Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1926-cı ilin 26 fevral – 6 martında Bakıda keçirilmiş I Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, xüsusilə də azərbaycanlıların mədəni və elmi həyatında dönüş nöqtəsi sayılan hadisələrdən biri olmuşdu. Məhz bu mötəbər toplantıda SSRİ məkanında yaşayan türk xalqlarının tarixi, dili, ədəbiyyatı, etnoqrafiyası və mədəni irsi ilə bağlı bir sıra önəmli qərarlar qəbul olunmuş, xüsusilə latın qrafikalı əlifbaya keçidin elmi və metodoloji əsasları formalaşdırılmışdı. Mövzu ilə bağlı müsahibimiz Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır.
– Sovet Azərbaycanının paytaxtında 1 əsr keçirilmiş Türkoloji qurultayın ideoloji və siyasi hədəfləri də var idi. Sovet hakimiyyəti bu mötəbər toplantıya ev sahibliyi üçün Bakını şübhəsiz, səbəbsiz seçməmişdi...
– Bu məsələ ilə bağlı həm dövrü mətbuatda, həm də arxiv materiallarında müəyyən məlumatlara rast gəlinir. Araşdırmalar göstərir ki, Bakının mərkəz kimi seçilməsinin bir neçə əsas səbəbi olub. Akademik Bartold (V.V. Bartold) Qurultayın keçirilməsi ərəfəsində “Kommunist” qəzetində çap olunan məqaləsində bu məsələ ilə bağlı qeyd edirdi ki, Azərbaycan sovetləşəndən sonra türk cümhuriyyətləri arasında elmi və akademik həyatın sürətlə inkişaf etdiyi məkanlardan biri məhz Bakı idi. Burada darülfünun ənənələri, universitet mühiti, elmi və tələbə həyatı digər türk dövlətləri ilə müqayisədə daha çox formalaşmışdı. Mühüm amillərdən biri də Bakının coğrafi mövqeyi idi. Azərbaycan Cümhuriyyəti Anadolu, Mərkəzi Asiya və digər Türk bölgələrinin əksəriyyətinə nisbətən mərkəzdə yerləşir, qurultay nümayəndələrin gəlişini asanlaşdırırdı.
Qurultayın keçirilməsi üçün müxtəlif məkanlar müzakirə olunsa da, siyasi şərait, təşkilati çətinliklər və maddi məhdudiyyətlər bu variantların reallaşmasına imkan verməmişdi. Əvvəllər qurultayın Şərqşünaslığın mərkəzi olaraq qəbul edilən Leninqradda (Sankt-Peterburq) keçirilməsi nəzərdə tutulmuşdu, Bakı isə neft şəhəri kimi iqtisadi baxımdan daha əlverişli imkanlara malik idi.
Bakının seçilməsində kiçik bir siyasi məqam da var idi, Leninqraddan fərqli olaraq Bakı bir Türk şəhəri idi, xaricdən bu qurultayın keçirilməsinə diqqət yönəldilən mərkəzlərə sovet ideoloqlarının mesajı idi ki, imperiya adlandırılsa da sovetlər tərkibindəki xalqların inkişafına çalışır, ruslaşdırma siyasəti yeritmir.
Ümumilikdə, I Türkoloji Qurultayın əsas məqsədi ərəb əlifbasının islahı, latın qrafikalı yeni türk əlifbasına keçidilə bağlı elmi əsaslandırılmış qərarların qəbul edilməsi idi və bu baxımdan mühüm platforma rolunu oynadı. Qurultay təkcə hərf inqilabı ilə yadda qalmadı, ortaq türk tarixi, etnoqrafiyası, arxeologiyası, ortaq türk tarixi muzeyinin yaradılması, dilin sadələşdirilməsi barədə intellektual müzakirə və qərarların qəbulu ilə tarixləşdi.
Bu müzakirələr çərçivəsində bəzi alimlər ərəb əlifbasını qoruyub saxlamağı, lakin onun üzərində ciddi islahatlar aparmağı təklif edirdilər. Tatar alimi, ictimai-siyasi xadim Ayaz İsaki bu mövqeyə tənqidi yanaşaraq qeyd edirdi ki, artıq “köhnəlmiş və quyruğu kəsilmiş” ərəb əlifbası üzərində aparılacaq islahatlar səmərəli nəticələr verməyəcək. Onun fikrincə, əgər doğrudan da islahat aparılacaqsa, bu, köklü şəkildə baş verməli və yeni əlifba modeli nəzərdən keçirilməli idi. Məhz bu baxımdan o, ərəb əlifbası ilə bağlı islahatlar aparılmasından çox, latın qrafikalı əlifbaya keçidin tərəfdarı idi.
– Azərbaycan alimlərinin və rəsmilərinin əlifba islahatında tutduqları mövqe necə idi?
– Ərəb əlifbasının latın qrafikasına keçidlə bağlı böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin fəaliyyəti tarixi baxımdan bizim üçün çox önəmlidir. Onun həyat və yaradıcılığına nəzər saldıqda görürük ki, dahi mütəfəkkir 1850-ci ildən sonra ömrünün böyük bir hissəsini əlifba islahatlarına həsr edib, bu məqsədlə Osmanlı dövləti, İran və digər ölkələrə səfərlərdə olub, ərəb əlifbasının dəyişdirilməsi ilə bağlı layihələr irəli sürüb.
Amma Sovetlər dönəmində əlifba islahatı ideoloji xarakter daşıyırdı. Həmin dövrdə uzun müddət köhnə təhsil sistemlərinin təsiri altında qalmış türk xalqlarının mədəni-elmi inkişafı və dünyəvi elmlərə çıxışının genişləndirilməsi üçün əlifba islahatı zəruri hesab edilirdi. Ərəb əlifbasının fonetik uyğunsuzluğu insanları savadsızlaşdırır, elmi biliklərin yayılmasına mane olurdu. Bu səbəbdən əlifba islahatı türk xalqlarının mədəni tərəqqisi baxımından vacib addım kimi dəyərləndirilirdi.
Bu mövzu ilə bağlı Leninqradda Şərqşünaslıq Universitetində də mümkün variantlardan biri kimi əlifba islahatı müzakirə olunmuşdu. Şərqşünaslıq sahəsində aparıcı mövqeyə malik olan bu şəhərdə tanınmış alimlər olsa da, təşkilatçılar türk dilləri üzərində əlifba islahatının aparılması prosesinin mütləq bir türk ölkəsində reallaşdırılmasını daha məqsədəuyğun sayırdılar. Əlifba islahatı təkcə Azərbaycanda deyil, bütün Türk coğrafiyalarında müzakirəyə çıxarılmışdı, Özbəkistan bu məsələdə öncüllük edirdi.
– O zaman yeganə müstəqil türk dövləti olan Türkiyə yeni əlifba məsələsinə necə yanaşırdı?
– Türkiyədə də əlifba islahatı barədə elmi müzakirələr keçirilirdi, amma onlar tələsmirdilər, sovetlərin niyyətini öyrənmək də məqsədlərdən biri idi. Qurultayda fəal iştirak edən məşhur türkoloq, professor Fuad Köprülü Azərbaycan jurnalistlərinə verdiyi qısa açıqlamada bildirirdi ki, Türkiyədə 15 ildir ki, ərəb əlifbasının islahı ilə bağlı elmi müzakirələr keçirilir, amma hərf inqilabı təkcə elmi deyil, həm də ictimai əhəmiyyət daşıdığından bu barədə ortada konkret mövqe yoxdur.
Türkiyə Cümhuriyyəti Sovet Rusiyası ilə dövlətlərarası dostluq, əməkdaşlıq müqaviləsi imzalasa da, əlaqələr yüksək səviyyədə olsa da, xaricdə yaşayan türk xalqlarının taleyinə biganə deyildi. Sovetlərlə ideoloji fərqlilikləri də unutmaq olmazdı. Sovet Rusiyası əsarət altına aldıqları Türk Cümhuriyyətlərinin Türkiyə ilə mənəvi bağlarını qırmaq üçün əlifba islahatını da tezləşdirirdi. Çünki Azərbaycan da daxil olmaqla, Türkistan, Şimali Qafqaz mühacirlərinin böyük əksəriyyəti Türkiyədə idi, bolşevizmə qarşı mübarizə aparırdı, qəzetlər, dərgi və məcmuələr çap edirdilər. Bu nəşrlər ərəb əlifbasında idi, çətinliklə də olsa gizli yollarla Azərbaycana, Türkistana gətirilir, yayılırdı. Sovetlərin ideoloji niyyətlərindən biri də bu fakt idi.
Türkiyədən qurultaya dəvət olunan alimlər – Professorlar Fuad Köprülü və Əli bəy Hüseynzadə Bakıda çox diqqətlə və yüksək səviyyədə qarşılandılar. Bu alimlərdən “Kommunist”, “Yeni fikir” qəzetləri açıqlamalar aldı, Fuad Köprülü “Yeni Fikir” qəzetinə qısa, amma mesajlarla dolu müsahibə verdi, fikirlərinin təhrifi ilə bağlı etiraz etdi.
Sovet tərəfi üçün əsas maraq doğuran məsələ Əli bəy Hüseynzadənin, Fuad Köprülünün əlifba islahatı ilə bağlı hansı mövqedən çıxış edəcəkləri idi. Xüsusilə ərəb əlifbasının tamamilə ləğv edilməsi məsələsində onların açıq və konkret fikir bildirəcəkləri gözlənilirdi. Lakin onlar bu mövzuda olduqca ehtiyatlı mövqe tutmuşdular. Bunun əsas səbəbi qardaş ölkənin özündə bu prosesin hələ davam etməsi idi.
Bundan əlavə, Sovet hakimiyyəti 1920-ci illərin əvvəllərindən etibarən dinə qarşı sistemli mübarizəyə başlamışdı. Əlifbanın dəyişdirilməsi vasitəsilə dini inancla bağlı emosional və mənəvi bağların zəiflədiləcəyi düşünülürdü. Açıq şəkildə vurğulanırdı ki, ərəb əlifbası bir növ “Quran əlifbası” kimi qəbul olunur və onun dəyişdirilməsi insanların dini düşüncə tərzindən uzaqlaşdırılmasına xidmət edəcək.
Türkiyədə latın qrafikasına keçid 1928-ci ildə baş verdi. Lakin bu proses sovetlər üçün müəyyən riskləri də artırdı. Çünki Türkiyə ilə ideoloji və mədəni əlaqələrin davam etməsi sovetlərin maraqlarına uyğun deyildi. Məsələn, İstanbulda Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə nəşr olunan “Yeni Qafqaziya”, “Azəri türk”, “Odlu yurd” jurnallarında bu mövzuya toxunulur. Bu dərgilərin əsas ideyası bolşevizmə qarşı mübarizə, sovet hakimiyyətinin türk xalqlarına, xüsusilə Azərbaycana və Cənubi Qafqaza qarşı apardığı assimilyasiya və milli kimliyi zəiflətmə siyasətinin ifşası idi.
– Türkoloji qurultayda qəbul olunan qərarlardan hansıları bu gün də aktualdır?
– Əslində, qurultayda qəbul edilən qərarlar yalnız əlifba məsələsi ilə məhdudlaşmırdı. Əsas hədəflərdən biri türk dillərinin ərəb və fars mənşəli ağır sözlərdən təmizlənməsi, dilin sadələşdirilməsi idi. Bununla yanaşı, ortaq türk tarixinin yazılması ideyası da qurultayın əsas mövzularından idi. Bu gün də bu məsələ Türk Dövlətləri Təşkilatında (TDT) aktualdır. Çünki ortaq türk tarixi yazmaq üçün ortaq arxeoloji ekspedisiyalara, ümumi arxiv materiallarına və koordinasiyalı elmi fəaliyyətə ehtiyac var.
Qurultayda bu istiqamətdə də ciddi müzakirələr aparılmışdı. Hətta ortaq türk muzeyinin yaradılması məsələsi belə gündəmə gətirilmişdi. Yəni bu gün qarşılaşdığımız problemlərin böyük bir qismi hələ yüz il əvvəl Türkoloji Qurultayda müzakirə olunmuşdu.
– Qurultayda iştirak edən şəxslərin bir çoxunun sonradan repressiyaya məruz qalmasının səbəbləri nə idi?
– Qurultaya, ümumilikdə, 300-ə yaxın nümayəndə dəvət olunmuşdu. Onların, təxminən, 130-u əsas iştirakçı idi və sonrakı illərdə bu şəxslərin böyük əksəriyyəti – müxtəlif mənbələrə görə, 100-ə yaxını – repressiyalara məruz qaldı. Bu, təsadüfi deyildi. Türk xalqlarının tarixini və dillər arasındakı yaxınlığı elmi əsaslarla araşdıran alimlər ümumtürk dil birliyi ideyasını irəli sürürdülər ki, bu da sovet ideologiyası tərəfindən açıq millətçilik kimi qiymətləndirilirdi. Xüsusilə Bəkir Çobanzadənin türk dillərinin müqayisəli təhlili, ədəbi dilin formalaşması və ümumtürk ədəbiyyat tarixi ilə bağlı tədqiqatları ideoloji məna daşıyırdı.
Qazax alimi Əhməd Baytursun və Qazaxıstan nümayəndələri də latın qrafikasına keçidə ehtiyatla yanaşır, Krım tatarları isə ərəb əlifbası ilə formalaşmış mədəni irsin itirilə biləcəyindən narahat olurdular. Özbəkistan nümayəndələrindən Alimcan Şərəfov latın qrafikasının qəbulunun əleyhinə idi, qurultayda bir saatdan çox latınçılarla mübarizə apardı. Məruzələrdə əlifba islahatının texniki tərəflərinə də daha çox diqqət yönəldilirdi.
Bundan başqa, latın qrafikasına keçid ciddi maddi-texniki imkanlar tələb edirdi. Qurultayda kommunist ideoloqlar, ərəb əlifbasının tərəfdarları və latın dilinə keçidin tərəfdarları arasında açıq mübahisələr gedir, proses nəzarət altında saxlanılırdı. Buna baxmayaraq, məsələlərin əvvəlcədən müəyyən edilmiş qərarlar olmadan, müzakirə yolu ilə həll edildiyi vurğulanırdı. Məsələn, Səməd Ağamalıoğlu “Kommunist” qəzetində dərc olunan məqaləsində qeyd edirdi ki, burada əvvəlcədən şərtləndirilmiş qərarlar yoxdur və qurultay hansısa qərarı zorla qəbul etdirmək məqsədi daşımır. Bu da təsadüfi deyildi. Çünki qurultayda dünya miqyasında tanınan, qəbul edilən alimlər iştirak edirdilər.
Bu cür nüfuzlu elm adamları üzərində açıq təzyiq göstərmək mümkün deyildi. 1926-cı ilin martn 3-ü və 4-də səhər və axşam iclasları ərəb hürüfatının islahına həsr olundu, bu mövzuda 19 məruzə dinlənildi, qızğın çəkişmələr, fikir dartışmaları oldu. 7 nəfər əleyhinə, 101 nəfər lehinə olmaqla türk xalqları üçün vahid Yeni Türk Əlifbası qəbul olundu.
– Türkoloji qurultayın tarixi əhəmiyyəti nədən ibarətdir? Bu nadir toplantı Azərbaycan elmi, mədəni və ictimai fikrinin formalaşmasına necə təsir göstərdi?
– Bizim üçün qurultayın ən mühüm qərarlarından biri Azərbaycan mətbuatı ilə bağlı idi. Jurnalistika tarixi baxımından bu dövr xüsusi əhəmiyyət daşıyır. Məhz həmin illərdə latın qrafikasına keçid prosesi yaşanırdı. “Əkinçi” qəzetinin nəşri ilə başlayan milli mətbuat ənənəsinin 1925-ci ildə yeni əlifba ilə davam etdirilməsi məsələsi gündəmə gətirilmişdi. Xüsusi qərar qəbul olunmuşdu ki, Azərbaycan milli mətbuatı “Əkinçi” ilə başlanan yolu latın qrafikası əsasında davam etdirsin.
Bu məqsədlə geniş hazırlıq işləri aparılmışdı, tədqiqatçılar Tbilisi, Leninqrad, Moskva, Kazan və digər mərkəzlərə ezam olunmuş, Azərbaycan mətbuatına aid qəzet, jurnal və kitab nümunələrinin toplanması işi həyata keçirilmişdi. Məqsəd həmin nəşrlərin qorunub saxlanılan nüsxələrini Bakıya gətirmək və 1925-ci ildə Azərbaycan milli mətbuatının 50 illik yubileyini keçirmək idi. Bununla bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və hökumət qərar qəbul etmişdi. Amma sonradan, nədənsə, milli mətbuatın 50 illiyinin Türkoloji Qurultay çərçivəsində keçirilməsi qərarlaşdırıldı.
Qurultayın ilk günü, yəni fevralın 26- da, “İsmailiyyə” binasında Azərbaycan milli mətbuatına həsr olunmuş ayrıca sərgi də təşkil olundu. Sərgidə 80-dən çox qəzet, jurnal və dərgi nümayiş etdirildi, “Əkinçi”dən başlayaraq “Ziya”, “Kəşkül” , “Şərqi-Rus”, “Molla Nəsrəddin” qəzet və dərgilərlə yanaşı, bir çox bolşevik nəşrlər də nümayiş olunurdu.
Amma bu qəzetlərin seçimində də ideoloji yanaşma tətbiq olunduğu sezilirdi. Səbəb də aydın idi: ya həmin materiallar əldə olunmamış, ya da ideoloji baxımdan məqsədəuyğun sayılmamışdı. Milli mətbuatımızın təməlini təşkil edən nəşrlərdən olan “Həyat”, “İrşad” , “Füyuzat” sərginin eksponatları sırasında deyildi. Lakin “İnqilab və mədəniyyət” jurnalı, “Şərq qadını” kimi sovet dövründə nəşr edilən mətbu orqanlar sərgidə təqdim olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünü birbaşa əks etdirən qəzetlər sərgidə yox idi. Əlbəttə, ideoloji baxımdan “Azərbaycan” qəzetinin sərgidə yer almaması müəyyən mənada başadüşüləndir. Əgər Əli bəy Hüseynzadə uzun müddətdən sonra Bakıya dəvət olunurdusa, bu ali akademik tədbirin adı Türkoloji Qurultay idisə, türkoloji hərəkatdan, türkçülüyün başlanğıc mərhələsindən danışılırdısa və bu baxımdan “Həyat” qəzeti əsas baza kimi qəbul edilirdisə, o zaman belə nəşrlər də mütləq şəkildə təqdim olunmalı idi.
Əli bəy Hüseynzadənin qurultay çərçivəsindəki çıxışı və ziyafətdə söylədikləri isə xüsusilə diqqətəlayiqdir. Qurultay günlərində təşkil olunan ziyafətlərdə “Kommunist”, “Yeni Fikir” kimi qəzetlərin əməkdaşları onlardan müsahibələr alırdılar. Onlar qısa, diplomatik tərzdə cavab verirdilər ki, Azərbaycanda baş verən yenilikləri görmək sevindirici haldır. Hətta Əli bəy Hüseynzadəyə sual verirlər ki, siz bu əlifba islahatının tərəfdarısınızmı? Cavabında bildirir ki, ümumilikdə türk dünyasında hər cür yeniliyin, inqilabın tərəfdarıdır.
Əli bəy Hüseynzadə çox maraqlı bir xatirə də danışır. O deyir ki, vaxtilə Leninin qardaşı Saşa Ulyanovla birlikdə eyni vaxtda, eyni təhsil ocağında oxuyub. Həmin illərdə çar rejiminə qarşı fəaliyyət göstərmək, xalqların azadlığı uğrunda mübarizə aparıblar.
Bu cəhdlərin nəticəsiz qaldığını, lakin həmin ideyaların sonradan reallaşdığını, indiki Sovet Azərbaycanının timsalında həyata keçdiyini diplomatik tərzdə ifadə edir. Əlavə məqamlara isə toxunulmurdu, çünki həmin dövrdə Sovet Rusiyası ilə Türkiyə arasında artıq müəyyən siyasi razılaşma formalaşmışdı. 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsi bu münasibətlərin əsasını qoymuşdu. Sonrakı illərdə tərəflər arasında bir-birinə qarşı ittihamların irəli sürülməməsi və ideoloji təxribatlardan istifadə edilməməsi barədə də qarşılıqlı öhdəliklər qəbul etmişdilər. Bu qərarlar mətbuat və ideoloji mühitə də birbaşa təsir göstərmişdi.
Müsahibəni qələmə aldı:
Ləman TƏHMƏZ
XQ