Türk ekspert: Ankara Bakı strateji müttəfiqliyinin əhəmiyyəti getdikcə artacaq

18.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 18 iyun, AZƏRTAC

Regionda sülhün möhkəmlənməsi, Zəngəzur dəhlizinin işə salınması və digər genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi ilə Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti daha da artacaq.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi Damla Kocatepe bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin iyun ayında Türkiyə və Azərbaycan liderləri tərəfindən imzalanan sənəd həm iki qardaş ölkə arasında münasibətlərin inkişafı, həm də bütün Cənubi Qafqazın gələcəyi üçün tarixi mərhələdir.

Türkiyəli ekspert Şuşa Bəyannaməsini 44 günlük Vətən müharibəsindən sonra ortaya çıxan regionun yeni geosiyasi reallıqları əks etdirən strateji vizyonunun nümayişi adlandırıb.

Agentliyin müsahibi qeyd edib: “Yeni status-kvonun yaranması ilə Azərbaycanın hərbi-siyasi potensialı güclənib, habelə Türkiyənin regiondakı mövqeyi möhkəmlənib və bu amillər Cənubi Qafqazda yeni güc mərkəzinin yaranmasına töhfə verib”.

D. Kocatepe qeyd edib ki, Şuşa Bəyannaməsi son beş ildə Türkiyə-Azərbaycan tərəfdaşlığını siyasi, hərbi, iqtisadi və geostrateji ölçülərdə dərinləşdirən bir ittifaq çərçivəsini rəsmiləşdirib.

Qafqaz Universitetinin müəllimi vurğulayıb: “Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı yardım artıq aydın hüquqi çərçivəyə əsaslanır. Sənəddə, həmçinin regional sülh və əməkdaşlığın gücləndirilməsi üçün strateji vizyon da müəyyən edilib”.

O, 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı zamanı Ankaranın siyasi və mənəvi dəstəyini xatırladıb. “Azərbaycan da Türkiyənin regiondakı hərəkətlərini açıq şəkildə dəstəkləyir”, -deyə sözlərinə davam edən Kocatepe Şuşa Bəyannaməsinin regiondakı ümumi geosiyasi tarazlığa təsir etdiyinə əminliyini ifadə edib.

Ekspert Şuşa Bəyannaməsinin imzalanmasının Türk dünyasındakı proseslərə təsirini bu sənədin daha bir mühüm nəticəsi kimi xarakterizə edib. O vurğulayıb: “Bəyannamənin imzalanmasından sonrakı dövrdə Türk Dövlətləri Təşkilatının potensialı güclənib, türk ölkələri arasında əməkdaşlıq genişlənib və bütün bunlar Türkiyə-Azərbaycan vektorunun təsirini daha da nəzərəçarpan edib. Bu kontekstdə Şuşa Bəyannaməsi Türk dünyasında inteqrasiya prosesinə əhəmiyyətli töhfə hesab edilə bilər”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью