Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçməsi Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı "Məkkə paktı"nı da ciddi sınaq qarşısında qoyub".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Amerika Birləşmiş Ştatlarının husilərlə atəşkəs razılaşmasının uzun çəkəcəyi şübhə doğurur:
"Husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qalacaqlarını bəyan ediblər. Husilər Səudiyyə Ərəbistanının gəmiləri istisna olmaqla digər ölkələrin, o cümlədən ABŞ və İsrail gəmilərinə hücum etməyəcəklərini vəd veriblər. Ancaq bu vədin yerinə yetiriləcəyi də şübhə doğurur. Çünki husiləri silahlandıran və maliyyələşdirən SEPAH generallarından əmr gələrsə, qiyamçılar amerikalılalara verdikləri vədi unuda da bilərlər".
Elxan Şahinoğlu qeyd edib ki, Səudiyyə Ərəbistanı da husilərlə atəşkəsə nail olmağa çalışır:
"ABŞ ilə husilər arasında vasitəçi olan Omanın imkanlarından Səudiyyə Ərəbistanı da faydalanmaq istəyir. Husilər Səudiyyə Ərəbistanı ilə razılaşmanın əleyhinə deyillər, sadəcə bunun reallaşması üçün Ər-Riyaddan Yəmənin hava, quru və dəniz yolu ilə blokadasına tam son qoyulmasını tələb edirlər. Husilərin bir başqa tələbi Səudiyyə Ərəbistanının Yəməndən hərbi, təhlükəsizlik və siyasi qüvvələrini çıxarması və təzminat ödəməsi üçün fondun yaradılmasıdır. Ər-Riyad bu tələbləri qəbul etməyə hazır deyil. Bu səbəbdən bölgədə toqquşmaların davam edəcəyini proqnozlaşdırmaq olar. Husilərin Səudiyyə Ərəbistanına hücumlarını davam etdirməsi Ər-Riyadın strateji müttəfiqi olan ABŞ-ni çətin vəziyyətə salıb. Belə çıxacaq ki, husilərlə atəşkəsə nail olan Vaşinqton Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanına hücumlarına seyrçi qalacaq".
Politoloqun fikrincə, mövcud vəziyyət avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı ittifaq sazişi üçün ciddi sınaqdır:
"Pakistan və Türkiyə "Məkkə paktı"na görə bir tərəfdən Səudiyyə Ərəbistanına real dəstək verməli, o biri tərəfdən müharibənin alovlanmasının qarşısını almalıdırlar. Pakistanla Səudiyyə Ərəbistanı arasında müttəfiqlik uzun illəri əhatə edir. Ona görə Ər-Riyadın əsas dəstək gözləntisi İslamabaddandır. İslamabad Ər-Riyadı inandırmalıdır ki, onun müdafiə öhdəliyi real çəkiyə malikdir. Ancaq Pakistan eyni zamanda özünü başqa bir Yaxın Şərq müharibəsinə cəlb etməməli və husiləri dəstəkləyən Tehranla münasibətlərini pozmamalıdır. İslamabad Tehranla əlaqə kanallarını açıq saxlamağa üstünlük verir. Bu vəziyyətdə bir qrup "Məkkə paktı"nda dərhal müdafiə məqsədilə cavab tədbirlərinin əks olunmadığını, digərləri isə əksinə, təcavüzə qarşı birgə mübarizə mexanizminin işə düşməsi qənaətindədir. Bu qeyri-müəyyənlik "Məkkə paktı" ilə bağlı sualların sayını artırıb. Hadisələrin inkişafı göstərir ki, "Məkkə paktı"nın qəbulu daha çox Səudiyyə Ərəbistanına lazım idi. Ancaq əgər həmin pakt Səudiyyə Ərəbistanını husilərin hücumlarından qoruya bilməyəcəksə, sazişin dəyəri azalacaq".
Elxan Şahinoğlu mövcud vəziyyətin Çini də narahat etdiyini deyib:
"Pekin İslamabadın ən mühüm strateji və hərbi tərəfdaşlarından biridir və eyni zamanda Səudiyyə Ərəbistanı ilə getdikcə daha sıx münasibətlər qurub. Ancaq Pekin də Səudiyyə Ərəbistanını husilərdən qorumaq fikrində deyil. Pekinin yeganə təklifi Yaxın Şərq üçün yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Hazırkı şərtlər altında Yaxın Şərqdə belə bir arxitekturanın qurulması praktik baxımdan mümkün deyil. Avropa ölkələri isə Səudiyyə Ərəbistanı ilə sadəcə həmrəylik nümayiş etdiriblər. Avropa İttifaqı bölgədə baş verənlərdən narahat olsa da, prosesə qarışmaq istəmir".