Türk ekspert: Avropa ciddi sınaq qarşısındadır RƏY

05.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Fransa və Almaniyanın üzləşdiyi siyasi və iqtisadi problemləri yalnız bu iki ölkənin daxili məsələləri kimi qiymətləndirmək düzgün olmazdı. Çünki “Paris-Berlin” oxu iqtisadi inteqrasiyadan tutmuş xarici siyasət və təhlükəsizlik strategiyalarına qədər Avropa İttifaqının bir çox mühüm qərarlarının qəbulunda həlledici rol oynayır. Hazırda hər iki ölkənin büdcə problemləri, iqtisadi təzyiqlər və daxili siyasi fikir ayrılıqları ilə üzləşməsi Avropa İttifaqının beynəlxalq sistemdəki imkanlarına birbaşa təsir göstərir. Burada əsas problem Avropanın resurslarını itirməsi deyil, malik olduğu iqtisadi və siyasi potensialı vahid strategiyaya çevirməkdə çətinlik çəkməsidir.

Bunu AZƏRTAC-a müsahibəsində Koreyanın Çunbu Universitetinin professoru Mehmet Fatih Öztersu deyib.

O qeyd edib ki, Fransa və Almaniyanın üzləşdiyi problemlər xarakterinə və inkişaf dinamikasına görə bir-birindən fərqlənir.

“Fransada dövlət borcu, büdcə kəsiri və ictimai etirazlar hökumətin manevr imkanlarını məhdudlaşdırır. Almaniyada isə iqtisadi artımın zəifləməsi, sənayenin rəqabət qabiliyyətliliyini itirməsi və Rusiya-Ukrayna müharibəsi başlayandan bəri müdafiə xərclərinin artması ön plana çıxır. Əvvəllər Paris və Berlin arasında qarşılıqlı anlaşma Avropada qərarların qəbulunu asanlaşdırırdı. İndi isə bu iki ölkənin prioritetləri arasındakı fərqlər Avropa İttifaqının koordinasiyalı şəkildə fəaliyyət göstərməsini çətinləşdirir.

Bu vəziyyətin ən mühüm nəticələrindən biri Avropa təhlükəsizliyi sahəsində özünü göstərir. Rusiya ilə Ukrayna arasında müharibə Avropa ölkələrinə müdafiə potensiallarını gücləndirməyin zəruri olduğunu göstərdi. Hökumətlər bir tərəfdən hərbi xərcləri artırmalı, digər tərəfdən isə vətəndaşların rifahını və ictimai xidmətlər sisteminin fəaliyyətini təmin etməlidirlər. Beləliklə, Avropanın təhlükəsizliyi məsələsi təkcə hərbi potensialla deyil, həm də bu potensialın maliyyələşdirilməsi üçün zəruri olan siyasi və ictimai dəstəyin təmin edilməsi ilə bağlıdır”, – deyə professor vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının qlobal strategiyası baxımından strateji muxtariyyət məsələsi ön plana çıxır.

“Avropa uzun müddətdir ki, təhlükəsizlik sahəsində ABŞ-dən, istehsal və kritik təchizat zəncirləri sahəsində isə Çindən asılılığını azaltmağa çalışır. Lakin strateji muxtariyyət yalnız siyasi bəyanatlarla əldə edilə biləcək məqsəd deyil. Bunun üçün iqtisadi güc, texnoloji potensial və xarici siyasətin həyata keçirilməsində ümumi iradə lazımdır. Fransa və Almaniyanın daxili problemləri bu prosesi ləngidə bilər. Avropanın, xüsusilə ABŞ, Çin və Rusiya kimi aktorlarla münasibətlərdə öz prioritetlərini müstəqil müəyyənləşdirmək qabiliyyəti üzv ölkələrin razılaşdırılmış şəkildə fəaliyyət göstərməsindən asılıdır”, – deyə professor qeyd edib.

Onun fikrincə, Avropa İttifaqının qaçılmaz tənəzzül və ya parçalanma mərhələsinə qədəm qoyduğunu iddia etmək düzgün olmazdı. Avropa hələ də əhəmiyyətli iqtisadi, texnoloji və diplomatik gücə malikdir. Lakin dünya siyasətində gücə malik olmaqla ondan səmərəli istifadə etməyi bacarmaq eyni şey deyil.

“Fikrimcə, Avropa qarşısında iki əsas sınaq dayanır. Birincisi, qlobal aktora çevrilmək ambisiyaları ilə daxili iqtisadi və siyasi reallıqlar arasında davamlı tarazlıq yaratmaq bacarığıdır. İkincisi isə beynəlxalq tərəfdaşlar qarşısında götürülmüş öhdəliklərlə həmin öhdəlikləri yerinə yetirmək imkanları arasında uçurum yaranması ehtimalıdır. Məhz buna görə də Fransada və Almaniyada baş verən hadisələr təkcə bu iki ölkənin gələcəyini deyil, həm də Avropanın beynəlxalq sistemdə nə dərəcədə müstəqil və etibarlı aktora çevrilə biləcəyini müəyyən edəcək”, – deyə Mehmet Fatih Öztersu fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью