Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlığa dair yeni saziş imzalanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, yeni nüvə elektrik stansiyası layihələrinin hazırlanmasına cavabdeh olan Türkiyə Nüvə Enerjisi Anonim Şirkəti (TÜNAŞ) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) birgə texniki layihə həyata keçirəcək.
Saziş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorka səfəri zamanı Türkevidə imzalanıb. İmzalama mərasimində energetika naziri Alparslan Bayraktar iştirak edib. Sənədə TÜNAŞ-ın baş direktoru Necati Yamaç və USTDA direktorunun müavini Tomas Hardi imza atıblar.
Layihə çərçivəsində ABŞ şirkətlərinə məxsus 4 kiçik modullu reaktor (SMR) və 5 müxtəlif IV nəsil reaktor texniki, iqtisadi, hüquqi və lisenziyalaşdırma baxımından qiymətləndiriləcək. Araşdırma zamanı reaktorların dizayn xüsusiyyətləri, maya dəyəri, təchizat zənciri, SWOT təhlili, maliyyələşmə modelləri, təhlükəsizlik, fövqəladə hallara hazırlıq və sahə seçimi də öyrəniləcək.
Təxminən 2 milyon dollar büdcəsi olan və ən azı bir il davam edəcək texniki işlərin maliyyələşdirilməsini USTDA öz üzərinə götürəcək.
Nazir Alparslan Bayraktar sosial media hesabında bununla bağlı paylaşım edib:
"Şahidi olduğumuz bu razılaşma sayəsində ölkəmiz üçün yeni nəsil nüvə texnologiyalarının texniki, iqtisadi və qanunvericilik baxımından mümkünlüyünü hərtərəfli qiymətləndirəcəyik. 2053-cü ilə qədər sıfır emissiya və tam enerji müstəqilliyi hədəflərimizə uyğun olaraq, enerji qarışığımızı şaxələndirməyə sadiqik. İrimiqyaslı nüvə elektrik stansiyalarımızla yanaşı, ölkəmizin ehtiyaclarına ən uyğun alternativləri diqqətlə öyrənərək güclü və müasir enerji infrastrukturu qurmağa qətiyyətlə davam edəcəyik".
Bayraktar bildirib ki, ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə ötən il sentyabrın 25-də Ağ Evdə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə Strateji Mülki Nüvə Əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıblar.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin