Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

04.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 4 noyabr, AZƏRTAC

Azərbaycan Avropa ilə Asiya arasında yeni ticarət marşrutunun formalaşmasına mühüm töhfə verməklə Orta Dəhlizin inkişafı prosesinin mərkəzində yer alır.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində ekspert, Kahramanmaraş şəhərindəki Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl bildirib.

Onun sözlərinə görə, hazırda region mühüm dəyişikliklər dövrü yaşayır və əlverişli geostrateji mövqeyə malik Azərbaycan bu prosesdə əsas iştirakçılardan biridir.

Ekspert Bakının Qars istiqamətində dəmir yolu marşrutunun formalaşdırılması, eləcə də Zəngəzur dəhlizi təşəbbüsünün inkişaf etdirilməsi istiqamətindəki səylərini qeyd edib: “Zəngəzur dəhlizi təkcə Orta Dəhlizin yeni hissəsi deyil, həm də tarixi ədalətin bərpasının göstəricisidir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında əlaqənin bərpası Asiya ilə Avropa arasında yükdaşımaların təşkil edilməsi qədər mühüm əhəmiyyət daşıyır”.

Toğrul İsmayıl qeyd edib ki, dünyanın müxtəlif bölgələrində, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Zəngəzur dəhlizinin strateji əhəmiyyəti daha da artacaq:“Naxçıvandan keçəcək yeni dəhliz, şübhəsiz ki, bütün Avrasiyada transformasiya prosesinə təkan verəcək”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanın güclənməsində də mühüm amil olacaq:“Burada bir neçə amil bir araya gəlir: yeni marşrut həm Azərbaycan, həm Ankara ilə Bakı arasındakı münasibətlər, həm bütün Türk dünyasında əməkdaşlıq, həm də Avropa ilə Çin arasındakı ticarət üçün əhəmiyyətlidir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью