Icma.az, Marja.az saytına istinadən bildirir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) əsas faiz dərəcəsini 100 baza bəndi azaldaraq 37%-dən 36%-ə endirib.
Marja.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin 22 oktyabr 2026-cı il tarixli iclasında qərar qəbul edilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərara əsasən, bir həftəlik repo hərracları üzrə əsas faiz dərəcəsi 36%-ə endirilib.
Eyni zamanda, Mərkəzi Bankı, gecəlik borcvermə faiz dərəcəsini 40%-dən 39%-ə, gecəlik borclanma faiz dərəcəsini isə 35,5%-dən 34,5%-ə azaldıb.
Beləliklə, hər üç faiz göstəricisi 100 baza bəndi aşağı salınıb.
Neftin yüksək qiymətləri inflyasiya üçün risk yaradır
Türkiyə Mərkəzi Bankının qərarında bildirilir ki, aylıq dəyişkənliyə baxmayaraq, son dövrün inflyasiya göstəriciləri və qabaqlayıcı indikatorlar inflyasiyanın əsas meylində azalmanı təsdiqləyir. İqtisadi fəallıqla bağlı məlumatlar və təklif şoklarının daxili qiymətlərə təsirinin məhdud qalması daxili tələbin zəifliyinin davam etdiyini göstərir. Bununla yanaşı, davam edən geosiyasi gərginliklər nəticəsində enerji qiymətlərinin yüksək səviyyədə qalması inflyasiya perspektivləri üçün yuxarı istiqamətli risklər yaradır.
Mərkəzi Bank geosiyasi hadisələrin istehsal xərcləri, iqtisadi fəallıq və gözləntilər vasitəsilə inflyasiyaya təsirlərinin yaxından izlənildiyini bildirib.
Faizlərin yenidən artırılması istisna edilmir
Qərarda vurğulanır ki, qiymət sabitliyi təmin edilənədək sərt pul siyasəti davam etdiriləcək. Mərkəzi Bank növbəti faiz qərarlarını inflyasiyanın faktiki göstəricilərini, əsas meylini və bazar gözləntilərini nəzərə almaqla qəbul edəcək. Faiz dəyişikliklərinin miqyası və vaxtı hər iclasda ayrıca qiymətləndiriləcək.
Bank xəbərdarlıq edib ki, inflyasiya perspektivlərində əhəmiyyətli və davamlı pisləşmə baş verərsə, pul siyasəti yenidən sərtləşdiriləcək. Kredit və depozit bazarlarında gözlənilməz dəyişikliklər yaranacağı təqdirdə əlavə makroprudensial tədbirlərin tətbiqi də mümkün hesab edilir. Türkiyə Mərkəzi Bankı orta müddətdə inflyasiyanı 5%-lik hədəfə endirmək məqsədini qoruduğunu bildirib.
Faiz qərarı bazar gözləntilərinə uyğun olub
Xatırladaq ki, TCMB sentyabrın 10-da keçirilmiş əvvəlki iclasında əsas faiz dərəcəsini 37% səviyyəsində sabit saxlamışdı. Oktyabr iclası ərəfəsində iqtisadçıların əksəriyyəti faizlərin 100 baza bəndi azaldılaraq 36%-ə endiriləcəyini proqnozlaşdırırdı.
JPMorgan da oktyabrın 20-də açıqladığı proqnozunda daha əvvəl nəzərdə tutulan 150 baza bəndi əvəzinə 100 baza bəndlik faiz endirimi gözlədiyini bildirmişdi. Beləliklə, açıqlanan qərar bazarın əsas gözləntilərinə uyğun olub.