Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
DÇ-2026-da qrup mərhələsinin 2-ci turu çərçivəsində Türkiyə Paraqvay ilə qarşılaşdı.
''Ay-ulduzlular'' turnirə Avstraliyaya uduzmaqla start vermişdilər. Bu dəfə Vinçentso Montellanın komandası pley-off şansını davam etdirmək üçün ən azı uduzmamalı idi. Çünki qrupun digər oyununda ABŞ Avstraliyanı məğlub etmişdi.
Qardaş ölkənin komandası oyuna şok bir qol buraxmaqla başladı. Matias Qalarsa artıq 64-cü saniyədə uzaq məsafədən yerlə Uğurcan Çakırı məyus edərək turnirin ən erkən qolunu vurdu. Onsuz da psixoloji cəhətdən yaxşı durumda olmayan Türkiyə erkən buraxılan qoldan sonra bir qədər də çökərək uzun müddət özünə gələ bilmədi.
Fasilə ərəfəsində daha bir mühüm hadisə yaşandı. Paraqvayın lideri Migel Almiron ağzını tutaraq Mərt Müldürə nəsə dedi. Yeni qaydalara görə buna icazə yoxdu. Hakim monitorda epizodun təkrarını izlədikdən sonra Almirona birbaşa qırmızı vərəqə göstərdi. Düşünmək olardı ki, Türkiyə azlıqda qalan rəqiblə oyunda heç olmasa, 1 qol vuraraq məğlubiyyətdən qurtulacaq. Amma böyük üstünlüyə, saysız-hesabsız zərbələrə və 2,12 xG-yə baxmayaraq Türkiyə heç cür Cənubi Amerika təmsilçisinin müdafiəsini yara bilmədi.
Ən acınacaqlısı odu ki, qardaş ölkənin komandası Avstraliya və Paraqvayla oyunlarda qapıya ümumilikdə 60 zərbə endirməsinə baxmayaraq 1 qol belə vura bilmədi.
Beləliklə, Türkiyə böyük ümidlərlə yollandığı mundialda əsil şok yaşayaraq artıq 2 turdan sonra mübarizəni dayandırmaq məcburiyyətində qaldı. 3-cü pillələrin belə pley-off şansını olduğu bir turnirdə Türkiyə üçün ABŞ-a qarşı 3-cü oyun artıq formal xarakter daşıyacaq.
Türkiyə DÇ-2026-da 48 komanda arasında Haitinin ardından turniri ən erkən tərk edən ikinci kollektiv olaraq tarixi bir fiasko yaşadı.