Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 28 yanvar, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yanvarın 29-da Türkiyəyə planlaşdırılan səfəri çərçivəsində xaricdə ilk özbək məktəbinin təməlqoyma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Osman Mesten “Sabah” qəzetinə bildirib.
Türkiyəli millət vəkili Özbəkistan liderinin gəncləri dəstəkləmək üçün şəxsi səylərinə diqqət çəkib. “Prezident Mirziyoyev yeni Özbəkistan qurulması prosesində gənclərə xüsusi diqqət yetirir. Say baxımından əvvəllər Özbəkistanda cəmi 27% olan bağça və məktəbəqədər təhsil müəssisələrinə qəbul göstəricisi hazırda 78%-i keçib. 2017-ci ildə gənclərin 8%-i ali təhsil alırdısa, bu gün bu rəqəm 50%-ə yaxınlaşır”, - deyə Mesten bildirib.
O, son on ildə Özbəkistanın inkişafında əhəmiyyətli irəliləyişlər əldə edildiyini vurğulayıb. Parlamentin üzvü bildirib: “Özbəkistan - 2030” strategiyasında qeyd olunan ÜDM-in 160 milyard dollara çatdırılması hədəfinə 2026-cı ilə qədər nail olunması gözlənilir. Bununla yanaşı, 240 milyard dollarlıq yeni hədəf müəyyən ediləcək. Bütün bunlar son illərin iqtisadi islahatları və investisiyaları sayəsində mümkün olub. Əminəm ki, bu il dost ölkə olan Özbəkistanın nə qədər davamlı və sürətlə inkişaf etdiyini nümayiş etdirən dönüş nöqtəsi olacaq”.
Qeyd etmək lazımdır ki, Prezident Şavkat Mirziyoyevin Ankaraya qarşıdakı səfərinin gündəliyində duran əsas məqamlardan biri Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak etməkdir ki, bu da iki ölkə arasında münasibətlərə yeni təkan verəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara