türk dünyası oxucuları üçün əlçatan etmək olduğunu vurğulayıb.

Azərbaycandan - “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal çıxışında bildirib ki, Azərbaycan, Qazaxıstan və digər türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi fonunda ortaq tarix, mədəniyyət, ədəbiyyat və coğrafiyanın öyrənilməsi xüsusilə vacibdir. O, həmçinin akademik Darxan Kıdıralinin türk ölkələri arasında elmi əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.

Читать полностью