Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyədə ali təhsilin beynəlmiləlləşməsi strategiyasının əsas hissəsi olan Xaricdən Tələbə Qəbulu İmtahanı (TR-YÖS) bu il ikinci dəfə oktyabrın 11-də keçiriləcək. Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) məlumatına görə, Türkiyədə ali təhsil almaq istəyən əcnəbi tələbələr üçün nəzərdə tutulan imtahan həm Türkiyədə, həm də xaricdə təşkil olunacaq. Sınaq üçün qeydiyyat müddəti avqustun 3-dən 11-dək uzadılıb.
İmtahan türk, alman, ingilis, fransız, rus və ərəb dillərində aparılacaq. İmtahanın nəticələri noyabrın 5-də elan ediləcək və 2 il müddətində etibarlı sayılacaq.
ÖSYM sədri professor Bayram Ali Ersoy bildirib ki, 13 illik fasilədən sonra, 2023-cü ildən yenidən tətbiq edilən TR-YÖS xarici tələbə qəbulunda vahid standart yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, imtahan artıq çoxsaylı ölkələrdə keçirilir, Türkiyə universitetlərinə çıxışı asanlaşdırır və ölkənin təhsil diplomatiyasının mühüm alətinə çevrilib.
Ersoy vurğulayıb ki, TR-YÖS vasitəsilə Türkiyəni seçən tələbələr ölkənin elmi, iqtisadi və mədəni inkişafına töhfə verir, məzun olduqdan sonra isə öz ölkələrində Türkiyənin könüllü mədəniyyət elçiləri kimi çıxış edərək iki ölkə arasında akademik, iqtisadi və mədəni əlaqələrin güclənməsinə xidmət edirlər.
Qeyd edək ki, bu imtahan vasitəsilə hər il yüzlərlə azərbaycanlı tələbə Türkiyənin aparıcı ali təhsil müəssisələrinə qəbul olunur.