Türkçülüyün yeni nəslinin sözü

30.07.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əkbər QOŞALI

(Odər Qutluərin “Türkçülüyün məsələləri” bitiyi üzərinə bir neçə söz)

Şabrandayam. Bakıdan özümlə bir neçə bitik (kitab) götürmüşəm, onlardan yalnız birinin yazarı – Odər Qutluər məndən cavandır. Bu səfərki seçimim: Qədim dünya ədibləri, bilginləri Aristotelin “Poetika”sı, Bualonun “Poeziya sənəti”, imzası XX yüzildə parlamış Murad Acının “Avropa. Türklər. Böyük çöl”ü, “Yevgeni Tarlenin “Taleyran”ı, Prof.Dr. Məmmədhüseyn Hüseynovun “Xəttin şifrəsi” əsəri və yeni nəsil bilgini Qutluərin “Türkçülüyün məsələləri” bitiyi… “Şabran”ın Yazıçılar, Rəssamlar və Bəstəkarlar silsilələrindəki kotejlərdə də xeyli kitab var.
Əlbəttə, adıkeçən bitiklərin hamısını bir səfərə oxumaq mümkün olmur; üstəlik, bitiklərin mövzuları da, türlər də çox fərqlidir; lakin an gəlir də, əlin, ürəyin (və ruhun!) səni bitiklərdən birinə yönəldir, odaqlayır və bir də görürsən, həm oxuyur həm də yazırsan…
Masamın üzərindəki bitik bu dəfə “Türkçülüyün məsələləri”ydi...

Elə insanlar var, yazdıqları bitik onların özkeçmişinin davamı, xarakterlərinin aynası, mənəvi kimliklərinin yazıya çevrilmiş halı sayılır. Bəzən yazılanı yazandan ayırmaq olmur. Odər Qutluərin “Türkçülüyün məsələləri” bitiyini vərəqləyərkən ilk hiss etdiyim də bax, bu oldu.

Bu ürək sözlərinin yazarı hələ Odər yaşlarından da cavan olan vaxtlar belə bir qoşqu qaralamışdı:

Göyüzündə dövran Aya keçibdi,
köhnə dərdlər təzə aya keçibdi;
Elə bil qələmə ayə keçibdi,
gözümü kağızdan ayırammıram.

Bir olub iki can – bir doğulmuşuq,
“sıfır” – ölüm demək, bir – doğulmuşuq;
Elə bil anadan bir doğulmuşuq,
özümü kağızdan ayırammıram.

Mən “ölüm” yerinə – “özüm” yazmışam,
çölümə qış demə, özüm – yazmışam;
Baxma ki, indicə özüm yazmışam,
sözümü kağızdan ayırammıram…

Mən bu bitiyin yazarını çoxdan tanıyıram.
Adı gözəl…
Yolu qutlu…
Ülküsü gözəl…
Dərdi qutlu bir türk aydınıdır o…

Onu hələ Azərbaycan gənclər hərəkatının, Dünya Gənc Türk Yazarlar Birliyinin çalışmalarından, ilkin araşdırma yazılarından tanıyıram. Sonralar Azərbaycan–Türkiyə elmi, ədəbi, mədəni və gənclik bağlarının inkişafı adına gördüyü işləri, bitikləri, çevriləri ilə dəfələrlə diqqətimi çəkib. Mənim üçün o, bir bilgin olaraq yeni nəslin milli düşüncə məsuliyyətini daşıyan işıqlı nümayəndələrindən biridir.

Onun ocaq bağında türk ruhunu bəsləyən ən azı iki böyük qaynaq görünür.
Ana babası – sazı və sözü ilə ulusun yaddaşında yaşayan sənətkar, Koroğlu havalarının ustad ifaçısı – Aşıq İmran Həsənov; atası isə l Qarabağ savaşının qazi zabitlərindən olmuş rəhmətlik Elşən Əlizadə.
Belə bir ocaqda, şennikdə böyüyən yazarın tarixə, milli kimliyə və dövlət düşüncəsinə biganə qalması mümkünsüzdür. Ona Odər adı verilməsi də gələcəyinə verilən yön deyildimi?.. Odər çıxdığı ulu yolun fərqində olduğu üçün Qutluər təxəllüsünü seçdi…

Odərin “Türkçülüyün məsələləri” ilk baxışdan nəzəri bitik təsiri bağışlayır; lakin bitiyin “Ürək sözüm” bölümünü oxuyanda Odərin nə istədiyi aydın görünür.
O, elmi termini mümkün qədər sadələşdirərək türkçülüyü bilginlərin dartışdığı nəzəri yön olmaqdan ötə, hər bir türkün anlaya biləcəyi milli düşüncə sistemi kimi təqdim etmək istəyir.
Bu seçimin təsadüfi olmadığını bilirik.
Onsuz da türkçülük tarix boyu yalnız ideologiya olmayıb; o, həm də tərbiyədir, mədəni yaddaşdır. – Kimlik şüurudur, milli məsuliyyətdir türkçülük.
Odər Qutluər də bax, bu xətti davam etdirməyə çalışır.

Yazar mövzunu emosional yanaşma ilə birgə, nəzəri sistem kimi qurmağa çalışmışdır. – Bitiyin məzmunu bunu səhih göstərir.
Başlıqların ardıcıllığı da diqqətçəkicdir.
Öncə türkçülüyün mahiyyəti və qaynaqları yorumlanır.
Sonra türk adı, turançılıq, millət anlayışı, Azərbaycanın bütövlüyü, Borçalı, Qarabağ, vİranın Azərbaycan siyasəti, “Dildə, fikirdə, işdə birlik” düsturu, düşüncə sistemləri savaşı, türk kimliyi, milli hiss, dil, ad məsələləri kimi mövzular bir-birini tamamlayan şəkildə təqdim olunur.
Bu ardıcıllıq yazarın esse ustalığından irəli gələn vərdişdən daha çox, konseptual əsər yazmaq istəyinin göstəricisidir.
Bitiyin diqqət çəkən özəlliklərindən biri də zəngin qaynaq bazasıdır.
Ziya Göyalp, Əli bəy Hüseynzadə, Yusuf Akçura, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu, Atsız, Zəki Vəlidi Doğan və b. çoxsaylı bilginlərlə yanaşı Azərbaycan tarixçiliyinin, ictimai fikir tarixinin müxtəlif qaynaqlarına üz tutulması yazarın araşdırma dairəsinin yetərincə geniş olduğunu göstərir.
Əlbəttə, istənilən nəzəri bitik kimi burada da dartışmalı fikirlər, fərqli baxış istəyən məqamlar tapmaq mümkündür. Bu, elmi əsərin təbii özəlliyidir. Əsas olan yazarın sual kimi sual qoya bilməsi, düşüncə dartışmasına zəmin yaratmasıdır.

Gəlin elə bu yerdə bir məqamı ayrıca vurğulayaq. Bitik 44 günlük savaşdan sonra – 2022-ci ildə gün üzü görsə də, Qarabağ Zəfərinin Türk dünyasının yığvalına açdığı yeni üfüqlər burada əksini tapmayıb. Halbuki Şuşanın qurtuluşu təkcə bir şəhərin azad olunması deyildi; o, türk milli düşüncəsinin uzun illər özlədiyi mənəvi yüksəlişin rəmzinə çevrildi. Qarabağ Zəfərindən sonra Türk dünyasında inteqrasiya prosesləri də yeni sürət qazandı. Artıq Zəfərin ilk ilində Azərbaycan ilə Türkmənistan arasında uzun illər mübahisə doğurmuş “Kəpəz–Sərdar” yatağı üzrə anlaşma əldə olundu və Xəzərdəki “Dostluq” yatağı öz adı kimi dostluq və qardaşlığın rəmzinə çevrildi…

Sonra “Şuşa Bəyannaməsi“ (15.06.2021) Azərbaycan–Türkiyə qardaşlığını yeni müttəfiqlik mərhələsinə daşıdı, Zəfərin birinci ildönümü ərəfəsində Türk Gənəşi (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) Türk Dövlətləri Təşkilatına çevrilərək, daha canlı siyasi-mədəni məzmun qazandı, Zəngəzur dəhlizi ideyası ortaq türk coğrafiyasının strateji xəritəsini dəyişdirən anlayışlardan biri oldu. Bütün bunlar nəyi göstərir? – Bəli, XXI yüzilin türkçülüyü artıq yalnız tarixi yaddaşa söykənən fikir sistemi olmaqdan çıxıb; o, həm də qalib dövlət təcrübəsi, gerçək geosiyasi işbirliyi və ortaq gələcək layihəsi üzərində yüksələn yeni mərhələdir.

Читать полностью