Türkiyə atom energetikasının astanasında

21.04.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Akkuyu” AES-in ilk enerji bloku bu ilin sonunda Türkiyənin elektrik şəbəkəsinə qoşula bilər

Moskva, 21 aprel, AZƏRTAC

“Rosatom” dövlət korporasiyası Türkiyədəki “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji blokunu ölkənin elektrik şəbəkəsinə 2026-cı ilin sonunda qoşmağı planlaşdırır. Bununla da ölkədə ilk atom stansiyasının istismara verilməsinin əsas mərhələsi başa çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev Türkiyədə stansiyanın tikinti meydançasında bildirib.

“Rosatom”un rəhbəri qeyd edib ki, 2026-cı ildə ilk elektrik enerjisinin əldə olunması üçün Türkiyə və Rusiya tənzimləyici qurumlarının nəzarəti altında bütün kompleks prosedurlar yerinə yetirilməlidir.

O, həmçinin vurğulayıb ki, layihə Vladimir Putin və Recep Tayyip Erdoğan tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, bu, həm məsuliyyəti, həm də layihənin əhəmiyyətini artırır.

Bundan əlavə, Lixaçev Türkiyə şirkətlərinin “Akkuyu” AES layihəsinin nizamnamə kapitalında iştirakına marağın artdığını bildirib. Bir sıra potensial investorlarla artıq konkret danışıqlar aparılır.

“Əminəm ki, həm Türkiyə podratçıları, həm də indiki halda “Rosatom” dövlət korporasiyası və onun bütün bölmələri bu ilin Türkiyənin atom enerjisi əldə etdiyi il olması üçün əllərindən gələni edəcəklər”, – deyə o bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью