Icma.az, Turkstan.az saytına istinadən bildirir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
I yazı
Bu günə qədər Türk, Türklük, Türkçülük anlayışları əsasən etnos, xalq, milliyyət, milliyyətçilik, millət, millətçilik kimi dəyərləndirilmişdir. Hətta, bundan irəli gələrək həmin anlayışları etnos, milliyyət, millətə verilən təriflərə əsaslanaraq gen-qan, dil, mədəniyyət-kültür, tarix-coğrafiya birlikləri əsasında izah olunmağa çalışılmışdır. Bu isə, Türk, Türklük, Türkçülük anlayışlarının daha çox siyasi, siyasi-ideoloji yükünü ortaya qoymuşdur. Əlbəttə, Türk, Türklük, Türkçülük anlayışlarının bu yöndən şərhlərini, interpretasiyalarını diqqətə almamaq mümkün deyildir. Çünki həmin anlayışların bu yöndən izahlarında da xeyli dərəcədə inandırıcı, obyektiv cəhətlər vardır. Xususən, bəzi araşdırmaçıların Türk, Türklük, Türkçülük anlayışlarını siyasi-ideoloji tərəfdən dəyərləndirərəkən, sosioloji anlamda kültür-mədəniyyət tərəfinə diqqət yetirmələri mühüm olub, onun siyasi-ideoloji olaraq milliyyətçiliklə məhdudlaşmasına imkan verməmişdir. Hər halda bu anlayışlara sırf etnos, milliyyət, dil əsasında izahlar vermək müəyyən dərəcədə doğru olsa da, ümumi anlamda Türk, Türklük, Türkçülüyün fəlsəfi mahiyyətini özündə əks etdirməmişdir. Məqalənin ana xətti Türk, Türklük, Türkçülük anlayışlarınının ilk dəfə, əsaslı şəkildə fəlsəfi ya da sosial sistem, ya da ümumilikdə sosial-fəlsəfi təlim kimi dəyərləndirilməsi olmuşdur. Müəllif, bir çox qaynaqlara da istinad etməklə, Türk, Türklük, Türkçülük anlayışlarının əslində daha çox fəlsəfi, sosioloji ya da sosial-fəlsəfi yükünü ortaya qoymağa çalışmışdır. Başqa sözlə, müəllif məqalədə həmin anlayışların fəlsəfi, sosioloji və sosial-fəlsəfi yönlərini qabartmış, onun əsas mahiyyətinin əxlaq, kültür, yaşam tərzi, dəyərlər, bir sözlə özünəməxsus təlimlə, dünyagörüşlə bağlı olduğunu göstərmişdir. Bu anlamda Türk, Türklük, Türkçülük anlayışları öz-özlüyündə “Türk təlimi” (sosial-fəlsəfi təlim kimi), “Türk fəlsəfəsi” (sosial-fəlsəfi cərəyan kimi)”, “Türk məktəbi”, “Türk dünyagörüşü” ilə birbaşa bağlıdır.
XIX əsrin ilk yarısından etibarən zəif şəkildə də olsa, Türk, Türklük, Türkçülük (onunla da paralel olaraq Turan) anlayışı yenidən dünyanın gündəmini zəbt etməyə başladı. Bu məsələ ilə bağlı konkret olaraq bir tərəfdən əvvəllər “Türk” adıyla tanınan dövlətlər (Osmanlı, Qacarlar vəb.), müstəqil dövləti olmayan xalqlar (Quzey Azərbaycan, Dağıstan, Krım, Tatarıstan, Saxa, Başqırdıstan, Türkistan vəb.), digər tərəfdən həmin dövlətlər və xalqların taleyi ilə bu və ya digər dərəcədə maraqlı olan güclər idi. Əlbəttə, Türk, Türklük, Türkçülük anlayışlarının yenidən dünyanın gündəminə gəlməsi, ya da gətirilməsi təsadüfi olmadığı kimi, ondan faydalanmaq istəyən qüvvələrin maraqları da bir çox hallarda üst-üstə düşməmişdir. Əslində Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin, ABŞ və digər dövlətlərin ideoloqlarının, alimlərinin tarix, dilçilik, mədəniyyət anlamında “Türk” (o cümlədən “Turan”) dedikdə konkret nəyi ya da nələri ortaya qoyması heç bir zaman birmənalı olmamışdır. Bu baxımdan əsasən yad ideyalardan təsirlənən Türk dünyasına aid ziyalılar, mütəfəkkirlər də, “Türk” məsələsi ilə bağlı doğru yolu tapmaqda çətinlik çəkmişlər. Bunun nəticəsi olaraq da, Türk, Türklük, Türkçülük (o cümlədən Turan-Turançılıq) anlayışları Qərb-Avropa yazarlarının böyük qisminin də ciddi təsiri altında daha çox siyasi-ideoloji qavram kəsb etmiş, onun sosial-fəlsəfi mahiyyəti kölgədə qalmışdır. Başqa sözlə, son iki əsrdə Türk, Türklük, Türkçülük anlayışlarının sosial-fəlsəfi yükünü ortaya qoymağa çəhdlər olsa belə, əsas ağırlıq siyasi-ideoloji istiqamətə yönəldiyi üçün ciddi nəticələr olmamışdır.
Bütün hallarda deyə bilərik ki, son iki əsrdə “Türk” anlayışı iki istiqamətdə: 1) Türk, Türklük, Türkçülük anlayışları etnos, xalq, milliyyət, milliyyətçilik kimi (siyasi təlim, siyasi-ideoloji cərəyan, müəyyən qədər də sosial-siyasi təlim), 2) Türk, Türklük, Türkçülük anlayışları törə, əxlaq, kültür, dünyagörüş, insanlıq kimi (fəlsəfi cərəyan, sosial sistem, sosial-fəlsəfi təlim) təhlil olunmuşdur.
Bu günə qədər Türk, Türklük, Türkçülük anlayışları əsasən etnos, xalq, milliyyət, milliyyətçilik, millət, millətçilik kimi dəyərləndirilmişdir. Hətta, bundan irəli gələrək həmin anlayışları etnos, milliyyət, millətə verilən təriflərə əsaslanaraq gen-qan, dil, mədəniyyət-kültür, tarix-coğrafiya birlikləri əsasında izah olunmağa çalışılmışdır. Bu isə, Türk, Türklük, Türkçülük anlayışlarının daha çox siyasi, siyasi-ideoloji yükünü ortaya qoymuşdur. Əlbəttə, Türk, Türklük, Türkçülük anlayışlarının bu yöndən şərhlərini, interpretasiyalarını diqqətə almamaq mümkün deyildir. Çünki həmin anlayışların bu yöndən izahlarında da xeyli dərəcədə inandırıcı, obyektiv cəhətlər vardır. Xususən, bəzi araşdırmaçıların Türk, Türklük, Türkçülük anlayışlarını siyasi-ideoloji tərəfdən dəyərləndirərəkən, sosioloji anlamda kültür-mədəniyyət tərəfinə diqqət yetirmələri mühüm olub, onun siyasi-ideoloji anlamda tamamilə milliyyətçiliklə məhdudlaşmasına imkan verməmişdir. Hər halda bu anlayışlara sırf etnos, milliyyət, dil əsasında izahlar vermək müəyyən dərəcədə doğru olsa da, ümumi anlamda Türk, Türklüyün, Türkçülüyün sosial-fəlsəfi mahiyyətini özündə əks etdirə bilməmişdir.
Qeyd edək ki, Türk, Türklük, Türkçülük anlayışlarının siyasi-ideoloji təlim kimi meydana çıxması araşdırmalarda (Türkiyə, Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Avropa ölkələri və b.) geniş şəkildə şərh olunmuş, bununla bağlı yüzlərlə, minlərlə məqalələr, kitablar yazılmışdır. Burada ilk nöbvədə, siyasi-ideoloji anlamda Türk, Türklük və Türkçülük dedikdə nəyin nəzərdə tutulmasına diqqət yetirməyə ehtiyac vardır. Belə ki, “Türk” sözünü yalnız etnos, milliyyətlə ya da gen-qan birliyi ilə izah edib, bu zamanda bir-birinə bənzər dildə danışan, eyni zamanda ortaq kültürü çox yaxın olan xalqları “Türk” (hətta, sonralar “Türkdilli” xalqlar) adlandırmaq təsadüfi olmamışdır. Əlbəttə, “Türk” sözü yeni bir icad deyildi, çünki ən azı iki min illik bir tarixdə bu qavram öz yerini tutmuşdu. Sadəcə, “Türk” sözünün Avropa-Qərb mədəniyyətinin dünyadə hökmran olduğu bir dövrdə yozumları, şərhləri birmənalı olmamışdır. Türk qavramı aktuallaşdığı ilk dövrlərdə, onu etnos, milliyyət kimi görənlərlə yanaşı, sosial-fəlsəfi təlim kimi baxanlar heç də az olmamışdır. Ancaq çox keçmədən xüsusən Avropa-Qərb mədəniyyətinin aparıcı simaları Türk qavramını əsasən siyasi-ideoloji anlamda yozmaqla, izah etməklə onun sosial-fəlsəfi yükünü azaltdılar. Həmin Qərb ideoloqları bunu edərkən də, Türk qavramının tarixdəki sosial-fəlsəfi mahiyyətini deyl, yalnız etnos, milliyyətlə bağlı tərəfini şişirtdilər, ifratlaşdırdılar.
Əslində mövzumuzla bağlı olan ya da olmayan hər hansı bir anlayışın bir neçə yozumu ola bilər və burada qeyri-adi heç nə yoxdur. Bu anlamda müsəlman, xristian, yəhudi, buddist kimi anlayışların da həm siyasi-ideoloji, həm də sosial-fəlsəfi yönləri vardır. Məsələn, “müsəlman” qavramı bir tərəfdən mənəvi-ruhi, əxlaqi, dünyagörüş anlamında sosial-fəlsəfi xarakterlidirsə, digər tərəfdən özünü müsəlman “milləti” kimi hesab edənlər, ya da İslam birliyi yolunu tutanlar üçün siyasi-ideoloji bir təlimdir. “Müsəlmanlar bir-birlərinin qardaşlarıdır” deyimində də yalnız mənəvi-ruhi, əxlaqi birlik yox, ümmətçilik adı aldında bir İslam millətçiliyi də vardır. Hər halda, İslam, İslamlıq, İslam millətçiliyi, Ümmətçilik həm sosial-fəlsəfi, həm də siyasi-ideoloji məqamları özündə əks etdirir.
Biz, bunu eyni şəkildə Türk qavramına da aid edə bilərik. Belə ki, Türk, Türklük, Türkçülük dedikdə, ruhi-mənəvi sistemi nəzərdə tutmaqla yanaşı, Türk milliyyətçiliyini isə siyasi-ideoloji anlamda şərh etmək daha doğru olardı. Qərb ideoloqları, eləcə də onlardan ilham alan Türk bilgələrini böyük qismi “Türk” qavramını daha çox Türk milliyyətçiliyi kimi qəbul etmişdir. Bunun nəticəsi olmalıdır ki, hətta “Türk” sözünün hərfi mənada yozumlarında da ağırlıq əxlaqi-mənəvi, ruhi-fəlsəfi deyil, siyasi-ideoloji anlamda milliyyətçiliklə bağlı olmuşdur. Bir sözlə “Türk” adı ilə bağlı nə varsa, istər hərfi mənada, istərsə də tarixi, coğrafi, dilçilik anlamında siyasi-ideoloji anlama yozulmuşdur. Bununla da, Türk dünyasının müəyyən bölgələrində, xüsusilə Türkiyədə Türklük bədən, gen-qan, İslamlıq isə ruh, mənəviyyat kimi təbliğ olunmuşdur. Halbuki Türklüyün özü də böyük ölçü də ruh, mənəviyyat, əxlaq məsələsidir.
“Türk” sözünün hərfi mənasını güc, qüvvət, törəmək kimi yozanlar üçün də burada əsas məqsəd millət, milliyyət, xalq, etnos anlamlarından çıxış etmək olmuşdur. Yəni “Türk” demək etnos, milliyyət, xalq, ulus demək olub, bu da o anlama gəlir ki, dünyadakı millətlərdən, xalqlardan biri də Türkdür. Başqa sözlə desək, dünyada bir çox millətlər var ki, Türk adlı millət də sadəcə onlardan biridir. Bunu əsaslandırmaq üçün də, Avropa-Qərb yazarları, ideoloqlarının böyük əksəriyyəti tarixdə gördükləri bütün “Türk” qavramlarını böyük ölçüdə etnos, milliyyət, xalq kimi yozmuşlar. Dogrudur, Türk qavramı milliyyət, millət, xalq da deməkdir. Ancaq buradakı “Türk” qavramı o xalqları, millətləri, milliyyətləri ehtiva edirlər ki, onlar Türklüyü qəbul etmişlər. Məsələn, Orxon-Yenisey abidələrində Bilgə Xaqan, ya da Tonyukukun dilindən yazılan “Türk” qavramının ulus və millətlə bağlanması daha geniş yayılmışdır. Deməli, buradakı “Türk” qavramı yalnız bir milliyyəti, etnosu deyil, eyni zamanda vahid dövlət çatısı altında birləşən gen-qan anlamında bir olan ya da olmayan fərqli etnosları da nəzərdə tuturdu. Burada “fərqli etnoslar” dedikdə heç də bir-birinin kültürünə, dilinə, yaşam tərzinə zidd olanları nəzərdə tutmuruq. Tam əksinə müəyyən qədər dil-ləhcə, kültür fərqlilikləri olsa belə, ümumilikdə “Türk törəsi” ətrafında birləşənlər Türk xalqları idilər. Ona görə də Türk milliyyətçiliyi ilə Türk milləti, Türk irqianlayışları arasında ciddi bir fərq yoxdur. Sadəcə Türk milliyyətçiliyi dar mənada dil-ləhcə, kültür, adət-ənənə, gen-qan elementlərini özündə ehtiva etdiyi halda, Türk milləti isə geniş anlamda Türk dünyagörüşü, Türk törəsi, Türk sivilizasiyası, Türk fəlsəfəsini əks etdirir.
Bu anlamda indi Qıpçaq, Oğuz, Karluk, Azərbaycanlı, Uyğur, Moğol, Qazax, Qırğız, Tatar, Xakas, Yakut, Tuva, Çuvaş, Qaqauz, Kərkük və başqa adlarla tanınan uluslar, milliyyətləri nədən Türk adı ilə tanınmasının cavabını yalnız milliyyətdə, etnosda, gen-qan birliyində axtarmaq doğru deyil. Deməli, o vaxtlar da müxtəlif etnos, milliyyət adları altında tanınan xalqların Türk kimi ümumiləşdirilməsində mənəvi-əxlaqi tərəf heç də az rol oynamamışdır. Əksinə, zaman-zaman Türk anlayışnın sosial-fəlsəfi yükü o qədər mühüm, əsaslı olmuşdur ki, bu çatı altına Avropa, Asiya, Afrika, hətta Amerika xalqlarının bir çoxu toplanmışdır. Təsadüfi deyil ki, Amerikadakı qızıldərililər (Lakota, Yakota və b.) və digər bəzi xalqlarda Türk törəsi ilə bağlı elementler güclüdür. Sosial-fəlsəfi anlamda Türk çatısı altına daxil olmaq o qədər cəlbedici olmuşdur ki, sonralar müxtəlif səbəblərdən ondan uzaqlaşmağa məcbur olan xalqların həyatında bu günə qədər davam edən silinməz izlər buraxmışdır.