Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 noyabr, AZƏRTAC
Türkiyənin "Milli Enerji 2040" vizyonunda bərpaolunan enerji mühüm yer tutacaq.
AZƏRTAC “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar ölkəsinin bərpaolunan enerji mənbələrinin təhlükəsizliyinə töhfə verdiyini və xaricdən asılılığı azaltdığını vurğulayıb.
Alparslan Bayraktar bərpaolunan enerji siyasətinin Türkiyənin 2053-cü il xalis sıfır emissiya hədəfi ilə də üst-üstə düşdüyünə diqqət çəkib.
"Bərpaolunan enerji təchizat təhlükəsizliyimizə töhfə verməklə yanaşı, yerli mənbə olaraq xaricdən asılılığımızı azaldır. Həmçinin, 2053-cü il xalis sıfır emissiya hədəfimizlə də tamamilə uzlaşır. Bu baxımdan, bərpaolunan enerji sahəsi ilə bağlı çox böyük hədəflərimiz var. 2040-cı ildə Türkiyə öz enerjisinin təxminən 70 faizini bərpaolunan enerji mənbələrindən əldə edəcək”, - deyə qardaş ölkənin energetika naziri əlavə edib.
Nazir Türkiyənin enerji sahəsində yeni yol xəritəsinin ("Milli Enerji 2040" vizyonu) təfərrüatlarını sabah İstanbuldakı Dolmabahçe sarayındakı İş Ofisində keçiriləcək təqdimat mərasimində açıqlayacaq.