Icma.az bildirir, Azpost portalına istinadən.
Türkiyə Ankara üçün istehsal edilmiş altı F-35 qırıcı təyyarəsinin təhvil verilməsi ilə bağlı ABŞ ilə danışıqları davam etdirir və müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdıran Amerika sanksiyalarının ləğvinə ümid edir.
Bu barədə Turkish Minute məlumat yayıb.
Türkiyə Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqindən sonra yaydığı bəyanatda bildirilib: “Ölkəmiz üçün istehsal edilmiş altı F-35 qırıcı təyyarəsinin təhvil verilməsi məsələsi ilə bağlı ABŞ hakimiyyət orqanları ilə təmaslarımız davam edir”.
Ankara Vaşinqtonu CAATSA qanunu çərçivəsində tətbiq edilmiş sanksiyaları ləğv etməyə, həmçinin Türkiyənin müdafiə sənayesinə qarşı bütün birbaşa və dolayı məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Türkiyə Müdafiə Nazirliyi hesab edir ki, bu tədbirlər müttəfiqlik münasibətlərinin prinsiplərinə uyğun deyil. Qurum iki ölkənin qarşılıqlı maraqları nəzərə alınmaqla məsələnin müsbət həll olunacağına ümid etdiyini bildirib.
ABŞ 2020-ci ildə Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq Ankaraya qarşı sanksiyalar tətbiq edib. Bundan bir il əvvəl, 2019-cu ildə Vaşinqton Türkiyəni F-35 proqramından çıxarıb. ABŞ bunu Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri ilə Amerikanın radarlar üçün az görünən qırıcılarının eyni vaxtda istifadəsinin təyyarənin məxfi texnologiyalarını təhlükə altına sala biləcəyi ilə izah edib.
Türkiyə daha əvvəl təxminən 100 ədəd F-35 almağı planlaşdırırdı və bu təyyarələrin bəzi komponentlərinin istehsalında iştirak edirdi. Ankara proqram çərçivəsində təxminən 1,4 milyard dollar vəsait yatırdığını bəyan etmişdi.
2026-cı ilin iyulunda Ankarada keçirilən NATO sammitində ABŞ Prezidenti Donald Tramp sanksiyaların ləğvi və qırıcıların tədarükü məsələsinə yenidən baxılması ehtimalını istisna etməyib.
Lakin oktyabrın 15-nə olan məlumata görə, təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı razılaşma və məhdudiyyətlərin ləğvinin konkret vaxtı rəsmi şəkildə açıqlanmayıb.