Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası

24.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Türk dünyasında inteqrasiya əsasən iqtisadiyyat, enerji və nəqliyyat sahələri üzərindən müzakirə olunsa da, gələcəyin əsas birləşdirici gücü məhz rəqəmsal texnologiyalar və ortaq təhsil platformaları olacaq. Çünki rəqəmsal dövrdə inteqrasiya yalnız coğrafi yaxınlıqla deyil, ortaq informasiya məkanı, data infrastrukturu və vahid insan kapitalı sistemi ilə formalaşır. Məhz bu kontekstdə azərbaycanlı alim, ADPU-nun dosenti İlham Əhmədovun türkdilli ölkələrin rəqəmsal inteqrasiyası ilə bağlı düşüncə və təklifləri diqqət çəkir. Onun fikrincə, ortaq rəqəmsal təhsil məkanı, süni intellekt əsaslı platformalar, vahid akademik sistem və inteqrasiya olunmuş insan kapitalı modeli Türk dünyasının strateji gələcəyini müəyyən edə bilər. Təqdim etdiyimiz məqalədə müəllifin bu istiqamətdə irəli sürdüyü konseptual yanaşmalar və təkliflər yer alır.

33 il əvvəl amerikalı siyasi alim Samuel Huntington dünyanın gələcəyini “sivilizasiyaların toqquşması” prizmasından izah etməyə çalışırdı. O zaman bu fikir bir çoxları üçün nəzəri spekulyasiya kimi görünürdü. Bu gün isə müharibələr, informasiya savaşları, texnoloji bloklaşma və süni intellekt yarışları göstərir ki, dünya artıq başqa bir mərhələyə daxil olub. Amma toqquşan artıq yalnız dinlər, mədəniyyətlər və ideologiyalar deyil, həm də rəqəmsal sistemlərdir.

XX əsrdə dövlətlərin gücü ordu və neftlə ölçülürdüsə, XXI əsrdə bu, data, platforma və alqoritmlərlə müəyyən olunur. Müasir dünyanın yeni imperiyaları artıq xəritələr üzərində deyil, serverlər və platformalar üzərində qurulur. Ən böyük sərhədlər də fiziki deyil, rəqəmsaldır.

3 böyük rəqəmsal sivilizasiyaya

Birinci model ABŞ mərkəzli platforma kapitalizmidir. Bu sistemdə texnologiya bazarın və korporasiyaların əlində cəmlənir. Google, Apple, Microsoft kimi şirkətlər artıq, sadəcə, texnologiya şirkəti deyil, qlobal davranış mühəndisliyinin əsas aktorlarıdır. Burada insan vətəndaşdan daha çox “stifadəçidir. Onun davranışı izlənilir, seçimləri analiz edilir, diqqəti isə iqtisadi resursa çevrilir. Bu modelin əsas kapitalı neft yox, məlumatdır.

İkinci model Çin rəqəmsal dövlət modelidir. Burada texnologiya bazardan daha çox dövlətin nəzarətindədir. HUAWEI, Alibaba group, Tencent kimi nəhəng platformalar dövlət strategiyasının bir hissəsi kimi fəaliyyət göstərir. Çin modeli süni intellekti iqtisadi alətdən daha çox idarəetmə mexanizmi kimi görür. Sosial kredit sistemi, rəqəmsal müşahidə və davranış nəzarəti bu modelin əsas xüsusiyyətləridir. Burada insan azad istifadəçidən çox “idarə olunan rəqəmsal subyekt”dir.

Üçüncü model isə Avropanın normativ-rəqəmsal modelidir. Bu sistem texnologiyanın sürətindən daha çox etik sərhədlərinə diqqət yetirir. GDPR kimi hüquqi mexanizmlər fərdin rəqəmsal hüquqlarını qorumağa çalışır. Avropa texnologiyanı yalnız iqtisadi qüvvə deyil, hüquqi və etik məsuliyyət sahəsi kimi təqdim edir. Bu modeldə insan “data mənbəyi” yox, “rəqəmsal hüquq sahibi” kimi qəbul edilir.

Artıq yeni dünya müharibələri görünməz şəkildə başlayıb. Dövlətlər torpaq uğrunda deyil, data uğrunda rəqabət aparırlar. “Kim daha çox məlumata sahibdir?” sualı “kim daha güclüdür?” sualına çevrilib.

Əsas qarşıdurma xətləri dəyişib

Birincisi, data suverenliyi məsələsidir. Belə ki, dövlətlər artıq öz rəqəmsal sərhədlərini yaratmağa çalışırlar. Məlumatın ölkə daxilində saxlanılması, milli serverlərin qurulması və xarici platformalara nəzarət bunun göstəricisidir.

İkincisi, süni intellekt hegemonluğudur. Çünki gələcəyin ideoloji gücü artıq televiziya və qəzetlərdə deyil, dil modellərində formalaşır. Süni intellekt hansı məlumatı təqdim edir, hansı dili öyrənir, hansı dəyərləri normaya çevirir — bunlar geosiyasi məsələdir.

Üçüncüsü, platforma müharibələridir. “APP” ekosistemləri, rəqəmsal bazarlar və tətbiq mağazaları yeni iqtisadi koloniyalara çevrilib. İstifadəçi hansı platformaya daxil olursa, onun davranış modeli də həmin sistem tərəfindən formalaşdırılır.

Dördüncü istiqamət isə kibertəhlükəsizlikdir. Müasir dövlətlər bir-birinə yalnız silahla deyil, kiberhücumlarla zərbə vururlar. Elektrik şəbəkələrinin sıradan çıxarılması, bank sistemlərinin iflic edilməsi, informasiya manipulyasiyası yeni dövrün “səssiz müharibə” formasıdır.

Ən böyük dəyişiklik isə mədəniyyətin kodlaşdırılmasıdır. Keçmişdə sivilizasiyalar din, dil və ənənə üzərində qurulurdu. İndi isə bu elementlər alqoritm, proqramlaşdırma dili və platforma qaydalarına çevrilir. Bir vaxtlar mədəniyyət kitablarla indi isə tətbiqlərlə ötürülür. İnsanların dünyagörüşünü artıq müəllimlərdən çox, tövsiyə sistemləri formalaşdırır.

Samuel Huntingtonun nəzəriyyəsi XXI əsrdə yeni forma alıb. Sivilizasiyalar yenə toqquşur, amma bu dəfə məbədlərdə və sərhədlərdə deyil, serverlərdə və rəqəmsal platformalarda. Gələcəyin əsas sualı da budur: insan texnologiyanı idarə edəcək, yoxsa texnologiya insanı?

Məktəb yox, platforma alqoritmləri...

XXI əsrdə dünya yeni güc anlayışı ilə qarşı qarşıyadır. Bir vaxtlar dövlətin qüdrəti ordusunun böyüklüyü, enerji resursları və ya geniş əraziləri ilə ölçülürdü. Bu gün isə geosiyasi üstünlüyün əsas meyarı dəyişib. Yeni dövrün ən böyük sərvəti artıq neft deyil, məlumatdır. Güc anlayışı data, hesablama infrastrukturu, süni intellekt və alqoritmik təsir imkanları üzərində qurulur.

Müasir dünyada “kim daha çox torpağa sahibdir?” sualı getdikcə əhəmiyyətini itirir. Onun yerini “kim daha çox məlumatı idarə edir?”, “kim daha güclü süni intellekt sistemlərinə malikdir?” sualları tutur. Çünki informasiya axınını idarə edənlər təkcə iqtisadiyyata deyil, insan düşüncəsinə də təsir göstərə bilirlər. Bu reallıq Azərbaycan və ümumilikdə Türk dünyası üçün də yeni strateji suallar yaradır. Əsas məsələ budur: biz, sadəcə, qlobal rəqəmsal sistemlərin istifadəçisi olacağıq, yoxsa öz rəqəmsal modelimizi quracağıq? Çünki texnologiyadan tam asılılıq yalnız iqtisadi deyil, mədəni və siyasi risklər də yaradır.

Bu risklərin ən təhlükəlilərindən biri “data kolonializmi”dir. Əgər keçmişdə imperiyalar xalqların torpaqlarını və təbii sərvətlərini nəzarətə götürürdüsə, indi böyük texnoloji platformalar məlumatları idarə edir. İnsanların davranışları, seçimləri, düşüncə istiqamətləri rəqəmsal sistemlər vasitəsilə analiz olunur və yönləndirilir. Belə bir şəraitdə dilini, mədəniyyətini və rəqəmsal müstəqilliyini qoruya bilməyən toplumlar zamanla alqoritmik görünməzliyə məhkum ola bilər.

Xüsusilə kiçik dillər üçün bu təhlükə daha ciddidir. Əgər bir dil süni intellekt sistemlərində kifayət qədər təmsil olunmursa, gələcəyin rəqəmsal məkanında passivləşir. Bu isə təkcə texnoloji məsələ deyil, həm də mədəni təhlükəsizlik problemidir. Çünki gələcəyin dünyasında görünməyən dil zamanla eşidilməyən mədəniyyətə çevrilə bilər. Ancaq bu proses yalnız risklər yaratmır, Türk dünyası üçün yeni imkanlar da formalaşdırır. Ortaq rəqəmsal platformaların yaradılması, türk dillərində lokal süni intellekt modellərinin hazırlanması, vahid rəqəmsal təhsil ekosisteminin qurulması gələcəyin əsas strateji istiqamətlərindən biri ola bilər. Əgər XX əsrdə ortaq əlifba və ortaq mədəniyyət ideyası müzakirə olunurdusa, XXI əsrdə ortaq rəqəmsal məkan ideyası aktuallaşır.

Bu gün dünyada əsas rəqabət klassik sivilizasiyalar deyil, platformalar arasında baş verir. İnsanların gündəlik həyatı hansı tətbiqlərlə formalaşırsa, onların düşüncə tərzi də həmin sistemlərin təsiri altında dəyişir. Bu mənada alqoritmlər, sadəcə, texnoloji vasitə deyil, yeni ideoloji mexanizmdir.

Samuel Huntingtonun “sivilizasiyaların toqquşması” tezisi də yeni dövrdə fərqli məna qazanır. Artıq qarşıdurma “Qərb və Şərq”, “İslam və Qərb” xəttində deyil, “açıq sistemlər” və “nəzarətli sistemlər” arasındadır. Başqa sözlə, əsas məsələ texnologiyanın insanı azad edib-etməməsidir. Bir tərəfdə insan yaradıcılığını, fərdi azadlığı və açıq informasiyanı dəstəkləyən rəqəmsal sistemlər, digər tərəfdə isə insan davranışını izləyən, yönləndirən və idarə edən nəzarət mexanizmləri dayanır.

Yeni dövrün əsas savaş meydanı fiziki sərhədlər deyil, insan şüurudur. Bu savaşda daha çox əraziyə sahib olanlar yox, daha çox intellektual potensiala malik olanlar qalib gələcəklər. Çünki rəqəmsal əsrdə düşünən beyin, yaradıcı təfəkkür və elmi bilik əsas strateji resursdur.

Türk dünyasının rəqəmsal sivilizasiya modeli

XXI əsr dünya tarixində yeni geosiyasi transformasiya mərhələsi kimi xarakterizə olunur. Əgər əvvəlki əsrlərdə dövlətlərin gücü ordu, ərazi və enerji resursları ilə ölçülürdüsə, bu gün həmin anlayış köklü şəkildə dəyişir. Müasir dünyanın əsas strateji kapitalı artıq data, hesablama gücü və süni intellektdir. Başqa sözlə, gələcəyin dünya nizamını torpaq deyil, kod və alqoritm müəyyən edir. Bu proses fonunda türk dünyası da mühüm tarixi seçim qarşısındadır. sual artıq yalnız siyasi və iqtisadi inteqrasiyada deyil. Əsas məsələ budur: Türk dünyası qlobal rəqəmsal sistemlərin sadəcə istifadəçisi olacaq, yoxsa öz rəqəmsal sivilizasiya modelini formalaşdıracaq?

Bu gün “Türk dünyasının rəqəmsal sivilizasiya modeli” ideyası təkcə texnoloji layihə deyil, yeni geosiyasi və mədəni konsepsiya kimi aktuallaşır. Bu model texnoloji suverenlik, mədəni davamlılıq və iqtisadi inteqrasiya prinsipləri üzərində qurula bilər. Əslində bu, Samuel Huntingtonun irəli sürdüyü “sivilizasiyalar” anlayışının rəqəmsal mərhələyə transformasiyasıdır.

Türk dünyasının rəqəmsal modeli üçün əsas fəlsəfi baza “dildə bir, düşüncədə bir, əməldə bir” prinsipinin yeni texnoloji interpretasiyası ola bilər. Müasir dövrdə bu düstur belə yazılır: dil + data + düşüncə = rəqəmsal sivilizasiya.

Bu modeldə dil yalnız kommunikasiya vasitəsi deyil, identiklik məsələsidir. Data iqtisadi və strateji gücə çevrilir. alqoritm isə idarəetmə mexanizmi rolunu oynayır. Çünki gələcəkdə informasiya axınını idarə edənlər iqtisadiyyatı və ictimai şüuru da formalaşdıracaqlar. Türk dünyası üçün əsas missiya vahid rəqəmsal informasiya məkanının yaradılmasıdır. Bu məkan ortaq data ekosistemi, vahid təhsil və bilik platforması, eləcə də ortaq texnoloji istehsal infrastrukturu üzərində qurula bilər.

5 əsas təməl

Birinci pillə dil və semantika sahəsidir. Məqsəd türk dillərinin rəqəmsal mühitdə qorunması və dominantlığının təmin edilməsidir. Türk dillərində böyük dil modellərinin yaradılması, ortaq terminologiya bazası və avtomatik tərcümə sistemləri bu istiqamətdə əsas addım ola bilər. Çünki gələcəkdə rəqəmsal platformalarda görünməyən dil zamanla mədəni təsir imkanlarını da itirəcək.

İkinci pillə “data” və “bulud” infrastrukturu ilə bağlıdır. Hazırda bir çox ölkələrin məlumatları xarici serverlər və qlobal platformalar üzərində cəmləşir. Bu isə yeni “data asılılığı” yaradır. Türk dünyası üçün regional “data mərkəzləri”, “milli bulud sistemləri” və ortaq “türk data şəbəkəsi” strateji əhəmiyyət daşıyır.

Üçüncü pillə süni intellekt və alqoritmik sistemlərdir. Türk dillərində lokal süni intellekt modelləri, təhsil və dövlət idarəçiliyində istifadə olunan adaptiv sistemlər gələcəyin əsas prioritetlərindən biri ola bilər. məqsəd texnologiyanı yalnız istifadə deyil, həm də istehsal etməkdir.

Dördüncü istiqamət platforma iqtisadiyyatıdır. Bu gün dünya iqtisadiyyatının böyük hissəsi rəqəmsal platformalar üzərində qurulur. Türk dünyası üçün regional e-ticarət sistemləri, ortaq rəqəmsal ödəniş infrastrukturu və lokal təhsil platformalarının yaradılması iqtisadi inteqrasiyanı sürətləndirə bilər.

Beşinci pillə isə idarəetmə və etik çərçivədir. Süni intellekt və “data” sahəsində ortaq hüquqi standartların yaradılması, rəqəmsal hüquqların qorunması və etik prinsiplərin müəyyənləşdirilməsi gələcək təhlükəsizlik üçün vacibdir.

İlham ƏHMƏDOV,
ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью