GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
PKK/PYD terror qruplaşmasının liderlərindən olan İlham Əhməd dəstək üçün İsrailə müraciət edib. O, İsrail mediasına verdiyi müsahibədə bildirib: “İndi baş verənlər təkcə Təl-Əvivin problemi olmamalıdır. Bizə kömək etmək istəyirsinizsə, bunu edin. İndi ən doğru zamandır. Əks halda, artıq “Kömək etmək istədik, amma edə bilmədik” deməyə vaxt qalmayacaq.”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Təyyar qruplaşma liderinin müraciətini sərt tənqid edib, hər fürsəttə birləşmənin ABŞ və ona yaxın qüvvələrdən dəstək istəmələrinə diqqət çəkib.
Maraqlıdır ki, Suriyada baş verən son proseslər fonunda Vaşinqtonla Ankaranın mövqeləri yaxınlaşıb. ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Suriya Demokratik Qüvvələrinin (SDQ) resurslarının tükəndiyi və yeganə mümkün modelin vahid Suriya olduğu barədə açıqlaması rəsmi Ankara üçün strateji qələbə kimi qiymətləndirilir.
İsrailin bundan sonra Suriya və PKK ilə bağlı siyasəti necə olacaq?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İlham Əhmədin çağırışı ABŞ-ın artıq onlara dəstək vermədiyini göstərir:
“Bu səbəbdən alternativ dəstək axtarışına çıxıblar. Beləliklə ABŞ həm Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, həm də Türkiyənin mövqeyini müdafiə edir. Bu isə rəsmi Ankaranın Suriyadakı mövqeyinin legitimləşdirilməsi baxımından önəmlidir.
Vaşinqton və Ankara arasındakı bu yaxınlaşma SDQ-nin manevr imkanlarını daraldacaq. İsrail ABŞ-a rəğmən onlara kömək göstərə bilər, lakin baş nazir Benyamin Netanyahunun Vaşinqtonun dəstəyini almadan Türkiyənin qarşısına çıxması real deyil. Buna görə də maksimum ehtiyatlı davranacaq. Kürd qruplar heç bir halda əvvəlki səviyyədə dəstəyi İsraildən gözləməməlidirlər.
Zeynal Əmrəliyev
ABŞ səfirinin açıqlaması ilə Türkiyəyə qarşı federal–avtonom dövlət modeli faktiki olaraq sıradan çıxır. Suriya məsələsində İsrail tək qalır. Çünki yəhudi dövlətinin istəyi parçalanmış və zəif Suriya idi. Ehtimal ki, İsrail bundan sonra Qəzza, Livan və İran xətti üzrə mövqelərini gücləndirməyə çalışacaq. Çünki Suriyada faktiki olaraq Türkiyəyə məğlub oldu. Buna baxmayaraq, İsrail kürdlərə kəşfiyyat mübadiləsi və diplomatik dəstək kimi sahələrdə müəyyən yardım göstərə bilər. İlham Əhmədin çıxışı həm PKK/YPG-nin çöküşünü etiraf etməsi, həm də İsrailin Suriyada Türkiyə qarşısında məğlubiyyətini nümayiş etdirməsi baxımından diqqətçəkəndir”.
Turan Rzayev
Globalinfo.az