Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Kayseri vilayətinin Dəvəli rayonunda maraqlı arxeoloji tapıntı üzə çıxarılıb.
Təbii aşınma nəticəsində göbələk formasını almış qayanın zirvəsində qayıq formasında oyulmuş qədim məzar aşkarlanıb. İlkin ehtimallara görə, Roma dövrünə aid olan bu tikilinin təxminən 2 min il yaşı var.
Məzar tarixçi Nəzir Ötəgən tərəfindən Gümüşörən su anbarı və Zamantı çayı ətrafında aparılan tədqiqatlar zamanı aşkar edilib. Onun sözlərinə görə, küləyin daşıdığı qum və çınqıl hissəciklərinin uzun müddət ərzində qayanın aşağı hissəsini aşındırması nəticəsində qeyri-adi təbii relyef formalaşıb. Qədim məzar isə sonrakı dövrlərdə həmin qayanın üst səthində oyulub.
Tədqiqatçının fikrincə, məzarın çay vadisinə və ətraf ərazilərə hakim mövqedə yerləşməsi Roma dövründə yüksək və görünən yerlərdə dəfn ənənəsi ilə əlaqəli ola bilər. Qayıq formalı məzarın üzərindəki örtük hazırda mövcud deyil.
Tapıntının dəqiq yaşının və tarixi əhəmiyyətinin müəyyənləşdirilməsi üçün mütəxəssislərin araşdırma aparması zəruridir. Ərazinin rəsmi qeydiyyata alınması və mühafizə olunması ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.
S.Rzayeva
XQ