Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bu qədim irsi xalqlarımız birgə öyrənir və zənginləşdirirlər
Bu günlərdə internetdə Türkmənistan mediasını izləyərkən qarşıma maraqlı bir xəbər çıxdı. Orada qeyd olunurdu ki, bir qrup türkmən etnoqrafı Mərkəzi Asiya dövlətlərindən olan həmkarları ilə birlikdə Rusiya Federasiyasının Altay diyarında “Böyük Altay: Türk irsi” adlı etnoqrafik ekspedisiyada iştirak edib. Ekspedisiya artıq uğurla başa çatıb, alimlər apardıqları araşdırmalar barədə geniş ictimaiyyəti məlumatlandıracaqlar.
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrində türk xalqlarının qədim və zəngin mədəni irsinin öyrənilməsinə xüsusi önəm verirlər. Sevindirici və təqdir olunmağa layiq haldır. Yaxşı cəhət həm də odur ki, indiki ekspedisiyanı Türkmənistan qonşu ölkələrin alimləri ilə birgə həyata keçirib. Təşkilatçılar bu qəbildən olan elmi araşdırmaları davam etdirməyi qərara alıblar.
Sual yarana bilər: biz keçmişi niyə öyrənirik? Bu suala saysız-hesabsız cavab söyləmək olar. Məncə, burada, sadəcə görkəmli türk ordu komandanı, 1920-ci ildə Naxçıvanın daşnak Andronikin başkəsən quldur dəstələrindən qorunub müdafiə olunmasında misilsiz xidmətləri olan Kazım Qarabəkir Paşanın sözlərini xatırlatmaq kifayət edər: “Keçmişini yaxşı bilən millət kökü sağlam olan ağac kimidir. Tarixi oxuyaraq bu ağacı sulamaq lazımdır”. Bəli, öz xalqının tarixini və mədəniyyətini dərindən bilmək hər bir xalq üçün son dərəcə vacibdir.
Mərkəzi Asiyanın türk dövlətlərində yaşayan xalqlar Altay bölgəsini ulu əcdadlarının vətəni hesab edirlər. Geniş coğrafi ərazidə məskunlaşan türk soylarının folklorunu, yaşayış tərzini, geyim və mətbəxini, dini inanclarını və s. öyrənmək vacibdir. Bu mənada, yuxarıda adıçəkilən ekspedisiyanın təşkilatçılarının məramını yalnız alqışlamaq olar.
“Gorno-altaisk.info” saytı isə yazır ki, ekspedisiyanın marşrut üzrə ilk dayanacağı Altay diyarındakı Biysk şəhəri olub, daha sonra tədqiqatçı alimlər Turoçak rayonunda yaşayan yerli və azsaylı icmaların həyat və məişət tərzi ilə yaxından tanış olublar. Elmi ekspedisiyanın marşrutu diyarın Ust-Kan və Ust-Koksa rayonları ərazisində sona çatıb.
Türk xalqları arasında tarixi mədəni əlaqələrin güclənməsinə regionda keçirilən nüfuzlu idman yarışları da töhfə verir. Nümunə göstərə bilərik. Bu günlərdə TDT-yə üzv dövlətlərin idmançıları Qırğızıstanda keçirilən 6-cı Dünya Köçəri Oyunlarına (DKO) böyük həvəslə qatılıblar. TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin mərasimdə iştirak etmələri DKO-nun Türk dünyası üçün xüsusi əhəmiyyətini bir daha nümayiş etdirib.
Yeri gəlmişkən, bu il avqustun 31-də Bişkekdə Oyunların təntənəli açılış mərasimində iştirakçı nümayəndə heyətlərinin paradı ilə yanaşı, köçəri sivilizasiyaların zəngin irsini, ənənə və adətlərini əks etdirən genişmiqyaslı mədəni-bədii proqram təqdim olunub. Açılış paradında 104 ölkədən 3 mindən çox idmançının iştirak etməsi, əlbəttə, Oyunların qlobal miqyasını göstərir.
Ekspertlər hesab edirlər ki, cıdır yarışları, güləş və oxçuluq kimi ənənəvi idman növlərini mədəni və elmi tədbirlərlə bir araya gətirən DKO çağdaş dönəmdə köçəri xalqların əsrlərdən bəri qorunub saxlanılan irsinin yaşadılması, təbliği və bu ənənələrin gələcək nəsillərə ötürülməsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır. Azərbaycanlı idmançılar bu yarışlarda bir qayda olaraq yüksək göstəricilər əldə ediblər və bu dəfə də fərqləniblər.
...Türk dünyasının ən böyük mənəvi sərvəti ortaq dilidir. Buna görə də türk xalqlarının dili və ədəbiyyatının təbliği son dərəcə böyük əhəmiyyət kəsb edir. Bir çox mütəxəssislər hesab edirlər ki, ortaq dil üzrə yaxınlaşma prosesini nə süni şəkildə surətləndirmək, nə də gecikdirmək olar. Yaxşı haldır ki, bu sahədə də önəmli işlər görülür.
Bu günlərdə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə tanınmış şair-tərcüməçi Akif Əhmədgil bir neçə tanınmış şair və tərcüməçi ilə bərabər türk poeziyasının inkişafındakı xidmətlərinə görə “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. Bu günlərdə redaksiyamıza təşrif buyuran Akif müəllim söhbət zamanı bidirdi ki, onun görkəmli şair Şahmar Əkbərzadənin şəxsiyyətinə və poeziyasına daim dərin hörməti olub. Təbii ki, sevimli şairin adını daşıyan bu yüksək mükafat onun üçün xüsusi önəm kəsb edir.
Qeyd edək ki, Akif Əhmədgil artıq 40 ilə yaxındır ki, türk xalqları ədəbiyyatından uğurlu tərcümələri ilə tanınır. Hələ 1980-ci illərin sonlarında o, görkəmli türkoloq, tənqidçi Aydın Məmmədovun təklifilə böyük qazax şairi Oljas Süleymenovun məşhur “Az i YA” kitabındakı mənzum parçaları Azərbaycan dilinə tərcümə edib. Sonrakı illər ərzində dəfələrlə Qazaxıstanda olub, bu qardaş xalqın bir çox tanınmış şairlərinin poetik nümunələrini dilimizə çevirib.
Akif Əhmədgil Türk dünyası ilə bağlı həyatında silinməz iz qoyan bir hadisəni xatırlayaraq dedi:
– 1987-ci ildə Gənc Şairlərin Ümumittifaq Poeziya Festivalında iştirak etmişəm. Həmin il festival Alma-Atı şəhərində keçirilirdi. Görkəmli qazax şairi Oljas Süleymenov yenicə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi vəzifəsinə seçilmişdi. O, festival iştirakçılarını çox səmimi qarşıladı, mənim Bakıdan gəldiyimi biləndə çox sevindi. Ayrılanda məndən Azərbaycandakı dostları Aydın Məmmədova, Bəxtiyar Vahabzadə və Şahmar Əkbərzadəyə xüsusi salamlarımı çatdırmağımı xahiş etdi. Mən, əlbəttə, Bakıya gələn kimi, onun xahişini dərhal yerinə yetirdim.
Şair-tərcüməçi Akif Əhmədgil söylədi ki, bu gün həm bizdə, həm də əcnəbi ölkələrdə bir çox ədəbi dairələrdə belə bir fikir formalaşıb ki, Oljas Süleymenovun şeirləri tərcüməyə bir o qədər də rahat gəlmir. Mən də bu fikirlə razıyam. Ona görə ki, bu şeirlər ağır məna yükü daşıyır, onların bir qayda olaraq dərin sətiraltı mənaları var, bir sözlə, məzmunca çox dolğundur. Eyni zamanda, bu, çoxqatlı, dəyərli poeziyadır! Oljasın şeirlərində qazax xalqının əbədi azadlıq, istiqlal ruhu təcəssüm olunub!
“Az i YA”nın müəllifi, böyük qazax şairi Oljas Süleymenov ölkəmizin ən yaxın və etibarlı dostlarındandır. Onun 1990-cı ilin 20 Yanvar faciəsinin ilk saatlarında təcili surətdə Bakıya gələrək milli istiqlal savaşına qalxan Azərbaycana birmənalı dəstək verməsini xalqımız heç vaxt unutmayacaq.
Şahbaz ŞAMİOĞLU,
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor
Türk toplumlarının öz tarixi mədəni irsinin öyrənilməsinə və bu irsin qorunmasına diqqət yetirmələri müsbət hadisədir. Reallıq budur ki, TDT-yə üzv dövlətlər arasında bütün sahələrdə, eləcə də mədəni sahədə əlaqələr sürətlə genişlənir. Azərbaycan dövləti bu prosesin aparıcı qüvvələrindən biri kimi çıxış edir.
Bu gün planetimizdə formalaşan yeni dünya düzəni çox ağrılı keçir. Faktiki olaraq, dünyada sivilizasiyaların savaşı baş verir. Belə bir taleyüklü məqamda türk xaqları və dövlətlərinin birliyi və həmrəyliyi həyati əhəmiyyət kəsb edir. Son illər qardaş ölkələr arasında siyasi, hərbi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlar hamımızı sevindirir. Bu gün bu əlaqələri daha da gücləndirmək, bütövlükdə, türk xalqlarının təhlükəsizliyini təmin etmək hava-su kimi vacibdir.
Türkdillli dövlətləri birləşdirmək məramı daşıyan Böyük Turan Avrasiyanın geniş üfüqlərindən yeni real regional güc olaraq boylanır. 6 il əvvəl, 2020-ci ilin payızında Qarabağda aparılan 44 günlük şanlı savaşda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın öz əzəli torpaqlarını işğalçı Ermənistan silahlı qüvvələrindən azad etməsi bütün Türk dünyasında ruh yüksəkliyi yaradıb. Bu ölkələrin vətəndaşları bizim qələbəmizə öz uğurları kimi sevinir və gələcəyə böyük ümidlər bəsləyirlər.
Burada bir məqamı vurğulamağa ehtiyac duyuruq. Türk xalqlarının yaxınlaşması bəzi siyasi qüvvələrdə qısqanclıq yaradır. Onlar bu prosesi ləngitməyə və qarşısını almağa cəhd edirlər. Qoy rəqiblərimiz eşitsinlər və bilsinlər ki, türk xalqlarının heç bir ölkənin torpaqlarında gözü yoxdur.
Türklər qurub-yaratmaqdan zövq alan, ədalətli və sülhsevər xalqdır. Biz sülhü və ədaləti təkcə özümüz üçün deyil, bütün bəşəriyyət üçün arzulayırıq və bu yolda hər şeyə hazırıq! Bununla bərabər, heç vaxt unutmayaq ki, biz yalnız birlikdə olmaqla daha güclü, qüdrətli və yenilməz qüvvəyə çevriləcəyik!
Məsaim ABDULLAYEV
XQ