Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaratmağı təklif edib.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunun Türkiyənin Qətərdəki hərbi bazası modelinə uyğun ola biləcəyi bildirilir. Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən ikitərəfli müqavilə əsasında fəaliyyət göstərir. Açıq mənbələrin məlumatına görə, burada təxminən 3 min türkiyəli hərbçi xidmət edir. Baza Qətər Silahlı Qüvvələri ilə birgə təlimlərin keçirilməsi və yerli hərbi personalın hazırlanması üçün istifadə olunur.
Səudiyyə Ərəbistanında Türkiyə hərbi bazasının yaradılması məsələsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Qarşılıqlı Müdafiə haqqında Məkkə Sazişinin Türkiyə parlamenti tərəfindən təsdiqlənməsindən sonra nəzərdən keçirilə bilər. Sənəd bu həftə parlamentin Xarici Əlaqələr Komitəsindən keçib və hazırda parlamentin təsdiqini gözləyir.
Türkiyə qanunvericiləri zəruri hesab edərsə, xaricdə hərbi qüvvələrin yerləşdirilməsinə icazə verən qərar qəbul etməli və bazanın yaradılması ilə bağlı ayrıca sənədi təsdiqləməlidir. “Hürriyet”in məlumatına görə, Türkiyə yeni təhlükəsizlik konsepsiyası çərçivəsində Afrika və Asiya başda olmaqla, müxtəlif bölgələrdə hərbi mövcudluğunu genişləndirməyi planlaşdırır. Bu istiqamətdə ikitərəfli müqavilələr və müxtəlif ittifaqlar çərçivəsində razılaşmalardan istifadə edilməsi nəzərdə tutulur.
Qəzet bu yanaşmanı ABŞ-nin 2027–2028-ci illərdə Yaxın Şərqdə birbaşa hərbi mövcudluğunu azaltmaq planları ilə də əlaqələndirir.
Nəşrin yazdığına görə, Türkiyənin yeni dövrdə məqsədi hərbi potensialından yalnız sərhədlərinin müdafiəsi üçün deyil, həm də təhlükəsizlik maraqlarının olduğu bölgələrdə çəkindirici və diplomatik təsir imkanlarını artırmaq üçün istifadə etməkdir. Türkiyənin 12 ölkədə hərbi bazalarının olduğu bildirilir.
Onun ən böyük hərbi kontingenti beynəlxalq səviyyədə geniş tanınmayan Şimali Kipr Türk Respublikasında yerləşir. Burada 30 mindən çox türk hərbçisinin xidmət etdiyi qeyd olunur.
Türkiyənin Qətər, İraq, Suriya, Somali, Liviya və bir sıra digər ölkələrdə də hərbi bazaları və hərbi mövcudluğu var.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin