Türkiyə Prezidenti ekoloji böhran fonunda təbiətə daha qayğıkeş münasibətə çağırıb

05.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 5 iyun, AZƏRTAC

Hər bir insan ətraf mühitin mühafizəsi və təbiətin qayğısına qalmaq, gələcək nəsillərə daha davamlı dünya ötürmək üçün məsuliyyət daşıyır. Heç kimin öz məsuliyyət payını başqalarının üzərinə atmağa, ekoloji sahədə öhdəliklərdən yayınmağa haqqı yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir.

Türkiyə dövlətinin başçısı ekoloji sahədə artan problemlərə, o cümlədən qlobal temperaturun yüksəlməsinə, səhralaşmaya, biomüxtəlifliyin itirilməsinə, gözlənilməz sel və sürüşmələrə diqqət çəkib.

O vurğulayıb ki, insanlar təbiətlə necə davranırsa, ondan da eyni reaksiyanı alır. “Təbiət insan hərəkətlərinə reaksiya verir, özünü insanların kobud müdaxiləsindən qorumağa çalışır”, - deyən Ərdoğan Ümumdünya Ətraf Mühit Gününü bütün bəşəriyyətə çağırış üçün yeni fürsət adlandırıb.

Onun sözlərinə görə, bu gün dünyada ekoloji problemlər və böhranlar getdikcə geri dönməz xarakter alır. "İnsanlar reallığı qəbul edib hərəkətə keçməlidirlər. Bu, təkcə ekoloji strukturların deyil, hər bir təşkilatın, hər bir insanın missiyasıdır - bütün bəşəriyyətin ortaq vəzifəsidir", -deyə Türkiyə Prezidenti qeyd edib.

Bu baxımdan siyasətçi təbiətə həssas münasibətə, enerji səmərəliliyinə, tullantıların rasional idarə olunmasına çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью