Türk ölkəsində xərçəngə qarşı xüsusi dərman 2027 dən satışda

13.11.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanda xərçəng xəstəliyinin müalicəsi üçün hazırlanan ilk yerli dərmanın 2027-ci ilin ortalarında bazara çıxarılması planlaşdırılır.

Turkustan.az xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek məlumat verib.

Nazirin sözlərinə görə, yeni preparat klinik sınaqların birinci mərhələsini başa vurub və alimlər ikinci mərhələyə keçməyə hazırlaşırlar.

“Gələn ilin ortalarına qədər dərmanın hazırlanmasını başa çatdırmağı və tədricən bazara çıxarmağı planlaşdırırıq”, – deyə Nurbek bildirib.

Söhbət Qazaxıstanın Nazarbayev Universitetinin Astana Milli Laboratoriyasında professor Dos Sarbasovun rəhbərliyi ilə hazırlanan DVC adlı xərçəng əleyhinə preparatdan gedir.

Yeni dərmanın hazırlanmasında əsas məqsəd şiş hüceyrələrinin fəaliyyətinə və onların inkişafını təmin edən mexanizmlərə təsir göstərməkdir. Preparatın tədqiqində D vitamininin xüsusi forması ilə arsen trioksidinin birgə tətbiqi nəzərdən keçirilir.

Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin daha əvvəl açıqladığı məlumatlara əsasən, ilkin klinik sınaqlarda yoğun bağırsaq xərçənginin dördüncü mərhələsində olan 15 xəstə iştirak edib. Nazirliyin bildirdiyinə görə, həmin xəstələrdə şiş törəmələrinin ölçülərində orta hesabla 30 faiz azalma müşahidə olunub.

İkinci mərhələdə preparatın müxtəlif xərçəng növlərinə qarşı təsirinin, təhlükəsizliyinin və uyğun dozasının daha geniş şəkildə araşdırılması nəzərdə tutulur.

Qazaxıstan hökuməti daha əvvəl klinik tədqiqatlara minlərlə xəstənin cəlb edilməsinin planlaşdırıldığını açıqlayıb. Sınaqların Astana, Almatı və Pavlodarda aparılması nəzərdə tutulub.

Dərmanın hazırlanması əvvəlcə 2025-ci ildə başa çatdırılmalı idi. Lakin klinik sınaqlara tətbiq edilən ciddi milli və beynəlxalq tələblər səbəbindən proses uzanıb.

Nazirlik preparatın ilkin mərhələdə Qazaxıstanda və Avrasiya İqtisadi İttifaqı ölkələrində qeydiyyata alınmasını hədəfləyir./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью