Türkiyə ilə birgə enerji saxlanc layihəsi

23.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin “YEO Technology” şirkəti və “Azərenerji” ASC yeni batareya enerji saxlanc sistemi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalayıb.
Bununla bağlı Türkiyə şirkətindən bildirilib ki, sənəd maliyyələşdirmə daxil olmaqla “açar təslimi” şərtilə 250 meqavat-saat gücündə batareya enerji saxlanc sisteminin tikintisini nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 58,6 milyon dollar təşkil edir. Layihənin maliyyələşdirilməsi yerli banklar tərəfindən layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə modeli çərçivəsində həyata keçiriləcək. Ümumi ödəniş müddəti isə 4 il təşkil edəcək.
Məlumatda o da bildirilib ki, ümumi gücü 500 meqavat-saat olan və müqavilələri 2025-ci ildə imzalanan, 2026-cı ilin ikinci rübündə istismara verilən iki enerji saxlanc sistemindən sonra bu layihə Azərbaycanda enerji saxlanc sistemlərinin inkişafına əlavə töhfə verəcək.
Layihə çərçivəsində mühəndislik işlərinin həyata keçirilməsi, avadanlıqların təchizatı, enerji saxlanc sisteminin, enerji çevirmə sistemlərinin, batareya idarəetmə sistemlərinin və enerji idarəetmə sistemlərinin, eləcə də yüksək gərginlikli transformator yarımstansiyasının tikintisi, quraşdırılması və istismara verilməsi, eləcə də sistemin elektrik şəbəkəsinə inteqrasiyası həyata keçiriləcək.
Şirkətdən verilən məlumata görə, tikinti işlərinə yaxın vaxtlarda başlanılacaq və bütün sistem bir il ərzində istismara veriləcək. Layihədə istifadə olunacaq akkumulyator batareyaları “REAP Battery” şirkəti tərəfindən istehsal ediləcək.
Xatırladaq ki, 2026-cı ilin avqustunda “YEO Technology” və “Azərenerji” ASC Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 40 meqavat-saat gücündə batareya enerji saxlanc sisteminin “açar təslimi” tikintisi üzrə 9,54 milyon dollar dəyərində müqavilə imzalayıb. Müqavilə çərçivəsində “YEO Technology” enerji saxlanc sisteminin mühəndislik işlərini, satınalınmasını, quraşdırılmasını və istismara verilməsini, həmçinin şəbəkəyə qoşulma və sistemin mövcud günəş elektrik stansiyasına inteqrasiyası ilə bağlı müvafiq işləri həyata keçirəcək.
Bundan əvvəl isə “Azərenerji” “YEO Technology” ilə Abşeron və Ağdaşda ümumi gücü 250 meqavat, tutumu isə 500 meqavat-saat olan batareya enerji saxlanc sistemlərinin yaradılması üzrə 90,5 milyon dollar dəyərində müqavilə imzalayıb. Sistemlər “YEO Technology”nin törəmə şirkəti – “Reap Battery” ilə Çinin akkumulyator istehsalçısı “Great Power” şirkətinin tərəfdaşlığı çərçivəsində yaradılmış “ReapG” şirkəti tərəfindən inşa edilib.
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью