Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Orta hesabla Türkiyə çempionatında demək olar, hər tur bir istefaya səbəb olur.
"Football-plus.az" xəbər verir ki, 11-ci tur da bu baxımdan istisna olmadı. Evdə ''Samsunspor''a uduzan ''Konyaspor''da Rəcəp Uçar dönəmi rəsmən başa çatdı. Klubdan verilən açıqlamada təcrübəli mütəxəssis ilə yolları qarşılıqlı şəkildə ayrıldığı qeyd olunub. Konya təmsilçisi mövsümə uğurlu start verərək ilk 3 tura 7 xal toplamışdı. Amma sonradan eniş başladı.
Son 5 turda cəmi 1 qələbəsi olan ''ağ-yaşıllar'' 11 tura topladıqları 14 xalla 8-ci pillədə qərarlaşıblar. Daha öncə ''Ümraniyəspor'' və ''Kayserispor''da işləmiş 50 yaşlı Uçar ötən ilin oktyabrından ''Konyaspor''u çalışdırırdı. Komanda onun başçılığı altında ötən mövsümü 11-ci pillədə tamamlamışdı. Bununla da cari mövsümdə superliqada istefaların sayı 10-a yüksəldi. Yəni cəmi 11 tur arxada qalsa da, 18 klubun yarısından çoxu artıq məşqçi dəyişikliyinə gedib!
Bu arada ''Konyaspor''da yeni məşqçinin adı artıq bəllidi. Bu, Çağdaş Atandı. Klubdan verilən rəsmi açıqlamada son detalların razılaşdırılması üçün Atanın Konyaya dəvət edildiyi qeyd olunub. 45 yaşlı mütəxəssis cari mövsümə ''İstanbul BŞ''nin başında başlamışdı. Amma uğursuz nəticələr üzündən avqustun 31-də istefaya göndərilmişdi.