Türkiyədən kritik təşəbbüs: ABŞ İran dialoqu üçün yeni masa?

29.01.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Texniki və diplomatik baxımdan sammitin baş tutması mümkündür, lakin əsas həlledici faktor İranın razılığıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampa Ankara, Vaşinqton və Tehran arasında üçtərəfli sammit keçirmək təklifini şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Türkiyə Prezidentinin amerikalı həmkarına İranla bağlı üçtərəfli sammit təklifi bölgədə formalaşan yeni diplomatik dinamikanın göstəricisi kimi qiymətləndirilə bilər: 

"Burada əsas faktor Tehranın təklifə hansı reaksiya verməsidir. ABŞ-İran münasibətləri hazırda kifayət qədər gərgindir. Buna baxmayaraq, İran xarici işlər nazirinin Türkiyəyə planlaşdırılan səfəri və Ankara-Tehran xəttində intensiv təmaslar göstərir ki, Türkiyə bu təşəbbüs üçün diplomatik zəmin formalaşdırmağa çalışır. Ola bilsin ki, bu səfər fonunda da İranın təklifə münasibəti bəlli olacaq".


Müsahibimizin fikrincə, Trampın təklifə müsbət yanaşması Vaşinqtonun birbaşa olmasa da, alternativ diplomatik kanallara açıq olduğunu göstərir: 

"ABŞ üçün Türkiyənin vasitəçi rolu həm İranla birbaşa təmas risklərini azaltmaq, həm də regional gərginliyin idarəolunan səviyyədə saxlanılması baxımından faydalı görünə bilər".

Vüqar Zifəroğlu bununla yanaşı hesab edir ki, görüş baş tutarsa belə, ondan dərhal strateji razılaşmalar gözləmək real deyil:

"Bu daha çox gərginliyin artmasının qarşısının alınması, diplomatik dialoq kanallarının açıq saxlanılması baxımından əhəmiyyətli olacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib. Türkiyə mətbuatının yazdığına görə, Ərdoğan bu təklifi yanvarın 27-də ABŞ Prezidenti ilə telefon danışığı zamanı səsləndirib. O, ABŞ, İran və Türkiyə arasında videokonfrans formatında yüksək səviyyəli görüşün keçirilməsini təklif edib. Bildirilir ki, Tramp da Ərdoğanın təklifinə müsbət yanaşıb. 

Onu da qeyd edək ki, bu həftə İranın xarici işlər naziri Abbas Araqçinin Türkiyəyə səfəri gözlənilir. Onun Ankarada Türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparacağı bildirilir. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью