Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul, 4 fevral, Günel Karatepe, AZƏRTAC
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın 2-ci iclası münasibətilə Misirin paytaxtı Qahirədə olmaqdan böyük məmnuniyyət hissi keçirdim. Qəbul etdiyimiz qərarların başda ölkələrimiz olmaqla, regionumuzda sülhə, rifaha və sabitliyə töhfə verməsini arzu edirəm.
AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir səfərini şərh edərək deyib.
Səfər çərçivəsində qəbul edilən birgə bəyanat və qərarlarla iki ölkə arasında münasibətlərin müqavilə-hüquqi əsasını daha da möhkəmləndirdiklərini bildirən Ərdoğan deyib: “Son 3 ildə 8–9 milyard dollar aralığında olan ticarət dövriyyəmizi 15 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoymuşuq. Şərqi Aralıq dənizində ən uzun sahil xəttinə malik iki qonşu ölkəyik. İkitərəfli dəniz ticarəti və daşımaları, naviqasiya azadlığı və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.
Türkiyə Prezidenti atılacaq birgə addımların həm regional sülhə, həm də iki ölkənin iqtisadi və strateji maraqlarına ciddi töhfə verəcəyinə inamını ifadə edib.