Türkiyə Liviya qazı ilə bağlı yeni plan açıqladı KONKRET

30.01.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Liviya qazının İtaliya bazarına tədarükü imkanını nəzərdən keçirir və bu həcmlərin Azərbaycan qazı hesabına svop mexanizmi ilə kompensasiya olunmasını mümkün sayır. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar A Haber telekanalına açıqlamasında bildirib.

KONKRET.az xəbər verir ki, nazir Liviyadan təbii qazın birbaşa Türkiyəyə çatdırılmasının olduqca çətin olduğunu qeyd edib. Onun sözlərinə görə, bunun üçün qazın mayeləşdirilməsi üzrə müvafiq infrastruktur və LNG gəmiləri tələb olunur. Bayraktar vurğulayıb ki, Liviyadan Türkiyəyə qaz kəməri yoxdur, lakin Liviyanın şimalından İtaliyaya uzanan qaz kəməri mövcuddur.

Nazirin sözlərinə görə, Liviyada aşkar edilən təbii qazın Türkiyəyə daşınması əvəzinə, coğrafi yaxınlıq amili nəzərə alınaraq onun İtaliya bazarında satılması mümkündür. Bu halda isə İtaliyanın **Azərbaycan**dan aldığı qaz həcmləri svop mexanizmi vasitəsilə Türkiyənin balansına yazıla bilər.

“Bu cür müxtəlif biznes modelləri vasitəsilə biz dəyər zəncirini formalaşdıracağıq”, — deyə Bayraktar əlavə edib.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью