Türkiyəli deputatlar azərbaycanlı həkimləri müdafiə etdilər VİDEO

16.07.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyədə çalışan xarici vətəndaş rezident həkimlərin əmək hüquqları ilə bağlı hazırlanan yeni qanun layihəsi müzakirələrə səbəb olub. 

Belə ki, Türkiyə Konstitusiya Məhkəməsi xarici vətəndaş rezident həkimlərin "döner sermaye" (əlavə ödəniş) hüququndan məhrum edilməsini hüquq pozuntusu kimi qiymətləndirsə də, 2 iyul 2026-cı il tarixində Türkiyə Böyük Millət Məclisinə təqdim olunan 2/3755 saylı qanun layihəsində həmin ödənişlə bağlı yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. 

Sözügedən dəyişiklik xüsusilə Türkiyədə təhsil alan və çalışan azərbaycanlı rezident həkimlər arasında ciddi narahatlıq yaradıb. 

"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı jurnalist, publisist İbrahim Nəbioğlu sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, məsələ Türkiyə Böyük Millət Məclisinin Təhsil komissiyasında müzakirə olunub: 

"Komissiyanın iclasında Türkiyə vətəndaşı olmayan asistan həkimlərin maliyyə hüquqları ilə bağlı ciddi etirazlar dilə gətirildi. Asistan həkimlərin mövqeyini müdafiə edənlər çıxışlarında bu həkimlərin Türkiyə vətəndaşı olan həmkarları ilə eyni xəstəxanalarda çalışır, eyni növbələri tutur, eyni xəstələrə baxır, eyni əməliyyatlarda iştirak edir və eyni tibbi məsuliyyəti daşıyırlar. 

Buna görə də yalnız vətəndaşlıq statusuna əsasən onların dövriyyə kapitalından verilən əlavə ödənişlərdən məhrum edilməsi bərabərlik və “eyni işə eyni əməkhaqqı” prinsiplərinə zidd hesab edildiyi dilə gətirildi. 

Çıxışlarda qeyd edildi ki, qanun layihəsi bu şəkildə qəbul edilərsə, azərbaycanlı övladlarımızın (digər bütün xarici vətəndaşların da) gəliri təxminən 17.900 Türkiyə lirəsi (təxminən 647 AZN) səviyyəsində qalacaq. 

Eyni işi görən türk asistanlar isə xaricilərdən ən az, nə də çox, düz 10 dəfə  daha çox pul alacaqlar".

Jurnalist qeyd edib ki, iki həkim arasında yalnız vətəndaşlığa görə bu qədər böyük gəlir fərqinin yaradılması həm hüquqi, həm də vicdani baxımdan qəbul edilməzdir: 

"Bunu müzakirələrdə iştirak edən bəzi çıxışçılar açıq şəkildə ifadə etdilər. Bu gün də qeyd etmək istəyirəm ki, başqa ölkələrin vətəndaşı olan asistan həkimlər ödəniş hüququnu hansısa bir güzəştlə deyil, məhkəməni udaraq, eləcə dəTürkiyə Cümhuriyyəti Konstitusiya Məhkəməsinin qərarı əsasında əldə ediblər. 

Ona görə də məhkəmə qərarı ilə qazandıqları hüququn yeni qanunla yenidən əllərindən alınmasını anlamaqda çətinlik çəkirəm. Maraqlıdır ki, türk həkimlər İngiltərə, Almaniya və digər ölkələrə getdikdə, aldıqları təqaüddən əlavə, çalışdıqları xəstəxanalarda yerli həkimlərlə eyni məvacib ala bilirlər. 

Türkiyəyə təhsil almağa və işləməyə gələn gələcəyin Uzman həkimlərinə belə fərqli və yad münasibət göstərilməsi ürəyimi ağrıdır. İşin ən düşündürücü tərəfi odur ki, asistan həkimlərimiz heç bir əlavə imtiyaz tələb etmirlər. Onların tələbi yalnız gördükləri real əməyin qarşılığıdır. 

Bütün bu hüquqi, vicdani və sosial arqumentlər komissiyada bəzi millətvəkilləri tərəfindən səsləndirildi. Lakin bütün bu çıxışlara baxmayaraq, təqdim olunan təkliflər komissiyada qəbul edilmədi. 

Maddənin dəyişdirilməsi və xarici vətəndaş asistan həkimlərin mövcud hüquqlarının qorunması ilə bağlı çağırışlar nəticəni dəyişmədi və qanun layihəsi komissiyadan keçdi". 

İ.Nəbioğlu vurğulayıb ki, ancaq proses bununla yekunlaşmır: 

"Azərbaycanlı asistan həkimlər həkimlərin hüquqlarının müdafiəsi məqsədilə Suriya dərnəyinin rəhbəri tərəfindən hazırlanan müraciət mətnini şəxsi məlumatları ilə dolduraraq aidiyyəti qurumlara təqdim ediblər. 

Məqsəd komissiyada qəbul edilməyən etirazların, həkimlərin yaşadığı real problemlərin və Konstitusiya Məhkəməsinin əvvəlki qərarının növbəti mərhələdə yenidən gündəmə gətirilməsidir. Ehtimal ki, qanun layihəsi önümüzdəki Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq. 

Onun aqibəti parlamentin ümumi iclasındakı səsvermədən sonra bəlli olacaq. Qəbul olunacağı təqdirdə qanun layihəsi Türkiyə Respublikası Prezidentinin təsdiqinə gedəcək. Nə qədər sorsam da, soraqlaşsam da bizim rəsmilərin – Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Milli Məclisin hansısa bir təşəbbüsü, hansısa bir addımı, hansısa bir nümayəndəsinin Ankaraya ezam edilməsi haqda heç bir məlumat öyrənə bilmədim. 

Azərbaycan tərəfin anlaşılmaz susqunluğunun əksinə, “Suriya Doktorlar Birliyi” adında bir təşkilat Türkiyə Böyük Millət Məclisində, Təhsil Komissiyasında və kulislərdə çalışmalar aparır, millət vəkillərini bilgiləndirir, bir çox instasiyada suriyalı həkimlərin haqq və hüquqları üçün mübarizə aparır. Bu parlaq övladlarımızın taleyinə, gələcəyinə nə üçün biganəyik? 

Ancaq xəstələnəndə yenə də onlara müraciət edəcəksiniz, unutmayın! Çalışın xəstələnməyin! TBMM Təhsil Komissiyasında qanun layihəsinə qarşı çıxan Bursa millət vəkili Kayıhan Pala, Mersin millət vəkili Perihan Kocanın və Suat Özçağdaş olub”.

Gülər Həsənli 
"Cebheinfo.az "

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью