Türkiyə mediası: Prezident İlham Əliyev islamofobiya ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

26.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 26 may, AZƏRTAC

Türkiyənin aparıcı informasiya agentlikləri, telekanalları, qəzet və xəbər portalları mayın 26-da Bakıda işə başlayan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfransı geniş işıqlandırır.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media orqanlarında dərc olunan materiallarda, habelə reportajlarda Azərbaycan Prezidenti İlham Əliyevin iki gün davam edəcək müzakirələrin iştirakçılarına müraciətinə xüsusi diqqət yetirilib.

Əsas diqqət Azərbaycan liderinin müsəlmanlara qarşı nifrət ritorikası ilə mübarizədə birgə addımlar atmağa çağırışına yönəlib.

Azərbaycan Prezidentinin söz azadlığı adı altında İslama və müsəlmanlara qarşı hücumları qəbuledilməz adlandırdığı vurğulanır.

Materiallarda islamofobiyanın son zamanlar qlobal miqyasda getdikcə daha çox nəzərəçarpacaq və sistemli xarakter almasından təəssüfləndiyini bildirən Prezident İlham Əliyevin müraciətindən sitatlar yer alıb.

Qeyd olunur ki, Azərbaycan BMT Baş Assambleyasının islamofobiya ilə mübarizə ilə bağlı qəbul etdiyi qətnamələri alqışlayır və sənədlərdə göstərilən tədbirlərin dərhal həyata keçirilməsinə çağırır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью