Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə təxminən 33 min insan orqan transplantasiyası növbəsindədir. Ölkə canlı donordan orqan köçürülməsində dünya liderlərindən olsa da, meyit donorlardan transplantasiya göstəriciləri aşağı səviyyədə qalır.
Sherg.az xəbər verir ki, 3–9 noyabr Orqan Bağışı Həftəsi çərçivəsində keçirilən toplantıda mütəxəssislər orqan bağışına mane olan səbəbləri və cəmiyyətdəki yanlış təsəvvürləri müzakirə ediblər.
Türkiyə Nefrologiya Dərnəyinin rəhbəri, professor Aydın Türkmenin sözlərinə görə, ölkədə orqan gözləyənlərin 28 mini böyrək, 2 500-ü qaraciyər, 1 500-ü isə ürək xəstələridir. Hər il təxminən 14 min yeni xəstə dializ müalicəsinə başlayır, lakin il ərzində cəmi 3 500 böyrək transplantasiyası həyata keçirilir.
2026-cı ilin ilk 10 ayında Türkiyədə 2 078 nəfərə beyin ölümü diaqnozu qoyulub. Onlardan yalnız 375-nin orqanları bağışlanıb. Bu isə beyin ölümü hallarının təxminən 18 faizində orqan bağışının reallaşması deməkdir.
Türkiyə Reanimasiya Dərnəyinin rəhbəri, professor Fethi Gül bildirib ki, orqan bağışına mane olan əsas amillərdən biri insanların beyin ölümü ilə bağlı yanlış təsəvvürləridir. Xüsusilə yaxınlarının “bəlkə ayılar” düşüncəsi ailələrin qərar verməsinə təsir göstərir.
Mütəxəssis vurğulayıb ki, beyin ölümü ilə vegetativ həyat eyni deyil. Beyin ölümü baş verdikdə insan tibbi və hüquqi baxımdan vəfat etmiş sayılır və bu diaqnoz transplantasiya qrupundan asılı olmayan mütəxəssis həkimlər tərəfindən qoyulur.
Qeyd edək ki, Türkiyədə elektron hökumət və e-Nabız platformaları vasitəsilə orqan donoru olmaq qərarını bildirmək imkanı yaradıldıqdan sonra donorların sayı üç dəfə artaraq təxminən 1 milyona çatıb. Mütəxəssislər vətəndaşları orqan bağışı qərarlarını ailə üzvləri ilə də bölüşməyə çağırıblar.