Türk kriminalı rus kəşfiyyatının xidmətində │ TOP SECRET

24.11.2026

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Polşanın Şərqi Avropa Araşdırmaları Mərkəzinin (OSW) hesabatına görə, Türkiyədə mütəşəkkil cinayətkarlığın yeni növü təxminən 10 il əvvəl ortaya çıxıb. Ənənəvi mafiyadan fərqli olaraq, bu cür qruplaşmalar əsasən gəncləri sosial şəbəkələr və messencerlər vasitəsilə cəlb edir. Həmin gənclər şəxsən tanımadıqları şəxslərdən “Telegram” və ya “WhatsApp” vasitəsilə qətl, hədə-qorxu və yanğın törətmək kimi tapşırıqlar alırlar.
Problemin miqyası getdikcə böyüyür: Təkcə İstanbulda ilin əvvəlindən bəri yeni cinayətkar qruplaşmalara qarşı 190 əməliyyat keçirilib və 2000-dən çox şəxs saxlanılıb. OSW bu dəstələrin çoxalmasını iqtisadi böhran, gənclər arasında işsizlik və qeyri-qanuni silah əldə etməyin asanlaşması ilə əlaqələndirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, Türkiyədə 15-29 yaş arası əhalinin 27%-i nə təhsil alır, nə də işləyir.
Bu qruplaşmaların arasında “Daltonlar” dəstəsi xüsusilə fərqlənir. Dəstənin “Can Dalton” kimi tanınan 29 yaşlı lideri Beratcan Gökdəmir 2024-cü ildən Rusiyada gizlənir. 1997-ci ildə İstanbulda anadan olmuş Gökdəmir Türkiyədə törətdiyi ağır cinayətlərə görə axtarışdadır. Türkiyə KİV-lərinin məlumatına görə, o, Moskvada Rusiya xüsusi xidmət orqanlarının himayəsi altındadır və qruplaşmaya rəhbərlik etməkdə davam edir. Ankara dəfələrlə onun ekstradisiyasını tələb etsə də, Moskva indiyədək heç bir addım atmayıb.
OSW-nin fikrincə, Rusiyanın xüsusi xidmət orqanları Ukraynaya hərbi dəstəklə bağlı infrastruktura qarşı təxribatlar törətmək üçün yenidən Türkiyə cinayətkar qruplaşmalarından istifadə edə bilər. “Türkiyənin kriminal dəstələri Avropanın təhlükəsizliyi üçün təhdidə çevrilir”, — deyə mərkəzin analitikləri bildirirlər.
“Der Spiegel” nəşrinin yaydığı xəbərə görə, Polşada “Starlink” stansiyasının yandırılması ilə bağlı Almaniyada iki Türkiyə vətəndaşı saxlanılıb. İstintaq onların onların “Daltonlar” qruplaşması ilə əlaqəsini və təxribatın Rusiya kəşfiyyatının təlimatı ilə həyata keçirilib-keçirilmədiyini araşdırır. Şübhəlilərin Polşaya ekstradisiyası məsələsinə Ştutqart Ali Əyalət Məhkəməsi baxır.
Tariyel Həsənov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью