Türk dünyasının mədəniyyət paytaxtı elan edildi

29.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Özbəkistanın Əndican şəhərində keçirilən Beynəlxalq TÜRKSOY Təşkilatının Daimi Şurasının 43-cü iclasında 2028-ci ilin Türk dünyasında Çingiz Aytmatov ili, Talas şəhərinin isə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi qərara alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TÜRKSOY-un baş katibi Sultan Raev sosial şəbəkə hesabında paylaşım edib.

Qərar Qırğızıstan üçün xüsusi əhəmiyyət daşıyır, belə ki, 2028-ci ildə görkəmli yazıçı Çingiz Aytmatovun 100 illik yubileyi qeyd olunacaq. Dünyanın bir çox dilinə tərcümə edilən əsərləri ilə tanınan ədib qırğız xalqının mənəvi dünyasını və milli dəyərlərini beynəlxalq müstəvidə tanıdıb.

“Manas” dastanının və Çingiz Aytmatovun vətəni olan Talas bölgəsinin mədəniyyət paytaxtı elan edilməsi ərazinin tarixinin, milli irsinin və turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına dəstək verəcək.

Noyabrın 26-da Əndicanda işə başlayan TÜRKSOY-un Yüksək Səviyyəli Nümayəndələr Komitəsinin 8-ci iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsilçiləri iştirak ediblər. Toplantıda Əndicanın 2026-cı ildə Türk Dünyasının Mədəniyyət Mərkəzi statusu çərçivəsində reallaşdırılan tədbirlərin yekunları dəyərləndirilib, üzv ölkələr arasında mədəni və humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью