Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Ankara, 1 fevral, AZƏRTAC
Türkiyənin cənubunda “Akkuyu” atom elektrik etansiyasının istifadəyə verilməsinin yaxınlaşması fonunda ekspert və elmi dairələr torium reaktorlarından nüvə enerjisində yeni bir yanacaq dövrü kimi istifadə perspektivlərini fəal şəkildə müzakirə etməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin nadir torpaq elementləri ehtiyatları ilə bağlı şərh verərək bildirib ki, bu mineralların arasında demək olar ki, həmişə torium var.
“Türkiyədə əhəmiyyətli torium ehtiyatları var. Müvafiq texnologiyalardan istifadə edə bilsək, yanacaqla özümüzü təmin edəcəyik, lakin bu sahədə tədqiqatlar hələ də davam edir. Türkiyə Enerji, Nüvə və Mədən Tədqiqat İnstitutu (TENMAK) da bu məsələ üzərində işləyir”, - deyə Bayraktar bildirib.
Energetika naziri əlavə edib ki, Türkiyə toriumun istifadəsi ilə bağlı sahəyə investisiya qoyan Danimarka şirkəti ilə fəal əməkdaşlıq edir. “Qlobal miqyasda bir çoxları hazırda torium tədqiqatları ilə məşğuldur, amma düşünürəm ki, bu, vaxt tələb edir", - deyə nazir izah edib. O vurğulayıb ki, hazırda dünyada torium əsaslı nüvə reaktoru olan aktiv nüvə elektrik stansiyası yoxdur və mövcud reaktorlar eksperimental xarakter daşıyır
Bu arada, Türkiyə mütəxəssisləri ölkənin ən azı 800.000 ton nadir torpaq elementi ehtiyatına diqqət çəkiblər. Bu ehtiyatlar istifadə olunarsa, ölkənin gələcəkdə nüvə elektrik stansiyaları üçün yerli yanacaq istehsal etməsinə imkan yarana bilər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara