Türkiyəli alim Folklor İnstitutunda olub

19.11.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 noyabr, AZƏRTAC

Türkiyənin İnönü Universitetinin Türk Dili və Ədəbiyyatı Bölməsinin Türk Xalq Ədəbiyyatı kafedrasının müdiri Gülcan Kızılözen AMEA Folklor İnstitutunun qonağı olub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

İnstitutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyevlə görüşdə Azərbaycan folklorşünaslığının müasir tədqiqat istiqamətləri, milli folklor irsinin toplanması və öyrənilməsi, ənənəvi folklorun rəqəmsal kommunikasiya mühitində transformasiyası və internet folklorunun formalaşması məsələlərinə toxunulub. H.Quliyev Azərbaycan və Türkiyə folklorşünasları arasında elmi əməkdaşlığın genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb.

Gülcan Kızılözen Güney Azərbaycan folklorunun zənginliyindən, bu irsin toplanması və tədqiqi zamanı qarşıya çıxan metodoloji və təşkilati çətinliklərdən bəhs edib. Alim folklor materiallarının canlı daşıyıcılardan qeydə alınmasının, onların sosial-mədəni kontekstinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə, həmçinin türk xalqlarının folklor ənənələrinin müqayisəli-tipoloji tədqiqi, epik yaradıcılıq, mərasim folkloru və xalq inancları, ortaq mədəni yaddaşın öyrənilməsi istiqamətində elmi təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Qeyd edək ki, Gülcan Kızılözen Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələri çərçivəsində keçirilən “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfransda da iştirak edib. Elmi görüş Azərbaycan və Türkiyə folklorşünasları arasında əməkdaşlığın genişləndirilməsi və türk xalqlarının ortaq folklor irsinin qarşılıqlı öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью