Türk dünyası üçün strateji yaxınlaşma

21.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan və Özbəkistan arasında son illər sürətlə inkişaf edən müttəfiqlik münasibətləri siyasi, iqtisadi və humanitar sahələrdə strateji tərəfdaşlığın mühüm nümunəsinə çevrilib.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi fonunda iki qardaş ölkə arasında əlaqələrin əhəmiyyəti yenidən diqqət mərkəzinə gəlib.

Bu barədə "Cebheinfo.az"-a açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:

"Bu əlaqələrin əsasını qarşılıqlı etimad, ortaq tarix, milli-mənəvi dəyərlər və türk dünyasına bağlılıq təşkil edir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə arasında digər sahələrdə də əməkdaşlığın genişlənməsinə mühüm zəmin yaradır". 

Deputat qeyd edib ki, iqtisadi-ticari əlaqələr, nəqliyyat və logistika, energetika, sənaye və investisiya sahələrində birgə layihələrin artırılması hər iki ölkə üçün yeni imkanlar açır:

"Xüsusilə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizindəki mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi potensialının uzlaşdırılması böyük perspektivl( vəd edir. Bu əməkdaşlıq qarşılıqlı ticarətin və investisiyaların artmasına, həmçinin Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir". 

Arzuxan Əlizadə vurğulayıb ki, eyni zamanda Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyəti yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır:

"İki ölkənin fəal əməkdaşlığı Türk Dövlətləri Təşkilatının, bütövlükdə Türk dünyasının siyasi və iqtisadi gücünün artmasına mühüm töhfə verir. Hesab edirəm ki, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan bu tərəfdaşlıq gələcəkdə daha da dərinləşərək həm Azərbaycan, həm Özbəkistan, həm də region üçün mühüm strateji imkanlar yaradacaq".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью