Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbulun Silivri və Avcılar rayonlarında dəniz səviyyəsinin nəzərəçarpacaq dərəcədə geri çəkilməsi yerli sakinlər arasında narahatlıq yaradıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Silivridə dəniz təxminən 200 metr, Avcılarda isə 15 metr geri çəkilib. Silivri sahil zolağında suyun çəkilməsi nəticəsində qumlu adacıqlar əmələ gəlib.
Bu vəziyyət balıqçıların da fəaliyyətinə mənfi təsir göstərib. Belə ki, bəzi balıqçı gəmiləri sahilə yaxınlaşa bilmədikləri üçün uzaq məsafədə lövbər salmaq məcburiyyətində qalıblar.
Silivri sakini Emirhan Yıldız məsələ ilə bağlı bildirib ki, bu hadisə yerli əhali üçün yeni deyil:
"Silivrililər bu ərazini yaxşı tanıyır. Burada dənizin geri çəkilməsi hər il müşahidə olunur. Bəzi insanlar bunu zəlzələ ilə əlaqələndirir, lakin biz belə düşünmürük. Alimlər daha dəqiq izah verə bilər, amma bildiyimizə görə, burada hər il təxminən 200-250 metr geri çəkilmə olur", - deyə o qeyd edib.
Avcılar rayonunun Ambarlı məhəlləsində də oxşar vəziyyət qeydə alınıb. Yay aylarında çimərlik kimi istifadə olunan ərazidə dənizin çəkilməsi nəticəsində qumlu sahə xeyli genişlənib.
Rayon sakinləri Avcılar sahilində bundan əvvəl də bənzər halların yaşandığını bildiriblər.
Hüseyn
Milli.Az