Türkiyə, Böyük Britaniya və Kanada bir masada: Avropa üçün yeni dövr başlayır?

10.08.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniya, Türkiyə və Kanadanın daxil olduğu daha geniş Avropa əməkdaşlıq modeli qitənin təhlükəsizlik və iqtisadi imkanlarını genişləndirərək onu qlobal rəqabətdə daha təsirli mərkəzə çevirə bilərmi? Yoxsa belə bir təşəbbüs Avropa İttifaqının mövcud siyasi və təhlükəsizlik mexanizmlərindən fərqli, paralel yeni güc platformasının formalaşmasına səbəb ola bilər? Bu ideya Avropanın gələcəkdə inteqrasiyanı dərinləşdirmək əvəzinə, müxtəlif tərəfdaşlıqlar üzərində qurulan çoxqatlı təhlükəsizlik arxitekturasına keçid edib-etməyəcəyi sualını da gündəmə gətirir.

Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, keçmiş britaniyalı deputat Nik Bolesin irəli sürdüyü Avropa konfederasiyası ideyası əslində son illərdə beynəlxalq sistemdə sürətlənən geosiyasi transformasiyaların bir əksi kimi qiymətləndirilməlidir. Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin Avropa təhlükəsizliyinə yanaşmasındakı dəyişiklik, Çin ilə artan strateji rəqabət və qlobal təchizat zəncirlərinin yenidən formalaşması Avropanı mövcud təhlükəsizlik və iqtisadi arxitekturasını yenidən düşünməyə sövq edir. Bu səbəbdən sözügedən təklif yalnız yeni institusional struktur axtarışı deyil, eyni zamanda Avropanın strateji muxtariyyətini gücləndirmək cəhdinin də göstəricisidir.

Ekspertin fikrincə, bu modelin əsas məqsədi Avropa İttifaqını aradan qaldırmaq və ya onun yerini tutmaq deyil. Əksinə, Aİ üzvü olmayan, lakin Avropa təhlükəsizliyi və iqtisadiyyatı baxımından kritik əhəmiyyət daşıyan ölkələri daha çevik çərçivədə eyni masa ətrafında bir araya gətirməyi hədəfləyir. Birləşmiş Krallığın Brexitdən sonra Avropa təhlükəsizlik arxitekturasındakı yerini yenidən müəyyənləşdirmək istəyi, Türkiyənin NATO daxilində strateji mövqeyi, Ukraynanın müharibədən sonrakı təhlükəsizlik düzənində rolu və Kanadanın transatlantik təhlükəsizliyə töhfəsi nəzərə alındıqda, bu yanaşmanın müəyyən strateji məntiqə malik olduğu söylənilə bilər. Eyni zamanda bu təklif Avropanın təhlükəsizlik və iqtisadi tərəfdaşlıqlarını yalnız Aİ üzvlüyü müstəvisində deyil, ortaq strateji maraqlar əsasında yenidən müəyyənləşdirmək axtarışını da ortaya qoyur:

“Lakin bu təşəbbüsün uğurlu ola bilməsi onun Avropa İttifaqı institutları ilə necə münasibət quracağından asılıdır. Əgər konfederasiya Aİ-nin qərar qəbul etmə mexanizmlərini tamamlayan və təhlükəsizlik, enerji, müdafiə sənayesi və kritik infrastrukturlar kimi sahələrdə koordinasiyanı artıran platforma kimi layihələndirilərsə, Avropanın qlobal təsirini gücləndirə bilər. Əksinə, Aİ institutları ilə səlahiyyət və təmsilçilik məsələlərində rəqabət aparan alternativ struktur halına gələcəyi təqdirdə, Avropa daxilində institusional parçalanma və strateji uyğunsuzluq riski yarana bilər. Bu səbəbdən gələcəkdə formalaşa biləcək modelin “alternativ” deyil, “tamamlayıcı” struktur olması daha real görünür. Xüsusilə son dövrdə Avropa ölkələrinin müdafiə xərclərini artırmağa yönəlmiş siyasətləri və ortaq müdafiə sənayesi layihələrinə verdiyi əhəmiyyət belə bir platformanın təhlükəsizlik aspektini daha da ön plana çıxarır”.

Ekspert vurğulayıb ki, Türkiyə baxımından nəzər saldıqda, bu təklif diqqətəlayiq imkanlar ehtiva edir. Türkiyə Avropa ilə Asiya arasında geostrateji mövqeyi, NATO-nun ikinci ən böyük ordusuna malik olması, son illərdə müdafiə sənayesində əldə etdiyi potensial artım, enerji təchizatı təhlükəsizliyi, Qara dəniz, Şərqi Aralıq dənizi, Qafqaz və Yaxın Şərq kimi kritik bölgələrdəki fəallığı sayəsində Avropa təhlükəsizlik arxitekturasının əvəzolunmaz aktorlarından biridir. Xüsusilə Orta Dəhliz, İnkişaf Yolu Layihəsi və enerji dəhlizləri kimi bağlantısallıq layihələri nəzərə alındıqda, Türkiyənin töhfəsi yalnız hərbi təhlükəsizliklə məhdudlaşmır, həm də iqtisadi və logistik təhlükəsizliyi əhatə edir.

Mehmet Gökhan Özçubukçunun fikrincə, bununla yanaşı, Türkiyənin böhranların idarə olunması, vasitəçilik diplomatiyası və müxtəlif coğrafiyalar arasında dialoq qura bilmə qabiliyyəti də bu cür çoxtərəfli strukturlarda strateji dəyərini artırır.

Digər tərəfdən, Kanadanın bu struktur daxilində nəzərdə tutulması təklifin yalnız Avropa mərkəzli olmadığını, transatlantik təhlükəsizlik anlayışını daha geniş çərçivəyə daşımağı hədəflədiyini göstərir. Yaponiya, Cənubi Koreya və Hindistan kimi orta güclərlə enerji təhlükəsizliyi, kritik minerallar, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq təklifləri də klassik təhlükəsizlik anlayışından kənara çıxan yeni nəsil geosiyasi rəqabət sahələrinə işarə edir. Bu vəziyyət gələcəyin təhlükəsizlik arxitekturasının yalnız hərbi ittifaqlar deyil, texnologiya, rəqəmsal infrastrukturlar, kritik xammallar və iqtisadi dayanıqlılıq müstəvisində formalaşacağını da göstərir.

“Bu təklif qısa müddətdə Avropa İttifaqının alternativi olacaq yeni siyasi birlikdən daha çox, dəyişən qlobal güc balansına uyğunlaşmağa çalışan daha çevik və çoxqatlı təhlükəsizlik və strateji əməkdaşlıq platforması kimi qiymətləndirilə bilər. Avropanın gələcəkdəki təsiri yalnız Aİ üzvləri ilə deyil, Türkiyə və Birləşmiş Krallıq kimi regional çəkisi yüksək tərəfdaşlarla quracağı strateji əməkdaşlıqların uğurundan asılı olacaq. Bu prosesdə Türkiyə yalnız dəvət edilən tərəfdaş deyil,

Avropanın təhlükəsizlik, enerji və bağlantısallıq vizyonunu formalaşdıra biləcək əsas aktorlardan biri kimi önə çıxır. Buna görə də belə bir konfederasiyanın uğuru onun inklüziv idarəetmə modeli formalaşdıra bilməsindən, mövcud institutlarla uyğun şəkildə işləyə bilməsindən və ortaq təhdid qavrayışını konkret əməkdaşlıq mexanizmlərinə çevirə bilməsindən asılı olacaq”, – deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью