Türk dünyasının qlobal idarəçilik iddiası

03.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq təşkilatlarda yüksək vəzifələrə təyinat həmişə qlobal güc mərkəzləri arasında nüfuz bölgüsünün, siyasi təsir imkanlarının və beynəlxalq idarəçilikdə təmsilçilik balansının ən dəqiq göstəricilərindən biri kimi oxunub. Türkiyənin Feridun Sinirlioğlunun namizədliyini BMT-nin Baş katibi vəzifəsinə irəli sürməsində də eyni vaxtda iki siyasi məzmun birləşir: bir tərəfdən Türkiyənin beynəlxalq sistemdə artan iddiaları, digər tərəfdən türk dünyasının qlobal qərar qəbuletmə mexanizmlərində daha fəal təmsil olunmaq istəyi. Azərbaycan Xarici İşlər Nazirliyinin bu təşəbbüsə münasibəti isə məsələnin Bakı üçün də siyasi əhəmiyyət daşıdığını göstərir: nazirliyin mətbuat katibi Ayxan Hacızadənin açıqlaması həm Azərbaycanın prosesə münasibətini, həm də müttəfiq Türkiyəyə və bütövlükdə türk dünyasına verilən siyasi dəstəyi eyni mətndə nümayiş etdirir.

İlk baxışda diplomatik protokol çərçivəsində səsləndirilən bu mövqe, əslində, daha geniş məzmun daşıyır və təkcə Azərbaycan yalnız müttəfiq dövlətin irəli sürdüyü namizədə dəstəyini ifadə etmir. Eyni zamanda, BMT-nin rəhbərliyinin müəyyənləşdirilməsində hansı meyarların əsas götürülməli olduğuna dair mövqeyini ortaya qoyur.  Azərbaycan-Türkiyə münasibətlərinin son illərdə keçdiyi inkişaf mərhələsi bu mövqenin siyasi əsaslarını aydınlaşdırır. İki ölkə arasında əlaqələr klassik strateji tərəfdaşlıq çərçivəsini çoxdan aşıb və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlib. 

Bəyanatın ən yüklü hissəsi BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun seçim prosesinin vacibliyinin vurğulanmasıdır. Baş katibin müəyyənləşdirilməsi məsələsi uzun müddət böyük dövlətlərin siyasi razılaşmalarının təsiri altında formalaşıb. Nizamnaməyə əsasən, Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təyin edilir. Praktikada isə Təhlükəsizlik Şurasının beş daimi üzvünün mövqeyi həlledici əhəmiyyət daşıyır və onlardan hər hansı birinin veto hüququndan istifadə etməsi namizədin seçilməsinə mane ola bilər. 

Bəyanatda peşəkarlıq, qərəzsizlik və konsensus yaratmaq qabiliyyətinin ön plana çəkilməsi əhəmiyyət kəsb edir. Burada beynəlxalq təşkilatların rəhbərliyində təmsilçilik imkanlarının genişləndirilməsi və seçim prosesinin daha ədalətli meyarlar əsasında həyata keçirilməsi məsələsi də dayanır. Orta güclərin və inkişaf etməkdə olan dövlətlərin beynəlxalq qərar qəbuletmə mexanizmlərində daha fəal iştirak etmək istəyi məhz mövcud institusional sistemin yenilənməsi tələbi ilə üst-üstə düşür. Azərbaycan bu meyarları ön plana çıxarmaqla seçimin «keyfiyyət və legitimlik» əsasında qurulması tələbini dəstəkləyir və bununla da son on ildə orta və kiçik dövlətlərin çoxtərəfli idarəçilikdə tədricən güclənən mövqeyinə qoşulur.

***

Feridun Sinirlioğlunun diplomatik fəaliyyəti namizədliyə əlavə siyasi və peşəkar məzmun qazandırır. Türkiyənin xarici siyasət sistemində müxtəlif yüksək vəzifələrdə çalışmış, ölkəsinin BMT-dəki daimi nümayəndəsi olmuş, Əfqanıstan üzrə BMT-nin müstəqil qiymətləndirmə missiyasına rəhbərlik etmiş və hazırda ATƏT-in Baş katibi vəzifəsini icra edən Sinirlioğlu beynəlxalq diplomatiyanın mürəkkəb mexanizmlərinə bələd olan təcrübəli diplomatdır. Məsələnin digər mühüm tərəfi türk dövlətlərinin son illər keçdiyi institusional inkişaf mərhələsidir. 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan əməkdaşlıq mexanizminin 2021-ci ildə Türk Dövlətləri Təşkilatına çevrilməsi türk dünyasının siyasi əlaqələndirmə imkanlarını keyfiyyətcə yeni mərhələyə çıxardı. Feridun Sinirlioğlunun namizədliyinə məhz bu kontekstdə yanaşdıqda, məsələni türk dünyasının qlobal idarəçilikdə daha yüksək səviyyədə təmsil olunmaq imkanının sınağı kimi də qiymətləndirmək mümkündür.

Burada iqtisadi potensialın siyasi təsirə çevrilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Türk dövlətlərinin beynəlxalq sistemdəki mövqeyi uzun müddət enerji resursları, ticarət və tranzit imkanları ilə səciyyələnib: Xəzər hövzəsinin enerji ehtiyatları, ixrac marşrutlarının şaxələndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri regionun geoiqtisadi əhəmiyyətini artırıb. Son illər Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəlməsi türk dövlətlərinin Avrasiya məkanındakı tranzit rolunu daha da gücləndirib. Lakin iqtisadi və coğrafi üstünlüklər avtomatik olaraq beynəlxalq siyasi nüfuz yaratmır. Bunun üçün iqtisadi potensialın institusional təmsilçilik, diplomatik kadr hazırlığı və beynəlxalq gündəliyə təsir imkanları ilə tamamlanması vacibdir. Başqa sözlə, qlobal güc bölgüsündə mövqelərin möhkəmləndirilməsi beynəlxalq təşkilatların rəhbərliyində, katiblik strukturlarında, ekspert qruplarında və müxtəlif missiyalarında təmsilçilik də siyasi təsirin mühüm komponentidir. BMT sistemində türk dövlətlərindən olan diplomatların və mütəxəssislərin yüksək vəzifələrə irəliləməsi regionun beynəlxalq problemlərin müzakirəsində iştirak imkanlarını genişləndirə bilər. 

Azərbaycanın bu prosesdə maraqları yalnız müttəfiqlik münasibətləri ilə məhdudlaşmır. İkinci Qarabağ müharibəsindən və ərazilərin işğaldan azad edilməsindən sonra ölkənin beynəlxalq gündəliyi də yeni məzmun qazanıb. Azərbaycan artıq postmünaqişə quruculuğu, geniş miqyaslı bərpa və yenidənqurma, mina təhlükəsi, məcburi köçkünlərin qayıdışı və regional kommunikasiyaların açılması kimi məsələlərlə beynəlxalq müstəvidə çıxış edir. Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada həyata keçirdiyi siyasət də regional sabitliyin, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının inkişafına əsaslanır. Azərbaycanın regional siyasəti ilə bu yanaşmanın bir çox istiqamətlərdə üst-üstə düşməsi iki ölkənin beynəlxalq təşkilatlarda mövqelərinin əlaqələndirilməsini daha da aktuallaşdırır. 

Digər mühüm məsələ BMT-nin institusional islahatı ilə bağlıdır. Azərbaycan və Türkiyə beynəlxalq münasibətlər sistemində daha ədalətli təmsilçilik, inkişaf etməkdə olan dövlətlərin qərar qəbuletmə prosesində iştirak imkanlarının genişləndirilməsi və Təhlükəsizlik Şurasının islahatı məsələlərinə müxtəlif beynəlxalq platformalarda sistemli şəkildə diqqət yetirib. Azərbaycan XİN-in bəyanatında seçim prosesinin keyfiyyət, peşəkarlıq və konsensus prinsipləri əsasında aparılmasına verilən önəm də bu yanaşmanı əks etdirir: Bakı konkret namizədə siyasi dəstəyini ifadə etməklə yanaşı, beynəlxalq idarəçilikdə legitimlik və təmsilçilik məsələlərinin əhəmiyyətini də ön plana çıxarır.

Bütün bunlar beynəlxalq təşkilatlarda kadr təmsilçiliyinin artıq qlobal siyasətin mühüm elementlərindən birinə çevrildiyini göstərir. Müxtəlif regionların və siyasi məktəblərin bu strukturlarda daha geniş təmsil olunması beynəlxalq idarəçiliyin legitimliyini və problemlərə yanaşmanın çoxşaxəliliyini gücləndirə bilər. Türk dünyasının belə bir səviyyədə təmsilçilik iddiası da məhz bu kontekstdə qiymətləndirilməlidir.

Beynəlxalq münasibətlər sistemində iqtisadi potensialın, regional təsir imkanlarının və diplomatik təcrübənin qlobal qərar qəbuletmə mexanizmlərində daha geniş təmsilçiliyə çevrilməsi artıq yeni siyasi reallığın tələblərindən biridir. Türk dövlətlərinin qarşısında duran əsas vəzifə də ortaq tarixi və mədəni yaxınlığı institusional əməkdaşlıq, diplomatik koordinasiya və beynəlxalq təşəbbüslərlə tamamlayaraq qlobal proseslərdə daha təsirli aktora çevrilməkdir. Azərbaycanın Türkiyənin namizədliyinə verdiyi dəstək bu istiqamətdə formalaşan siyasi həmrəyliyin növbəti təzahürüdür və türk dünyasının beynəlxalq sistemdə qlobal idarəçiliyin formalaşmasında iştirak etmək istəyən siyasi güc kimi çıxış etdiyini göstərir.

Şəbnəm ZEYNALOVA,

XQ-nin siyasi analitiki,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью