Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Gərgin beynəlxalq şərait fonunda Rusiyanın İranla bağlı mövqeyi daha da sərtləşir. Moskva bu dəfə yalnız diplomatik narahatlıq ifadə etməklə kifayətlənmir, həm də mümkün ssenarilərin region və qlobal təhlükəsizlik üçün doğura biləcəyi risklərə diqqət çəkir. Rusiya xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlər, Qərbin İran üzərində artan siyasi, iqtisadi və hərbi təzyiqlərinə qarşı prinsipial mövqenin ifadəsi kimi qiymətləndirilir. Nazir regiondakı mövcud vəziyyətin mümkün nəticələrinə diqqət çəkərək, Rusiyanın bu məsələlərə yanaşmasını ictimaiyyətə təqdim edib.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə türk ekspert Yaşar Onay Sherg.az-a açıqlamasında Rusiyanın İranı müdafiə etməyinin altında başqa məqsədlərinin olduğunu deyib:
"Rusiya burada təkcə İranı müdafiə etmir. O, Yaxın Şərqdəki güc balansına dair çox aydın qırmızı xətt çəkir. Sergey Lavrovun dili sərt, amma məqsədyönlüdür. “Daxili siyasi proseslərə müdaxilə” vurğusu, Qərbin İran üzərində tətbiq etdiyi təzyiq alətlərini qeyri-legitim elan etmək cəhdidir. Yəni məsələ yalnız Tehranla məhdudlaşmır. Moskva oxşar ssenarilərin başqa ölkələrə də tətbiq oluna biləcəyini xatırladır.
Hərbi hücum təhdidinin “qəbuledilməz” kimi xarakterizə edilməsi də təsadüfi deyil. Bu, Rusiyanın bölgədə yeni bir isti münaqişəni qəbul etməyəcəyini açıq şəkildə bəyan etməsi deməkdir. 2025-ci ilin iyun ayına edilən istinad isə keçmişdə baş verənlərin “istisna” deyil, təkrarlana bilən model olduğunu göstərir. Moskva xüsusi olaraq vurğulayır ki, belə bir cəhd regional böhranı aşaraq qlobal təhlükəsizliyi sarsıda bilər".
Analitik qeyd edib ki, digər mühüm məqam ticarət tarifləri vasitəsilə göstərilən təzyiqə qarşı reaksiyadır:
"Bu, Qərbin hərbi olmayan, lakin az qala hərbi müdaxilə qədər təsirli olan iqtisadi alətlərinin də gündəmə gətirildiyini göstərir. Lavrovun mesajında siyasət, iqtisadiyyat və təhlükəsizlik eyni tənliyin tərkib hissəsi kimi qiymətləndirilir.
Bu açıqlama İran üçün verilmiş sadə dəstək bəyanatından xeyli artıq məna daşıyır. Rusiya Yaxın Şərqdə rejim dəyişikliyi, daxili qarışıqlıq və hərbi təzyiq üzərindən formalaşan köhnə reflekslərin artıq qəbul edilməyəcəyini bildirir. Bu, həm Qərbə, həm də bölgədəki digər aktorlara ünvanlanmış açıq və ciddi xəbərdarlıqdır".