Türk ədəbiyyatını ingiliscə oxuyanlar İbrahim Aziz

26.01.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Cansu Yıldırımın "İngilis dili və ədəbiyyatı üzrə təhsil almaq nə deməkdir?" yazısını İbrahim Azizin tərcüməsində təqdim edir.

Gəlin, əvvəlcə bir məsələyə aydınlıq gətirək: İngilis dili və ədəbiyyatı ixtisası sadəcə ingilis dilini və bu dildəki hər hansısa bir nümunəni deyil, bilavasitə ingilis dilini və ingilis ədəbiyyatını dərindən öyrənməyi nəzərdə tutur. Yaxşı, bəs bu ixtisası oxumaq əslində, nə deməkdir?

Bu, elə birinci kursdan etibarən “Məzun olanda nə işlə məşğul olacağam?” sualı ilə özünü yormaq, dost məclislərində “insanı reallıqdan milyonlarla mil uzaqlaşdırmaq üçün qurulub” kimi zarafatların hədəfinə çevrilməkdir. Bəzi tələbələri “heç olmasa, müəllim olaram” deməyə vadar edən, lakin əslində, oxuduqca insanı ən mürəkkəb məsələləri qavramağa hazırlayan bir yoldur.
Bu ixtisasda ən yaxın dostlarınız artıq kitab qəhrəmanları olur. Bəzən kitabları qarşınıza qoyub, bəyənmədiyiniz cümlələrə görə müəlliflə üz-üzəymiş kimi mübahisə edir, dərdinizi çoxdan dünyadan köçmüş yazarlara danışırsınız. Çünki oxuduqca bəzi kitabların insanlardan daha maraqlı olduğunu və hər birinin məhz sizin üçün yazıldığını anlayırsınız. Dərslərdə paylanan qeydlərdəki hər cümləni vacib hesab edib hər sətrin altından xətt çəkmək, müəllimlərin dediklərini sadəcə auditoriyada qoyub getməməkdir. Bu, fikir ayrılığından doğan, saatlarla davam edən müzakirələr və fasiləsiz mütaliə deməkdir. İmtahan vaxtı stresdən üzü sızanaq basmaq, son günə qalan minlərlə səhifənin qarşısında yas tutmaqdır. Gecəni gündüzə qatmaq, zamanın dəyərini anlamaq, bəzən isə reallıqla xəyalın fərqini eyni anda hiss edərək sıxılmaqdır. Əgər mütləq reallığın tərəfindəsinizsə, bu ixtisasda çox çətinlik çəkəcəksiniz.


Bu, həm də gender balansının fərqli olduğu, insanların öz fikirlərini və kimliklərini rahatlıqla ifadə edə bildiyi bir mühitdir. Dərslərdə sanki dünyanın sirlərini öyrənirsiniz, lakin fasiləsiz mühazirələrdən beyin elə yorulur ki, ayağa qalxıb “Tənəffüs istəyirik!” deyə qışqıraraq təmiz havaya qaçmaq istəyirsiniz. Bura səbrin sınağa çəkildiyi yerdir. İllərlə Şekspir, Po, Kafka oxuyub, Antik Yunan əsərlərini təhlil etdikdən sonra məzun olanda alnınıza sadəcə “filoloq” etiketi yapışdırılır.
Bu, insanın içindən tez-tez “Oh God, why?” (İlahi, niyə?) sualını keçirdiyi, başqalarına mahiyyətini izah etməkdə çətinlik çəkdiyi bir ixtisasdır. Ən əsası isə ətrafdakıların verdiyi mənasız suallara dözməkdir. “Nə edirsiniz orada?” sualına qısaca “Heç, kitab oxuyub məqalə yazırıq” deyib keçsəniz də, əslində, işin mahiyyəti bundan qat-qat dərindir. Ən dözülməzi isə “Yəni siz indi türk ədəbiyyatını ingiliscə oxuyursunuz?” kimi suallarla mübarizə aparmaq məcburiyyətində qalmaqdır.

İxtisası izah etdikdən sonra “Həkim olmayacaqsan, amma eybi yox, müəllim olub kürəyini dövlətə söykəyərsən” kimi təsəlli dolu cümlələrə dözmək artıq həyatınızın bir hissəsinə çevrilir. Dörd il boyu sizi izləyən o şablon cavab formalaşır: “Hə, ingilis dili oxuyuram, məzun olandan sonra müəllim olub uşaqlara dərs keçəcəyəm.”

Yazdıqca mən də anladım ki, bu, həqiqətən, çətin bir ixtisasdır. Zəhmət, zaman və hər şeydən əvvəl məna deməkdir. Bu ixtisas insanlığın təməli, fərqli bir perspektiv və rasional həyatın yoruculuğundan qaçmağın ən gözəl yoludur. Yaxşı ki, var!


Təzahür qanunları necə işləyir? - Amerikalı spiritual filosofdan sitatlar "Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski nə söyləmişdi? Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью