Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ankara yaxınlığında qəzaya uğrayan və göyərtəsində Liviya nümayəndə heyəti olan təyyarənin səs yazıcısındakı (“qara qutu”) bütün məlumatlar Böyük Britaniyada deşifrə edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat naziri Abdülkadir Uraloğlu məlumat verib.
Nazirin sözlərinə görə, səs yazıcısının araşdırılması başa çatdırılıb və bütün məlumatlar oxunub. Qeydlərə əsasən, təyyarə 23 dekabr 2025-ci il saat 20:17-də havaya qalxıb. Bu, üç mühərrikli təyyarə olub. Cəmi iki dəqiqə sonra pilotlar ikinci generatorun sıradan çıxdığını bildiriblər, təxminən 13–14 saniyə sonra isə üçüncü generator da sıradan çıxıb. Birinci generatorla bağlı qeydlərdə məlumat yoxdur.
Uraloğlunun xatırlatdığı kimi, “qara qutu” bütün tərəflərin razılığı ilə araşdırma üçün Böyük Britaniyaya göndərilib.
Sonrakı uçuş zamanı pilotlar “bütün generatorların söndüyünü, lakin daha sonra sistemin yenidən işə düşdüyünü” bildiriblər. Dispetçerlərlə əlaqə zamanı pilotlar hava limanına geri qayıtmaq üçün icazə istəyiblər. Havaya qalxma ilə qəza arasında ümumilikdə 37 dəqiqə vaxt keçib. Təyyarə ilə əlaqə təxminən 27–28-ci dəqiqəyə qədər saxlanılıb, bundan sonra normal rabitə qurmaq mümkün olmayıb. Hündürlüyün itirilməsi səbəbindən təyyarə radar ekranlarında zəif görünməyə başlayıb və 37-ci dəqiqənin sonunda qəzaya uğrayıb. Pilotlar Mayday siqnalı verməyə macal tapmayıblar, lakin qəza öncəsi Pan-Pan siqnalı göndəriblər ki, bu da adətən ciddi, lakin hələ fəlakətli olmayan texniki nasazlıq mənasına gəlir.
Uraloğlu bildirib ki, hadisənin istintaqı Ankara Baş Prokurorluğu tərəfindən aparılır. “Baş verənləri belə şərh etmək olar ki, əgər təyyarə birinci və ya ikinci generatorun sıradan çıxmasından sonra hava limanından çox uzaqlaşmadan geri qayıtmaq üçün müraciət etsəydi, problem yaşanmaya bilərdi. Lakin yekun nəticə məhkəmə istintaqı və ekspert rəylərindən sonra açıqlanacaq,” – deyə nazir vurğulayıb.
O əlavə edib ki, bort səs yazıcısının araşdırılması tamamlanıb və oradan əlavə məlumat əldə etmək mümkün deyil. Lakin uçuş məlumatlarını qeydə alan cihaz çox köhnədir və ciddi şəkildə zədələnib, buna görə də hələlik ondan heç bir məlumat əldə olunmayıb.
Xatırladaq ki, 23 dekabr 2025-ci ildə Maltanın Mülki Aviasiya İdarəsində qeydiyyatda olan, 9H-DFS bort nömrəli Falcon 50 tipli özəl təyyarə Ankaranın Esenboğa hava limanından Tripolidəki Mitiga hava limanı istiqamətində havaya qalxıb və Türkiyə paytaxtının ətrafında qəzaya uğrayıb. Göyərtədə səkkiz nəfər, o cümlədən beş liviyalı hərbçi olub. Liviya hakimiyyəti qəza nəticəsində ölkənin qərbindəki silahlı qüvvələrin baş qərargah rəisi Məhəmməd əl-Həddadın həlak olduğunu təsdiqləyib.
Məryəm Quliyeva