Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
TDT-nin formalaşmasında yeni strateji mərhələ başlanıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla birgə verdiyi mesajlar Türk dünyasının institusional və ideoloji konsolidasiyası baxımından yeni mərhələyə keçidini təsdiqlədi. Səfər həm ikitərəfli münasibətlərin dərinləşməsi, həm də TDT-nin kollektiv siyasi subyektə çevrilməsi kontekstində strateji əhəmiyyət daşıyır. Mirziyoyevin Türkiyəni “dünyanın yeni geosiyasi güc mərkəzlərindən biri” kimi xarakterizə etməsi Ankara mərkəzli Türk dünyası geosiyasi arxitekturasının legitimləşdirilməsi kimi oxunmalıdır.
Türkiyə–Özbəkistan münasibətlərinin son 10 ildə keçdiyi transformasiya trayektoriyası postsovet məkanında nadir müşahidə olunan strateji ardıcıllıq nümunəsidir. Əgər ilkin mərhələdə bu münasibətlər daha çox tarixi-mədəni yaxınlıq və “qardaş xalqlar” narrativi üzərində qurulurdusa, hazırkı mərhələdə proses rasional maraqlar, uzunmüddətli planlaşdırma və institusional çərçivə ilə tənzimlənən strateji ox modelinə doğru təkamül edib.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası məhz bu keyfiyyət dəyişikliyinin institusional ifadəsi kimi çıxış edir. Şura Türkiyə və Özbəkistanın xarici siyasət prioritetlərini sinxronlaşdırdığı, regional və qlobal proseslərə münasibətdə mövqelərini koordinə etdiyi real siyasi mexanizmə çevrilib. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, tərəflər münasibətləri davamlı və proqnozlaşdırıla bilən əməkdaşlıq məntiqi üzərində qurmağa çalışırlar. İmzalanan sazişlərin məzmunu bu yanaşmanın praktik təsdiqidir. Enerji, nəqliyyat dəhlizləri, mədənçilik, təhsil və azad iqtisadi zonalar kimi sahələr həm Türkiyənin regional logistika və sənaye ambisiyalarına, həm də Özbəkistanın iqtisadi diversifikasiya və beynəlxalq inteqrasiya hədəflərinə birbaşa xidmət edir. Xüsusilə nəqliyyat dəhlizləri və iqtisadi zonalar üzrə əməkdaşlıq tərəflər arasında ticarət əlaqələrini artırmaqdan daha geniş məna daşıyır. Bu istiqamət Türkiyə–Özbəkistan münasibətlərini qarşılıqlı asılılıq üzərində qurulan struktur münasibətlər səviyyəsinə qaldırır və tərəfləri bir-birinin uzunmüddətli sabitliyində maraqlı aktorlara çevirir.
Bu mərhələdə diqqət çəkən əsas politoloji məqam ondan ibarətdir ki, tərəflər münasibətləri iqtisadi rasionalizm, institusional mexanizmlər və sektorlararası əməkdaşlıq vasitəsilə bu yaxınlığı real siyasi kapitala çevrilirlər. Belə bir yanaşma Türk dünyası kontekstində mühüm presedent yaradır, çünki o, siyasi həmrəyliyin yalnız ortaq tarix və mədəni yaddaş üzərində deyil, maddi maraqların uzlaşdırılması və inkişaf gündəliyinə dayanıqlı formalaşa biləcəyini göstərir.
Türkiyə–Özbəkistan oxu bu baxımdan TDT üçün konseptual laboratoriya funksiyasını yerinə yetirir. Burada sınaqdan keçirilən model sübut edir ki, türk dövlətləri arasında birlik ideyası yalnız simvolik identitet çərçivəsində qaldıqda zəif olur, lakin iqtisadi inteqrasiya və institusional qarşılıqlı asılılıqla möhkəmləndikdə real siyasi gücə çevrilə bilir. Məhz bu səbəbdən Ankara–Daşkənd xətti, eyni zamanda, Türk Dövlətləri Təşkilatının gələcək inkişaf trayektoriyası üçün strateji yol xəritəsi kimi qiymətləndirilə bilər.
Səfərin TDT kontekstində əsas politoloji əhəmiyyəti onun təşkilatın indiyədək daha çox potensial səviyyəsində mövcud olan monolitlik ideyasını real siyasi davranış müstəvisinə keçirməsidir. Türk Dövlətləri Təşkilatı uzun müddət ortaq tarixi yaddaş, mədəni yaxınlıq və dil birliyi üzərində formalaşan yumşaq identitet platforması kimi fəaliyyət göstərib. Ankara görüşü isə göstərdi ki, bu identitet tədricən konkret strateji mexanizmlər vasitəsilə institusional məzmun qazanır. Ərdoğan və Mirziyoyevin ritorikasında ön plana çıxan “birlikdə hərəkət”, “ortaq strateji mexanizmlər” və “dil, fikir və əməl birliyi” anlayışları rasional təhlükəsizlik və diplomatik koordinasiya məntiqinə əsaslanır. Dövlət başçılarının bu yanaşması onu göstərir ki, Türk dünyasında siyasi həmrəylik ortaq risk qavrayışı və ortaq maraqların müdafiəsi üzərində qurulmağa başlayır. Qlobal sistemin qeyri-sabitləşdiyi, regional münaqişə ocaqlarının genişləndiyi bir şəraitdə bu, TDT üçün keyfiyyətcə yeni mərhələ deməkdir.
Xüsusilə təhlükəsizlik və xarici siyasət sahəsində koordinasiyanı hədəfləyən mexanizmlərin önə çıxması təşkilatın transformasiya istiqamətini aydın göstərir. Xarici işlər, daxili işlər və müdafiə nazirləri ilə yanaşı, kəşfiyyat qurumlarının da prosesə cəlb edilməsi TDT məkanında təhlükəsizliyin kollektiv məsuliyyət kimi dərk edildiyini göstərir. Mövcud beynəlxalq sistemin əsas xarakterik xüsusiyyəti onun getdikcə daha çox fraqmentasiyaya uğramasıdır. Qərb mərkəzli liberal nizamın normativ və institusional dayaqları zəiflədikcə, qlobal siyasət vahid mərkəzdən idarə olunan struktura deyil, paralel və bəzən rəqabətli regional güc mərkəzlərinə söykənən çoxqütblü mühitə transformasiya olunur. Məhz bu kontekstdə Türk dünyasının geosiyasi mövqelənməsi keyfiyyətcə dəyişir. Uzun müddət beynəlxalq sistemin kənarlarında, böyük güclər arasında balans siyasəti aparan neytral periferiyanın tərkib hissəsi kimi çıxış edən türk dövlətləri tədricən daha fəal və subyektiv davranış modelinə keçid edirlər.
Ankara görüşü bu transformasiyanın praktik göstəricisi kimi dəyərləndirilə bilər. Səfər açıq şəkildə nümayiş etdirdi ki, Türk dünyası regional proseslərin formalaşmasına təsir göstərmək iddiasında olan siyasi aktordur. Bu prosesdə Türkiyə və Özbəkistanın funksional rolları aydın şəkildə ayrılır və bir-birini tamamlayır. Türkiyə, hərbi-siyasi təcrübəsi, diplomatik şəbəkəsi və regional təşəbbüsləri ilə Türk dünyasında strateji yönverici mərkəz rolunu üzərinə götürür.
Özbəkistan isə Mərkəzi Asiyada inteqrasiya proseslərinin lokomotivi kimi çıxış edir. Mirziyoyev dövründə Daşkəndin daha açıq, praqmatik və regional əməkdaşlığa yönəlik siyasət yürütməsi ölkəni tregiondaxili əlaqələndirici aktora çevirib. Məhz bu kontekstdə Türkiyə–Özbəkistan tandeminin formalaşması Türk dünyasında mərkəz-periferiya dilemmasını yumşaldır və şaquli deyil, daha çox şəbəkə tipli regional əməkdaşlıq modelinin yaranmasına şərait yaradır. Mirziyoyevin Fələstin məsələsində prinsipial çıxışı və sosial fond yaratmaq təşəbbüsü TDT-nin beynəlxalq münasibətlərdə dəyər yönümlü mövqe sərgiləyə bilən platforma potensialına malik olduğunu göstərir.
Humanitar diplomatiya uzun müddət beynəlxalq münasibətlərdə ikinci, daha çox simvolik və imic yönümlü fəaliyyət sahəsi kimi qəbul olunub. Lakin son illərdə qlobal böhranların artması, humanitar fəlakətlərin geosiyasi nəticələr doğurması bu sahəni real siyasətin mühüm alətlərindən birinə çevirib. 2023-cü il zəlzələsi zamanı Özbəkistanın Türkiyəyə verdiyi dəstək və Hatayda yaşayış massivlərinin inşası məhz bu transformasiyanın Türk dünyası kontekstində aydın nümunələrindən biri kimi çıxış edir. Özbəkistanın humanitar dəstəyi TDT məkanında etimadın dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Son olaraq qeyd edək ki, Ankara görüşünün yekun siyasi mesajı daha geniş və sistemlidir. Görüş bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq koordinə edilmiş siyasi iradə, iqtisadi qarşılıqlı asılılıq və normativ mövqelər üzərində formalaşan regional aktora çevrilir.
Bu prosesdə Türkiyə–Özbəkistan oxu dayaqlayıcı rol oynayır. Ankara strateji yönverici mərkəz kimi ümumi siyasi çərçivəni formalaşdırırsa, Daşkənd bu çərçivənin Mərkəzi Asiya məkanında praktik inteqrasiya mexanizmləri ilə doldurulmasına töhfə verir. Əgər bu model digər üzv dövlətlər üçün də funksional və cəlbedici presedentə çevrilərsə, TDT-nin daxilində koordinasiya və qarşılıqlı asılılıq dərinləşə bilər. Bu halda XXI əsr bütövlükdə Türk dünyasının beynəlxalq sistemdə görünən və hiss olunan iz buraxdığı dövr kimi yadda qala bilər.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru