Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Dələduzluqda və qaçaqmalçılıqda təqsirləndirilən Elman Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra müdafiəçi çıxışında bildirib ki, iş üzrə iki şəxsə dəyən ziyan tam, digər şəxsə isə böyük qismi ödənilib. Qaçaqmalçılıq ittihamına isə bəraət verilməlidir. Vəkil müdafiə etdiyi şəxsin iki azyaşlı övladı olduğunu, ilk məhkumluğunun nəzərə alınmasını xahiş edib.
Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girib, Türkiyədən ölkəyə 782.349 manat dəyərində zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə gətirib. İstintaq müəyyən edib ki, təqsirləndirilən Elman Atakişiyev üç nəfərə qarşı dələduzluq edib. İş üzrə təqsirləndirilən digər şəxslərin işi ayrıca icraata verilib.