Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Müsahibimiz görkəmli ədib və ictimai-siyasi xadim Hidayət Orucovdur
– Hidayət müəllim, sizin 60 ildən artıq davam edən ədəbi-ictimai fəaliyyətinizdə ümumtürk etnik-mədəni kimliyinin öyrənilməsi və tanıdılması davamlı və önəmli yer tutur. I Türkoloji Qurultayın tarixi və ideyaları ixtisasca filoloq olduğunuzdan sizə on illər əvvəldən yaxşı məlumdur. Ümumtürk mədəni tarixinin parlaq səhifələrindən olmuş bu elmi-məfkurəvi forumun Azərbaycanda keçirilməsi ideyası nədən qaynaqlanmış və özünü necə doğrultmuşdur?
– Tarixdə ilk türkoloji elmi məclisin Bakıda təşkil edilməsi heç də təsadüfi olmamışdı. Qurultayın əsas məsələsi türk-islam dünyasında, xüsusən SSRİ-nin türkdilli respublika və toplumlarında kütləvi savadlanmağa, eləcə də kommunist təbliğatının geniş yayılmasına meydan açan əlifba islahatı məsələsi idi. Azərbaycan ziyalıları yarım əsrdən artıq idi ki, bu sahədə müəyyən təşəbbüslər göstərmiş, elmi-pedaqoji təməllər yaratmışdılar.
Rusiya imperiyası Qafqazı işğal edəndən sonra özünə bir köynək yaxın bildiyi xristian Gürcüstanının paytaxtı Tiflisi regionun inzibati-mədəni mərkəzi kimi inkişaf etdirirdi. XIX əsrin əvvəllərində dövlət müstəqilliyini itirmiş Şimali Azərbaycanın barmaqla sayılacaq qədər ziyalıları bu səbəbdən Tiflisdə cəmləşmişdi. Şərq və Qərb mədəniyyətlərinə dərindən bələd olan yerli zadəganlar Abasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə Rusiya imperiyasının Qafqaz canişinliyində yüksək məmur vəzifələrində çalışırdılar. Maarifçi şair-pedaqoq Mirzə Şəfi Vazeh də bu şəhərdə məktəbdarlıq, xəttatlıq edirdi.
Azərbaycana maraq göstərən Rusiya və Qərb dövlətlərinin ziyalıları bu 3 qabaqcıl fikirli insanın timsalında ölkəmiz barədə bilgilər əldə edirdilər. Azərbaycan maarifçiliyinin özəyini təşkil edən həmin 3 mötəbər ziyalı, xüsusən Mirzə Fətəli Axundzadə xalqımızın gələcək inkişafını dünyəvi təhsilin və elmi biliklərin yayılmasında görürdülər. Bu dövrdə hakim dairələr yerli xalqları dövlət həyatının yenilikləri ilə tanış etmək, öz təbliğatını qurmaq üçün türk dilində də qəzet nəşr etmək təşəbbüsü göstərmişdi. Rus dilini bilən ziyalılar yetişdirmək üçün qəza mərkəzlərində ibtidai məktəblər də açılmışdı.
Lakin ərəb əlifbasının mürəkkəbliyi ana dilində oxuyub-yazmağı təlim edən məktəblərin açılmasına, türk dilində qəzetçilik fəaliyyətinə, eləcə də milli ədəbiyyatın nəşrinə ciddi maneə yaradırdı. Çar xanədanının başbilənləri Qafqazın üstünlük təşkil edən türk-müsəlman əhalisini İslam dinindən, Şərq mədəniyyətindən ayırıb ruslaşdırmaq üçün ilk təsirli addımı ərəb əlifbasını əvəz edəcək, islah olunmuş yeni yazı qrafikasına keçilməsində görürdülər.
Bu zərurətə milli mövqelərdən yanaşan Mirzə Fətəli Axundzadə isə əməli addım olaraq ana dilimizdə hər səsi 1 işarə ilə bildirən sadə əlifba tərtib etmişdi. O, öz əlifba sisteminin Qafqazın qonşuluğunda – İslam dünyasında üstün nüfuz sahibi olan Osmanlı və Qacar imperiyalarında rəsmən qəbul edilməsi ilə ölkəmizdə də asan yayıla biləcəyini düşünürdü. Mirzə Fətəli bu məramla hər iki ölkənin ixtiyar və nüfuz sahibləri ilə yazışmalar aparmışdı, Türkiyə və İrana gedib yüksək çinli məmurları ərəb əlifbasını islah edilmiş yazı sistemi ilə əvəz etməyə razı salmağa çalışmışdı. Lakin onu hörmətlə qəbul edib, əliboş geri qaytarmışdılar.
– Mirzə Fətəli Axundzadə bu məsələyə türk-müsəlman xalqlarının kütləvi savadlanması, maarifçilik baxımından yanaşsa da, Osmanlı və Qacarlar dövlətində bu layihənin Rusiyanın hakim dairələrindən İslam dininə qarşı yönəldiyini zənn edib geri çəkilmişdilər. Bildirilmişdi ki, ərəb əlifbası Quran yazısıdır, ondan imtina etmək İslama da, türklüyə də ziyan gətirər.
– Mirzə Fətəli Axundzadənin bu inadlı cəhdlərindən 60-70 il keçəndən sonra keçirilmiş I Türkoloji Qurultayın gedişində də ərəb əlifbasına tərəfdar çıxanlar tapılmışdı. Niyə uzağa gedirik, elə indinin özündə də ərəb əlifbasından imtina edilməsinin o zaman səhv qərar olmasını düşünənlər var. Belələri islah olunmuş əlifbanın türk-müsəlman xalqlarının kütləvi savadlanmasında rolunu ya görmürlər, ya da SSRİ-də baş vermiş elmi-mədəni tərəqqini bolşeviklərin öz ideyalarını yaymaq, hakimiyyətlərini möhkəmləndirmək siyasəti kimi başa düşürlər.
– Yeri gəlmişkən, xatırlayaq ki, böyük maarifçi-demokrat Həsən bəy Zərdabi ilk milli qəzetimiz “Əkinçi”nin nəşri uğrunda cidd-cəhlə mübarizə aparanda Mirzə Fətəli Axundzadə onun bu niyyətinin baş tutmasına ümidsiz yanaşmış, bir məktubunda yazmışdı ki, ərəb əlifbası ilə buraxılan qəzeti savadsız adamlar oxuya bilməyəcəklər. Bu əlifba və məktəb-müəllim azlığı hamılıqla savadlanmağa mane olur.
– Bəli, bu, eyni məsləkli iki böyük ziyalımızın kütləvi maariflənməyə münasibətində taktiki fikir ayrılığı idi. Hər ikisi də haqlı idi. Həsən bəy deyirdi ki, hələlik, əlifbanı dəyişmək mümkün deyil. Az sayda adam Quranı, Çərəkəni, digər ədəbiyyatı ərəb əlifbası ilə də oxuyur. Xalqı ayıltmaq üçün bizə qəzet lazımdır. Oturub gözləyə bilmərik ki, nə vaxt əlifba dəyişəcək. Düzdür, Zərdabi 1875-ci il iyulun 22-də ilk qəzeti hasilə gətirdi. Lakin ikinci nömrədən sonra oxucu azlığından şikayətlənməyə başladı.
Həsən bəy xalqı o qədər elm-təhsilə çağırdı ki, axırda Mirzə Fətəli dözə bilməyib “Əkinçi”yə yazdı ki, əlifba çətin, ana dilli müəllim, məktəb də yox dərəcəsində. Xalq necə savadlanıb qəzet oxusun? Onda Zərdabi daha böyük inamla bildirdi ki, biz xalqın öz vəsaiti hesabına məktəblər açmalı, müəllimlər yetişdirməliyik ki, milli təhsilimiz tezliklə inkişaf etsin. Sonrakı illərdə Həsən bəy Bakı Dumasının deputatı olanda əhalinin vəsaiti ilə 13 belə məktəb açılmasına nail olmuşdu. Beləliklə, oxuyub-yaza bilənlərin sayı tədricən çoxalmışdı. XX əsrin əvvəllərindən başlayaraq “Əkinçi” yolunu davam etdirən “Şərqi Rus”, “Həyat”, “Molla Nəsrəddin”, “Füyuzat”, “İrşad”, Tazə həyat”, “İşıq”, “Açıq söz”, “Dəbistan”, “Məktəb” kimi çoxsaylı qəzet-jurnallar ərsəyə gəlmişdi.
Maarifçi-demokrat ziyalılarımızın milli oyanış prosesini inkişaf etdirməsi ilə Bakı Rusiyanın türk-müsəlman xalqları üçün mədəni mərkəzinə çevrilmişdi. Bu prosesdə Rusiyanın ilk türk qəzeti, ilk türk teatrı, Şərqin ilk operası və digər xeyli ilklər Bakıda yaranmışdı. Ən əsası da o olmuşdu ki, 1918-ci ilin 28 mayında türk-müsəlman dünyasının ilk demokratik cümhuriyyəri Azərbaycanda qurulmuşdu. XIX əsrin ikinci yarısından neft sənayesinin sürətli inkişafı ilə Qafqazın ən sivil şəhərinə çevrilən Bakı bu milli dövlətin paytaxtı olmuşdu.
AXC-nin 2 ilə yaxın fəaliyyəti dövründə həyata keçirilən milli dövlət quruculuğu Bakının Qafqazda və Yaxın Şərqdə siyasi-mədəni mərkəz rolunu önə çəkmişdi. Sonrakı bir neçə ildə də Azərbaycan və Bakı sürətlə türk-müsəlman dünyasının sivil mərkəzinə çevrilmişdi.
1920-ci ilin bolşevik işğalından sonra Azərbaycana hökm edən Moskvanın kommunist rəhbərliyi Bakını qırmızı inqilabı Türkiyə, İran, Əfqanıstan və digər Şərq ölkələrinə yaymaq üçün əlverişli bir məkan hesab edirdi. Bu məqsədlə də Azərbaycan sovetləşdiriləndən 4 ay sonra – sentyabrın 1 – 7-də bolşevik lider Vladimir Leninin yaratdığı və kommunist inqilabını dünyaya yaymağı qarşısına məqsəd qoymuş Komintern Bakıda Şərq Xalqlarının I qurultayını keçirmişdi.
Beləliklə, Bakının beynəlxalq miqyaslı tədbirlər üçün uyğun məkan olmasının 3 əsas səbəbi var idi. Əvvəla, o zaman bu şəhərin ən böyük neft mərkəzi olması onu dünya miqyasında tanıtmışdı. İkincisi, tarixi təməllər üzərində Avropa mədəniyyətinin sürətlə mənimsənilməsi Bakını Şərqdə də, Rusiyanın türk-müsəlman xalqları arasında ən sivil bir şəhərə çevirmişdi. Nəhayət, çar imperiyasının varisi olan sovet Rusiyasının hakim mövqe tutduğu qırmızı imperiya Azərbaycanı mədəni sferada inkişaf etdirməklə, ən azı, Türkiyə və İranı kommunist quruluşunun üstünlüyünə təşviq etmək istəyirdi.
Dünyada yaşayan türk xalqlarının mədəni inkişafını, milli-etnik problemlərinin öyrənilib aradan qaldırılmasını gündəmə gətirmiş Türkoloji Qurultay da məhz belə bir şəraitdə – həm türk dünyasında qazandığı öncül mövqeyə, həm coğrafi baxımdan türk arealının mərkəzində yerləşməsinə, həm də Moskvanın açıq-gizli niyyətlərinə uyğunluğuna görə Bakıda təşkil edilmişdi.
Əlavə edək ki, Rusiya Şərqi həmişə Azərbaycan vasitəsi və azərbaycanlıların zəkası ilə öyrənib. Avropa şərşünaslığının çıxış nöqtəsi Macarıstan və Armin Vamperi olduğu kimi, Rusiya elmi şərqşünaslığı da Azərbaycandan qaynaqlanıb, Mirzə Kazım bəylə, Mirzə Cəfər Topçubaşovla kamala çatıb.
Bakı bu gün də Şərq və Qərb mədəniyyətlərinin üzvi surətdə qovuşduğu, Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən geosiyasi və etnik-mədəni mərkəz kimi tanınır və bu rolunu daha üstün formalarda davam etdirir. Türk Dövlətləri Təşkilatının və Türk dövlətlərinin ayrı-ayrı təsisatlarının Azərbaycan paytaxtında keçirilən Zirvə görüşləri, Bakı Beynəlxalq Multikulturalzm Mərkəzinin daimi fəaliyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Bakı Qlobal Forumları, BMT, UNESCO və İSESCO-nun, digər dünya qurumlarının mötəbər məclisləri ölkəmizin beynəlxalq düzəndə önəminin göstəricisi olmaqla yanaşı, həm də bu sahədə ənənələrə sadiqliyinin, qazandığı tarixi təcrübəni bəşəri töhfəyə çevirə bilməsinin təsdiqidir.
– I Türkoloji Qurultayın məram və qərarları Azərbaycanın dövlət müstəqilliyi dövründə xalqımızın və Türk dünyasının tarixində önəmli rol oynamış nadir tarixi hadisə kimi dəyərləndirilərək dərindən öyrənilib. Qurultayın 80, 90 və 100 illik yubileyləri onun ideyalarını yenidən və iri planda gündəmə gətirir.
– Azərbaycan ilk türkoloji məclisin təşkilatçısı olduğu kimi, milli ziyalılarımız qurultayın gedişinə təşəbbüskarlıqla yön veriblər, onun müzakirələrində fəallıqla iştirak ediblər, qəbul olunan qərarlarda öz mövqelərinin ifadə edilməsinə nail olublar. Qurultayın əsas uğuru sayılan latın qrafikalı əlifbaya keçilməsində, türk irsinin toplanıb öyrənilməsində də Azərbaycan öncüllük edib.
Ötən əsrin 50-ci illərindən başlayaraq sovet rejiminin verdiyi icazə çərçivəsində ölkəmizdə türkoloji tədqiqatlar davam etdirilib, Bakı SSRİ-də türkoloji mərkəz rolunu qoruyub saxlayıb. Müstəqillik dövründə isə azərbaycançılığın rəsmi dövlət ideologiyasına çevrilməsi ilə yanaşı, türkoloji tədqiqatlar da bütün qadağa və məhdudiyyətlərdən xilas edilib. Ölkəmiz türkoloji irsə çağdaş türk birliyinin ideya-məfkurəvi özülü kimi yanaşır.
Bakı türkoji qurultayının yubileylərinin Prezident İlham Əliyevin sərəncamları ilə dövlət səviyyəsində qeyd edilməsi də Türk dünyasında bir örnək təşkil edərək bu birliyin möhkəmləndirilməsinə, ortaq hədəflərin dügün seçilməsinə və ardıcıl gerçəkləşdirilməsinə xidmət edir. Ötən 2 yubileydə olduğu kimi, indiki 100 illik də ölkəmizdə türkoloji qurultayın irsinə böyük maraqla, qurultay iştirakçılarının xatirəsinə dərin ehtiramla müşayiət olunur.
– Doğrudan da, bu qurultay keçirildiyi dövrün məhdud imkanlarına, ideoloji çərçivələrə baxmayaraq türk xalqlarını milli ziyalılarının misilsiz fədakarlığı, kənar xalqların türkoloqlarının türk xalqlarının tarixinə və mədəniyyətinə sivil münasibəti ilə əlamətdar olub.
– Azərbaycan paytaxtı 1926-cı ilin fevral – martında, sadəcə, beynəlxalq elmi konfransa deyil, bütün Türk dünyasının mədəni və mənəvi irsinin zənginliyini dünyaya nümayiş etdirən irimiqyaslı bir festivala, növbəti yüksəlişə meydan açan tarixi qərarlar forumuna şahidlik etmişdi. Türkoloji qurultay türk xalqlarının tarixində həm elmi tərəqqi, həm də mədəni yüksəliş yollarını arayıb-axtarmışdı. Bu qurultay, bütünlükdə, türk ölkələrinin və toplumlarının tarixində ortaq dəyərləri, elmi-mədəni tərəqqi yollarınıa işıq salan tarixi hadisə kimi yazılıb.
İndiki nəsillər bir əsrdən sonra bu ideyalara yeni nəfəs verir, türk xalqlarının birliyinin əsası olan dil, elm və mədəniyyət amillərini yenidən aktuallaşdırır. Mütəxəssislər haqlı olaraq bildirirlər ki, 1926-cı ildə Bakıda əsası qoyulan elmi və mənəvi platforma bir əsrdən sonra yeni tarixi mərhələyə yüksəlir.
Bizim günlərdə Bakı qurultayının məram və hədəflərinə yenidən baxmaq, onun qərarlarının nə dərəcədə gerçəkləşdiyini müəyyən etmək, növbəti vəzifələri seçib-ayırmaq mənəvi zərurətdir. Araşdırmalar göstərir ki, I Türkoloji Qurultay elmi-praktik məclis olmaqla yanaşı, siyasi mahiyyət də daşıyırdı. Toplantı SSRİ-də yaşayan türk xalqları arasında elmi əməkdaşlığın, milli özünüdərkin, həm də mədəni inteqrasiyanın yollarına işıq salmışdı və müəyyən mənada buna nail olmuşdu da.
Qurultayda Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Krım, Yakutiya və digər türk diyarlarından gəlmiş görkəmli türkoloq və ziyalıların millii quruculuq ideyalarının ortaq məqamlarını müəyyən etməsi böyük bir gələcəyə işıq salmışdı. İndi biz bu işığı daha aydın görür və minnətdarlıqla dəyərləndiririk.
Qurultayın məqsədi türk xalqları arasında əlifba və yazı sistemi üzərində ortaqlıq yaratmaq, elmi terminologiyanı birləşdirmək, türk dillərinin və bu dildə ifadəsini tapmış mədəni irsin sistemli öyrənilməsini təşkil etmək idi. Öz xalqlarının taleyinə məsul olan görkəmli türk xadimlər – Əli bəy Hüseynzadə, Səməd Ağamalıoğlu, Bəkir Çobanzadə, Zəki Vəlidi Toğan, Fuad Köprülü, Əhməd Baytursun, Qalimcan Şərəf, eləcə də Vasili Bartold, Aleksandr Samoyloviç, Nikolay Poppe, Gyula Mesaroş, Ağafanqel Krımsi, Aleksandr Miller, Yevgeni Bertels, Artur Zifeldt, Nikolay Asmarin kimi dünyaca məşhur böyük türkoloqlar türk soyunun pozulmuş tarixi köklərinə qayıdışı, gələcək mədəni anlaşmaya, ünsiyyət birliyinə və mənəvi varisliyə körpü salmaq üçün elmi-nəzəri və əməli-təcrübi amilləri fədakarlıqla, inadla dövriyyəyə gətirmişdilər.
Sovet ideoloqları formal olaraq “millətlərin öz müqəddəratını təyin etməsi” prinsipini qəbul etmişdilər. Amma reallıqda imperiya türk xalqları arasında milli oyanışdan ciddi şəkildə ehtiyat edirdi. Belə bir şəraitdə Bakıda bu miqyasda elmi-mədəni hadisə həm elmi, həm də siyasi mənada uğurlu addım idi.
– Aparılan elmi müzakirələrin arxasında hansısa gizli siyasi məqamlar dayanırdımı?
– Bu sual indi daha çox gündəmdədir. Üstündən 100 il keçən I Türkoloji Qurultayın həm görünən, həm də görünməyən tərəfləri barədə dilçi və tarixçilər yeni fikirlər söyləyirlər. Görünən tərəfi ondan ibarətdir ki, bu elmi toplantıda türklüyün elmi və mədəni birliyini müzakirə etmişdilər.
Qurultayın görünməyən tərəfi isə bu olub ki, sovet rejimi həmin toplantıdan “millətçi”ləri üzə çıxarmaq və “zərərsizləşdirmək” üçün istifadə edib. Qurultay zahirən elmi xarakter daşısa da, onun arxasında ciddi ideoloji gərginliklər olub. Türk xalqları arasında ortaq mədəni və elmi əməkdaşlıq ideyası Moskva üçün “pantürkizm” anlayışı ilə eyniləşdirilib. Türk dillərinin yaxınlığı, ortaq köklərin vurğulanması və mədəni inteqrasiya məsələləri sovet rəhbərliyi tərəfindən potensial təhlükə kimi qiymətləndirilib.
Xüsusilə, ortaq latın əlifbasına keçid ideyası, türk dillərinin bir sistemdə öyrənilməsi və milli ədəbiyyatların qarşılıqlı təsiri kimi məsələlər sonradan repressiya dalğalarının ideoloji əsaslarından birinə çevrilib. I Türkoloji Qurultay həm böyük intellektual yüksəlişin, həm də milli faciənin başlanğıcı olub.
– Azərbaycan ziyalıları Türkoloji Qurultaya hansı töhfə vermişdilər?
– Serial məclisdə ölkəmizin 20-dək görkəmli ziyalısı iştirak etmişdi. Bəkir Çobanzadənin “Türk dillərinin fonetikasında sait və samitlərin sintezi”, Hənəfi Zeynallının “Məktəblərdə tədris dili” mövzusunda məruzələri qurultayın gedişinə önəmli yön vermişdi. Onlar türk dillərinin ortaq prinsiplər əsasında öyrənilməsini və müasir tədris metodlarının yaradılmasını təklif etmişdi.
– Qurultaydan sonra əlifba məsələsi necə həll edildi?
– 1 il sonra SSRİ MİK-in 11 may 1927-ci il tarixli qərarı ilә latın qrafikalı Türk Əlifbasının Mәrkәzi Komitәsi təşkil edildi və Səməd Ağamalıoğlu sәdr təyin edildi. 1928-ci ildә isә Ümumittifaq “Türk Əlifbası Komitәsi” adlı qurum da yaradıldı, yeni әlifba layihәlәrinin müzakirəsi başlandı.
Azərbaycan da daxil olmaqla SSRİ-nin bir sıra türk xalqları latın qrafikasını qəbul etdi. Türkiyə də bu əlifbaya keçdi. Sovet rəhbərliyi Türkiyəni kommunistləşdirməyin mümkün olmadığını görüb, əksinə, yeni əlifbanın onları türk xaqları ilə yaxınlaşdıracağından qorxdu sovet türklərini kiril qrafikasına keçirdi.
– Bu əlifba oyunu və Türkoloji Qurultayda iştirak edən ziyalıların əksəriyyətinin 11 il sonra məhv edilməsi Bakı məclisinin ideoloji tələ olması anlamına gəlmirmi?
– Buna oyun demək çətindir. Təkrar edirəm ki, Moskvanın kommunist rəhbərliyi özünü türk-müsəlman xalqlarının dostu və himayədarı göstərməklə Türkiyəni və digər Şərq xalqlarını öz tərəfinə çəkmək istəyirdi. Rusiyanın hakim olduğu qırmızı imperiyanın romanovların siyasətini davam etdirdiyini görən Türkiyə öz yolu ilə getdi. Yaxınlaşan Dünya müharibəsində Türkiyəni və türklüyü düşmən gözündə görən Kreml sovet türkoloqlarını və türkologiyasını aradan götürdü.
Latın qrafikasını kiril əlifbası ilə əvəz etmək isə Türkiyə ilə arada uçurum yaratmaq demək idi. Moskva, eyni zamanda, Azərbaycan torpağının köklü sahibi olan türk xalqının tarixi kimliyini unutdurmaq üçün onun adını coğrafi məkanla eyniləşdirdi. Düzdür, bu adlandırma zorakı yolla baş verdi. Amma türk xalqları tarixən ayrılıb müxtəlif adlar aldığından Azərbaycan türkləri də nə vaxtsa uyğun bir ad almalı idi.
Osmanlı dövlətinin Cümhuriyyət dövründə Türkiyə, onun xalqının isə türk adı alması dilin bütün kateqoriyalarında fərqli duruma gəlmiş iki xalqın eyni ad daşımasını qeyri-mümkün etmişdi. Buna görə də müstəqillik illərində Azərbaycan dilinin yenidən türk dili adlandırılması cəhdi ağlabatan olmadı və cəmiyyətdə dəstəklənmədi. Bir də ki, Azərbaycan coğrafiyasında Azərbaycan dili adı almaq bu dilin türk dilləri ailəsinə məxsus olduğunu inkar etmir.
(ardı var)
Müsahibəni hazırladı:
Tahir AYDINOĞLU
XQ